Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində ­payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən ümumi yığıncağı xidmətin rəisi Əli Hüseynəliyev açaraq məruzə edib. Bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Dövlət Nəqliyyat Xidməti qarşısında da mühüm vəzifələr qoyulub. Verilmiş tapşırıqların icrası ilə əlaqədar ilkin olaraq ucqar dağ və sərhəd kəndlərinə işləyən marşrut avtobuslarının texniki müayinədən keçirilməsinə start verilib. Bu məqsədlə xidmətin payız-qış mövsümünə hazırlıq komissiyası bölgələrdə olub, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibləri ilə əlaqə saxlayıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara köməklik göstərilib.
Qeyd olunub ki, avqust ayı ərzində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikro­avtobusların texniki müayinəsi keçirilib, 301 avtobus qeydiyyata alınıb. Onlardan 234-ü saz vəziyyətdə olub, 54-nə nasazlıqları aradan qaldırmaq üçün vaxt verilib, 13-ü isə əsaslı təmir üçün dayandırılıb.

Diqqətə çatdırılıb ki, muxtar respublikada fəaliyyət göstərən 496 taksidən 200-ü Naxçıvan şəhərində, 70-i Şərur, 60-ı Babək, 23-ü Ordubad, 60-ı Culfa, 26-sı Kəngərli, 27-si Şahbuz, 7-si Sədərək rayonlarında işləyir.
Vurğulanıb ki, avtovağzalların payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılır, şəhərlər­arası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki bir daha təkmilləşdirilir. Həmçinin istilik sistemlərinin yoxlanılaraq işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür. Belə ki, 16-21 avqust tarixlərində Şahbuz, Culfa, Ordubad və Naxçıvan avtovağzallarında istilik sistemləri yoxlanılıb, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilib.
Bildirilib ki, şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyəti təmin edilməli, 2018-2019-cu illərin payız-qış mövsümünü uğurla başa vurmaq üçün bütün tədbirlər vaxtında həyata keçirilməlidir. Maşınların texniki sazlığı yoxlanılaraq nasaz hissələri dəyişdirilməli, qışda tam gücü ilə işləmələri üçün hazır vəziyyətə gətirilməlidir. Xidmətin əməkdaşları mütəmadi olaraq sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət qrafikinə nəzarət etməli, sürücülərin geyim formasına, axşam saatlarında şəhərdaxili marşrutların işinin daha səmərəli qurulmasına, avtobuslararası intervalın gözlənilməsinə diqqəti artırmalıdırlar. Həmçinin taksi sürücülərinin aid olduğu zonada fəaliyyət göstərməsi üçün onlarla mütəmadi söhbətlər aparılmalı, geyim formasına, istifadə etdiyi avtomobilin təmizliyinə, sərnişinlərlə rəftarına, tarif qiymətlərinə ciddi nəzarət edilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.

 Nail ƏSGƏROV