Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk milli sərhəd qurumları yaradılmışdır.
Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulmuşdur. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah və sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olunmuşdur. 1992-ci il avqust ayının 22-də Naxçıvandakı 41-ci Sərhəd Dəstəsi Azərbaycanın tabeliyinə keçmiş və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunmuş, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilmiş, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilmişdir.

Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirmişdir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. Ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imza­lamış, normativ-hüquqi baza təkmilləşdirilmişdir. Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşlarının artırılması, xidmətdə fərqlənənlərin orden və medallarla təltif edilməsi sərhədçilərdə böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur. Göstərilən qayğı nəticəsində dövlət sərhədlərimizin daha da etibarlı şəkildə qorunması, hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatı sahəsində tədbirlər görülmüş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturları yaradılmışdır. Ali Baş Komandan sərhədlərin qorunmasının əhəmiyyətini bildirərək demişdir: “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”.
Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci ildə isə Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmışdır. Muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu gün muxtar respublikanın sərhəd zastavaları müasir sərhəd strukturlarına malikdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Əlahiddə Sərhəd Diviziyasının qərargahı, xəstəxanası, hamam-camaşırxana kompleksi yenidən qurulmuş, çörəkbişirmə sexi tikilib istifadəyə verilmişdir. Bundan başqa, Şərur və Culfa sərhəd komendantlıqları yenidən qurulmuş, ən müasir tələblərə uyğun sərhəd zastavaları tikilmişdir. Həmçinin Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri görülmüş, avtomobil parkında təmir emalatxanaları, avtomobillərin saxlanılması üçün yeni saxlanclar, qarovul və qazanxana binaları tikilmişdir. Bununla yanaşı, sərhədçi ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində 72 yerlik müasir tələblərə cavab verən uşaq bağçası tikilmiş, 2 yaşayış binası yenidən qurulmuş, mərkəzləşmiş istilik sistemi yaradılmış, sərhədçi ailələri üçün istirahət parkı salınmışdır. 2018-ci ilin ötən dövr­ündə isə ölkə Prezidentinin iştirakı ilə Qaraçuq kəndində sərhəd dəstəsi üçün tikilmiş yeni xidmət kompleksi istifadəyə verilmişdir.
Muxtar respublikada sərhədçilərin peşəkarlıq səviyyəsinin artırılması, kadr və texniki potensialının gücləndirilməsi məqsədilə də kompleks tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbov demişdir: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik mad-dələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti göstərilən qayğı və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da Naxçıvan Muxtar Respublikası sərhədlərinin etibarlı mühafizəsi istiqamətdə qüvvə və bacarığını əsirgəməyəcək.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası