Naxçıvan Muxtar Respublikasında içməli su və kanalizasiya sistemlərinin 2018-2019-cu illərin ­payız-qış mövsümünə dair hazırlığı və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən iclasda komitənin sədri Əsgər Əsgərov məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublika sakinlərinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Bu baxımdan içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır.
Təmiz su təminatı həyati zərurət olmaqla yanaşı, həm də bir yaşayış keyfiyyəti və mədəni səviyyə standartı kimi qəbul edilir. Odur ki, muxtar diyarımızda su təsərrüfatının inkişafı istiqamətində önəmli işlər görülür. Təsdiq edilmiş dövlət pro­qramlarına uyğun olaraq yeni su anbarları, magistral, şəbəkə və kanalizasiya xətləri, sutəmizləyici və çirkab sutəmizləyici qurğular tikilir. Artıq bir neçə ildir ki, paytaxt Naxçıvan şəhərində və muxtar respublikamızın əksər böyük yaşayış məntəqələrində həyata keçirilmiş içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş mühüm işlərin tərkib hissəsidir. Belə ki, son illərdə muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz rayonlarında daxili su və kanalizasiya şəbəkələrinin çəkilməsi, içməli su sayğaclarının quraşdırılması, sakinlərin ekoloji cəhətdən təmiz, fasiləsiz içməli su ilə təmin olunması, çirkab sularının kənarlaşdırılması üçün ana xətlərin yenilənməsi və digər tədbirlər əhali tərəfindən onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirilib. Çünki bu işlər muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunmasına, normal şəraitin yaradılmasına xidmət edir.

Komitə sədri bildirib ki, bu şəraitin qış aylarında da qorunub saxlanılması üçün payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflər müəyyənləşdirilməlidir. Belə ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi, bu sahənin ­payız-qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi material ehtiyatı ­yaradılmalıdır.
Su nasoslarının payız-qış mövsümündə normal işləməsi, əhalinin içməli su təminatında fasilələrə yol verilməməsi üçün sutəmizləyici avadanlıqların yerləşdiyi binaların qızdırılması, pəncərə və qapıların tələb olunan standartlara uyğunluğu təmin edilməlidir. İstər fərdi mənzillərdə, istərsə də çoxmərtəbəli yaşayış binalarında sayğacların və su xətlərinin donmaması üçün profilaktik tədbirlər görülməlidir.
Su şəbəkəsi üzərində yerləşən siyirtmələrə vaxtında baxış keçirilməli, yoxlanılmalı, lazım gələrsə, siyirtmə və siyirtmə quyularında təmir işləri aparılmalıdır.
Diqqətə çatdırılıb ki, Şahbuz və Culfa Şəhər Sutəmizləyici Qurğular komplekslərində, Babək və Şərur rayonlarının xlorlama binalarında istilik sistemlərinin, nososların və digər hidrotexniki qurğuların sazlığı yoxlanılmalı, ehtiyac olarsa, təmir işləri aparılmalı, su anbarlarının təmizliyinə diqqət yetirilməlidir.
“Payız-qış mövsümünə qədər mövcud kaptajlara, kəhrizlərə, sub­artezian quyularına nəzarət edilməli, suların keyfiyyəti yoxlanılmalı, təmizliyi sanitar-gigiyenik qaydalara uyğunlaşdırılmalı, su obyektlərindən düzgün istifadə edilməsi üçün maarifləndirici söhbətlər aparılmalıdır”, – deyən Əsgər Əsgərov vurğulayıb ki, vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərə əsasən yeni tikilən binalara içməli su və kanalizasiya xətlərinin çəkilməsi üçün yerli idarələr həmin ərazilərə baxış keçirməli və xətlərin tikintisi ­payız-qış mövsümünə qədər təmin edilməlidir.
Rayon Meliorasiya və Su Təsərrüfatı idarələri tərəfindən rayon mərkəzi və ətraf kəndlərdə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətlərin və hidrotexniki qurğuların yenidən bərpa edilməsi, subartezian quyularının təmir olunması, yeni su xətlərinin çəkilməsi, çəkilmiş su xətlərində təzyiqin normada saxlanılması, qəzalara yol verilməməsi və baş vermiş qəza hallarında onun dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməli, payız-qış mövsümünə hazırlıq işləri vaxtında sona çatdırılmalıdır. Habelə su nasoslarına baxış keçirilməli, havalar soyuduqda qış mövsümü üçün lazımi tədbirlər görülməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi