Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan Muxtar Respublikasının məhkəmə orqanları uzun və şərəfli bir tarixi inkişaf yolu keçmişdir. Bu yol Naxçıvan Muxtar Respublikasının, bütövlükdə isə Azərbaycanın hüquq tarixi ilə bağlı olub ölkəmizin və muxtar respublikamızın keçdiyi çox mürəkkəb və əlamətdar tarixi hadisələrlə zəngin bir dövrü özündə təcəssüm etdirir. Naxçıvanın məhkəmə tarixinin müxtəlif şərait və dövrlərə aid konkret fakt və materialların təhlil olunaraq ümumiləşdirilməsi əsasında öyrənilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında hazırlanan Naxçıvanın məhkəmə tarixinə həsr olunmuş “Naxçıvanın məhkəmə tarixi” adlı kitab bu mərama xidmət edən dəyərli tədqiqat əsəridir. Giriş, beş fəsil və əlavələrdən ibarət olan kitab 280 səhifədir və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub.
Müəlliflər müxtəlif dövrlərdə məhkəmələr haqqında qüvvədə olmuş qanunvericilik aktlarını və məhkəmə təcrübəsini təhlil edərək, VII əsrdən bu günədək bəşər sivilizasiyasının qədim məskənlərindən olan Naxçıvanda məhkəmə orqanlarının yaranması və onların fəaliyyət dairəsinin əsas prinsiplərini tədqiq ediblər.
Kitab müxtəlif arxiv sənədləri, dövri mətbu materiallar, mövcud elmi ədəbiyyatlar əsasında hazırlanıb. Onun yazılmasında, həmçinin görkəmli Azərbaycan tarixçilərinin, ərəb və farsdilli müəlliflərin əsərləri, avropalı alimlərin və səyyahların gündəlikləri, qeydləri və məlumatları, habelə rəsmi internet resurslarından mənbə kimi istifadə olunub.

“Orta əsrlər dövründə Naxçıvanın tarixi” adlı I fəsildə VII-XV və XVI-XVII əsrlərdə Naxçıvanda məhkəmə orqanları və onların fəaliyyətləri araşdırılaraq bu barədə məlumat verilir. II fəsil “XVIII-XIX əsrlərdə Naxçıvanın məhkəmə tarixi” adlanır. Bu fəsildə XVIII əsrin əvvəllərində Osmanlı imperiyasının tərkibinə daxil olmuş “Naxçıvan sancağı” adlı inzibati ərazi bölgüsü tətbiq olunan bölgədə, həmçinin Naxçıvan xanlığı dövründə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı tarixi materiallar təhlil olunub. Bu fəsildə çar Rusiyası dövründə Naxçıvanda fəaliyyət göstərən məhkəmələr, onların baxdıqları işlər və həmin işlərə dair statistik göstəricilər, bu dövrdə məhkəmələrdə işlərə baxılmasının və məhkəmə qərarlarının icrasının ciddi çatışmazlıqlarından söhbət açılır. Kitabın III fəsli “XX əsrin əvvəllərində Naxçıvanda məhkəmə orqanları”na həsr edilib. Bu fəsildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, xüsusilə də Araz-Türk Respublikası zamanında Naxçıvanda məhkəmələrin tarixinə nəzər salınır. Burada məhkəmə hakimi və üzvlərinin adları çəkilir, eyni zamanda XX əsrin əvvəllərində bölgədə İslam hüququnun böyük önəm daşımasına, müəyyən mübahisəli problemlərin həllində ədalət mühakiməsinin şəriət qaydaları əsasında həyata keçirilməsi məsələsinə toxunulur. Həmin fəsildə, həmçinin ingilislərin ermənipərəst siyasətinə və erməni daşnaklarına qarşı Azərbaycan hökuməti və Naxçıvan rəhbərliyinin, yerli əhalinin apardığı gərgin və şərəfli mübarizələrdən də bəhs olunur. IV fəsildə “Sovet hakimiyyəti illərində Naxçıvanda məhkəmə quruluşu” tədqiq olunmuşdur. Bu fəsildə Naxçıvanda 1920-1930-cu illərdə sovet məhkəmə sisteminin formalaşdırılmasından danışılır, Naxçıvan MSSR-in məhkəmə sistemi Azərbaycan SSR və Naxçıvan MSSR-in 1937-ci il tarixli konstitusiyaları müstəvisində təhlil edilir. Naxçıvan MSSR-in məhkəmə sistemi tədqiqata cəlb olunur.
“Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətinin təşkili” adlanan ­ V fəsil iki paraqrafdan ibarətdir. Adıçəkilən fəsildə 1991-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətinin təşkili də araşdırılır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə məhkəmə hakimiyyəti sahəsində bünövrəsi qoyulmuş köklü islahatlardan söhbət açılaraq qeyd olunur ki, ümummilli liderimizin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında ölkəmizdə məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi müəyyən olunub. Konstitusiyanın 125-133-cü maddələrinin təhlili əsasında yazılan 7-ci fəsil, bütövlükdə, məhkəmə hakimiyyətinə həsr edilib. Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətinin statusu, muxtar respublikada fəaliyyət göstərən bütün məhkəmələrin ərazi yurisdiksiyaları və səlahiyyətlərindən geniş şəkildə söhbət açılan bu fəsildə görkəmli dövlət xadimi Heydər Əliyevin bütün ölkə ərazisini əhatə edən geniş diapazonlu məhkəmə-hüquq islahatları bütün təfərrüatı ilə tədqiq olunub. Həmin fəsildə müasir dövrümüzdə, daha dəqiq desək, 2003-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətinin təşkilindən də bəhs olunur. Bu dövrü Azərbaycan Respublikasının məhkəmə sisteminin müasirləşdirilməsi mərhələsi hesab etmək olar ki, məhz bu illərdə məhkəmələrin işinin təkmilləşdirilməsi və onların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ölkəmizdə genişmiqyaslı məhkəmə­-hüquq islahatları həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi və demoqrafik inkişaf hüquq institutlarının təkmilləşdirilməsini, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsini zəruri etdiyindən bu istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı il 2 noyabr tarixdə “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərman imzalanıb. Ümumilikdə, 2003-cü ildən indiki dövrədək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ­rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikamızda fəaliyyət göstərən məhkəmələrin strukturunun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mütərəqqi islahatlar bu fəsildə geniş şəkildə işıqlandırılıb.
Oxucuda aydın təsəvvür formalaşdırmaq məqsədilə kitaba əlavə edilən fotoarxiv Naxçıvanda məhkəmə orqanlarının keçdiyi uzun və şərəfli bir tarixi inkişaf yoluna vizual nəzər salmağa imkan verir.
Kitaba daxil edilmiş digər əlavələrdə isə Naxçıvan Muxtar Respublikasında məhkəmə orqanlarının fəaliyyətinə dair bir sıra normativ sənədlər verilib.
Yeni nəşrdə, bütövlükdə, Naxçıvanın məhkəmə orqanlarının keçdiyi uzun və şərəfli yolun geniş şəkildə, mənbələrə istinad edərək faktlar əsasında tədqiq edilməsi məqsədinə uğurla nail olunub.
Kitab məhkəmə və hüquq-­mühafizə orqanlarının işçiləri, hüquqşünaslar, elmi işçilər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, habelə Naxçıvanın məhkəmə orqanlarının tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti