Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını nazir Niyazi Novruzov açaraq məruzə edib.
Bildirib ki, bütün sahələr kimi, səhiyyə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Naxçıvanda ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir. Cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra yeni avadanlıqlarla təchiz edilərək, Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyası, Culfa rayon Dizə kənd feldşer-mama məntəqəsi üçün binalar tikilərək istifadəyə verilib. Hazırda Şərur Rayon Uşaq Xəstəxanası, həmçinin İbadulla, Kərimbəyli, Qazançı, Aşağı Buzqov, Dəstə kənd həkim ambulatoriyaları, Kosacan və Yuxarı Buzqov feldşer-mama məntəqələri və Naxçıvan Tibb Kollecinin binalarında yenidənqurma və tikinti işləri davam etdirilir. Yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir.
Səhiyyə naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətlərinin təmin olunması, yaradılan müasir infrastrukturların qorunması və onlardan səmərəli istifadə edilməsi barədə bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün tibb müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə səhiyyə müəssisələrinin elektrik generatorlarının işlək vəziyyətdə olması və fövqəladə hallara hazırlığın səviyyəsi yoxlanılmalı, maarifləndirmə işləri aparılmalıdır.

2018-2019-cu illərin qış mövsümündə 80 tibbi müəssisə fərdi, 109 müəssisə isə mərkəzi istilik sistemləri ilə, 32 müəssisə neft sobası, 6 müəssisənin isə təbii qazla qızdırılacağını deyən nazir onu da qeyd edib ki, qışa hazırlıq məqsədilə bütün elektrik xətləri, transformatorlar, generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın səhiyyə müəssisələrində istilik sistemlərinə nəzarət edənlərin əksəriyyəti müvafiq sertifikatı olanlardır. Digərləri də sertifikat almaq üçün payız-qış mövsümünə qədər müvafiq kurslara cəlb ediləcəklər. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, tibb müəssisələrində elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparılacaqdır.
Vurğulanıb ki, əvvəllər tikilmiş binalarda yerləşən tibb müəssisələrində qış mövsümündə fasiləsiz iş rejimini qurmaq və vətəndaşlara daha yüksək səhiyyə xidməti göstərmək məqsədilə ehtiyac olan dizel yanacağının, şüşə, şifer və polietilenin miqdarı müəyyənləşdirilib və alınması üçün müraciət olunub.
Səhiyyə naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında səhiyyə müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı digər tədbirlərin də davam etdirildiyini bildirib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

*  *  *

Naxçıvan Muxtar Respublikası gənc­lər və idman naziri Azad Cabbarov nazirlikdə payız-qış mövsümünə hazırlıq və qarşıda duran məsələlərin müzakirəsi ilə əlaqədar keçirilən iclası açaraq mövsümlə bağlı görülmüş və görüləcək tədbirlərdən danışıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir idman infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə edilməsi barədə bir sıra tapşırıqlar verilib.
Vurğulanıb ki, muxtar respublikada idman sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Keçirilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik tərəfindən idman müəssisələrinin fasiləsiz fəaliyyətlərinin təmin olunması, elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istehlak olunan qaz və enerji haqlarının vaxtında ödənilməsi daim diqqətdə saxlanılmalıdır. Buna görə də nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri, həmçinin idman müəssisə və obyektlərinin, olimpiya-idman komplekslərinin, Uşaq-gənclər idman məktəblərinin üzərinə bir sıra mühüm vəzifələr düşür.
Qeyd edilib ki, 2018-2019-cu illərin payız-qış mövsümündə İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Şərur Olimpiya-İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbi və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində yeniyetmə və gənclərin idmanla müntəzəm məşğul olması və kütləvi idman tədbirlərinin keçirilməsi üçün istilik, elektrik sistemi və su təchizatına nəzarət gücləndiriləcəkdir. Həmçinin idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərinin aparılması və idmançıların tibbi müayinədən keçirilməsi nəzarətdə saxlanılacaqdır.
Vurğulanıb ki, payız-qış mövsümündə elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərdən düzgün istifadə olunması, israfçılığa yol verilməməsi təmin ediləcək. Təsərrüfathesablı idman müəssisələrindən əldə olunmuş gəlirlərdən elektrik enerjisi, qaz xidməti haqlarının ödənilməsində istifadə ediləcək, bu istiqamətdə nöqsanlara yol verilməməsinə ciddi diqqət yetiriləcəkdir.
Payız-qış mövsümünə hazırlıq tədbirlərinin davamı olaraq əsas məsələsi kimi nazirliyin, o cümlədən tabe təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunacaq. Gözətçilər və ocaqçılar müvafiq olaraq təlimatlandırılacaqlar.
Bildirilib ki, nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrinin yeniyetmə və gənclərin payız­-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün yaradılmış şəraitdən düzgün istifadəyə nəzarət artırılacaqdır. Bu dövr ərzində əlaqədar təşkilatlarla əməkdaşlıq möhkəmləndiriləcək, tədbirlərə aidiyyəti təşkilatların nümayəndələri dəvət ediləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

*   *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. İclası xidmətin rəisi Vəli Novruzov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, xidmət və onun strukturları tərəfindən hər il payız-qış mövsümü ilə əlaqədar olaraq mal-qaranın, ev quşlarının, arı ailələrinin xəstəliklərdən qorunması, zoobaytar qaydalar əsasında yemləndirilməsi, saxlanılma şəraiti və digər tədbirlər barəsində sahibkarlar arasında maarifləndirici söhbətlər təşkil olunur, onlara zəruri məlumat və məsləhətlər verilir.
Vurğulanıb ki, muxtar respublikada quşçuluğun inkişaf etdirilməsi məqsədi ilə bu sahə üzrə fəaliyyət göstərən sahibkarlara müvafiq yerlərdə dezinfeksiya, dezinseksiya işlərinin vaxtında həyata keçirilməsi tövsiyə edilir. Göstərilən dövlət dəstəyi sayəsində inkişaf edən arıçılıqla məşğul olan sahibkarlara lazımi məlumatlar verilir, arıların kifayət qədər keyfiyyətli yem ehtiyatı ilə təmin olunması, qışlama dövrü açıq havada arı pətəklərinin külək tutmayan yerdə saxlanılması, istifadə olunan alətlərin dezinfeksiya olunması, arı dərmanlarının parazitlərə və infeksiyalara qarşı işlədilmə qaydaları izah edilir. Qeyd olunan tədbirlər bundan sonra da davam ­etdirilməlidir.
Payız-qış mövsümündə ev heyvanlarının sağlamlığının qorunması, infeksion və parazitar xəstəliklərə yoluxmasının qarşısının alınmasında dezinfeksiya, dezinseksiya və dezakarizasiya tədbirlərinin vaxtında yerinə yetirilməsi əsas vəzifələr kimi qarşıda durur. Dezinfeksiya məqsədilə Zoobaytar Təchizat İdarəsi tərəfindən formalin dezinfeksiya maddəsi gətirilərək şəhər və rayon baytarlıq idarələrinə verilib.
Bildirilib ki, kənd təsərrüfatı heyvanlarının payız-qış mövsümündə müxtəlif xəstəliklərə tutulmasının qarşısının alınmasında peyvənd­ləmə tədbirlərinin aparılması da əhəmiyyət kəsb edir. Yayılması ehtimal olunan xəstəliklərin qarşısının alınması məqsədilə Zoobaytar Təchizat İdarəsinin anbarlarında lazımi dərman preparatları ehtiyatı saxlanılır. Bundan başqa, əlavə olaraq yeni dərman və vaksinlərin gətirilməsi istiqamətində də işlər davam etdirilir ki, bu da muxtar respublikada payız-qış mövsümü üçün kifayət qədər dərman ehtiyatı yaradılmasına öz müsbət təsirini göstərəcəkdir.
Xidmət rəisi onu da vurğulayıb ki, “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq payız-qış mövsümünə hazırlıqla əlaqədar iribuynuzlu heyvanlardan müxtəlif yoluxucu xəstəliklərin təyin edilməsi üçün götürülmüş analizlərin laborator yoxlamalarının, həmin xəstəliklərin qarşısının alınması üçün vaksinasiyaların, peyvəndlərin aparılması bundan sonra da davam etdirilməlidir. Dövlət Baytarlıq Xidməti və strukturuna daxil olan rayon və şəhər baytarlıq idarələri sahibkarlarla daha sıx əlaqələr qurmalı, görüşlər keçirməli, maarifləndirici tədbirləri daha da gücləndirməli, tədbirlər planına uyğun olaraq bütün işlər vaxtlı-vaxtında yerinə yetirilməli, baytarlıq məntəqələrinə bölünmüş vaksin və biopreparatlardan təlimata uyğun istifadə edilməlidir.

Xəbərlər şöbəsi