Doğma torpaq, yaşı minilliklərlə ölçülən qədim tarix, gözəl mənzərələr məkanı Naxçıvan... Tanrı bu diyarın hər qarışına sığal çəkib, insan əli onu başdan-başa abadlaşdırıb, müasirləşdirib. Məhz buna görədir ki, muxtar respublika özünün yüksəlişi ilə müstəqil ölkə­mizin inkişaf tarixində ən parlaq yeri tutur. Ötən illərlə müqayisədə bölgələrimizin inkişafı fonunda bu fərqi Babək rayonunun timsalında da görə bilərik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamında ­deyildiyi kimi: “Rayonda həyata keçirilən infrastruktur tədbirləri, ətraf mühitin qorunması, əhali məşğulluğunun təmin olunması demo­qrafik vəziyyətə də öz təsirini göstərmiş, rayon əhalisinin sayı 1978-ci illə müqayisədə 2018-ci ildə iki dəfəyə yaxın artaraq 75 min nəfər olmuşdur”. 

Babək rayonunun inkişafdan pay alan, müasirləşən kəndlərindən biri də Nehrəmdir. Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Nehrəm özünün müasirliyi ilə ilk baxışdan insanın diqqətini cəlb edir. Aydın görünür ki, dünəni və bu günü arasında ölçüyəgəlməz fərq yaranan Nehrəm dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Burada yeni iş yerləri açılıb, tarixi-mədəni abidələr bərpa edilib, yeni fərdi evlər tikilib.

Tədqiqatçıların “Naxçıvan”, “Nuhçıxan”, “Nehrəm”, “Nəhəcir” kimi adları bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərlə əlaqələndirmələri bu kəndin də tarixinin qədim dövrlərə gedib çıxdığını sübut edir. Yaşayış məntəqəsinin ­sakinləri hər zaman tarixi köklərə, milli dəyərlərə, dövlətçiliyə bağlı­lıqları, vətən­pərvərlikləri ilə seçiliblər. Hələ ötən əsrin əvvəllərində kənd sakinləri daşnak Andronikin quldur dəstələrinə qarşı böyük qəhrəmanlıqla vuruşub inamla müdafiə olunublar. 1941-1945-ci illər müharibəsində şücaət göstərən nehrəmlilərin də sayı az olmayıb. Həmin dövrdə müharibəyə gedənlərdən 244 sakin geri qayıtmayıb. 1988-ci ildə mənfur ermənilərin əsassız torpaq iddiaları ucbatından başlanan məlum hadisələr dövründə isə bu kəndin 10 gənci ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Kəndin mərkəzində İkinci Dünya müharibəsində həlak olanların ruhuna ehtiram olaraq abidə ucaldılıb, burada şəhid oğulların büstü qoyulub. Ümummilli liderimiz Heydər Əliyev 1999-cu il oktyabrın 13-də Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında söylədiyi nitqdə Nehrəm və nehrəmlilər barədə belə deyib: “Bu kənd qeyrətli insanlar kəndidir. Mən o kəndi həmişə sevmişəm və xatirimdədir. Orada qəhrəman insanlar yaşayıblar. Bu kəndin xüsusi bir mühiti var”.
Ötən əsin 90-cı illəri də Nehrəm kəndinin tarixindən qızıl xətlə keçir. Ulu öndərimiz muxtar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün üzərinə götürdüyü xilaskarlıq missiyasını yerinə yetirməyə başlayarkən nehrəmlilər də görkəmli dövlət xadiminə dəstək olub, onun deputatlığa namizədliyi də elə bu kənddən irəli sürülüb. Həmin illərdə üçrəngli bayrağımız ulu öndərin təşəbbüsü ilə Naxçıvanda yenidən dalğalandırılıb. Ötən il avqust ayının 5-də kənddə istifadəyə verilən ­Heydər Parkının mərkəzində bu gün əzəmətlə dalğalanan bayraq da o illəri xatırladır. Bu gün nehrəmlilərin ən çox üz tutduqları bir məkana çevrilən həmin parkın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbov deyib: “Bu gün açılışı olan Heydər Parkı kənddə həyata keçirilən quruculuq tədbirlərinin davamıdır. Müasir sosial obyektlər və yaradılan infrastruktur imkan verir ki, Nehrəm kəndi daha da inkişaf etsin. Bütün bunlar isə insanlarda dövlətə inam yaradır, onların rahat yaşayışına xidmət edir. Heydər Parkında istirahət edənlər də 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Nehrəm kənd sakinləri ilə görüşlərini xatırlayacaq, o çətin və tarixi günləri bir daha yada salacaqlar”.
Məlumat üçün bildirək ki, parkın ümumi sahəsi 8 min 515 kvadratmetrdir. Park üçün giriş qapısı tikilib, ərazi dekorativ metal çəpərlə hasarlanıb, müasir işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb və oturacaqlar qoyulub.
Heydər Əliyev quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində istifadəyə verilən sosial obyektlər, yaradılan müasir yol infrastrukturu, kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması kənddə məskunlaşmanı daha da artırıb, əhalinin rifahı xeyli yaxşılaşıb. Burada elmin, təhsilin inkişafı ilə yanaşı, dini-mənəvi dəyərlərimizə də hər zaman böyük hörmətlə yanaşılıb. Tarixi-mədəni irsimizin yaşadıldığı kənddə dövlətimiz tərəfindən min illərin tarixi abidələri bərpa edilərək gələcək nəsillərə çatdırılır. Kənddə bu gün dindarlar üçün lazımi şərait yaradılıb. Bu sahədə görülən işlərin davamı olaraq nehrəmlilərin ən çox üz tutduqları ünvanlardan olan XVIII əsrə aid memarlıq abidəsi İmamzadə bərpa edilərək bu il aprelin 14-də istifadəyə verilib.
Nehrəm İmamzadəsi İslam müqəddəsləri ilə əlaqədar yaradılmış memarlıq nümunələrindəndir. Burada yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub. Aşağı hissəsi kvadrat şəklində olan abidənin tavanı tağvarı günbəzlə örtülüb. Abidə türbə, məscid, təkyə və yardımçı binalardan ibarətdir. Bərpa işləri aparılarkən türk-islam memarlıq elementlərindən istifadə olunub, İmamzadənin tarixi görkəmi qorunub saxlanılıb.
Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq kənddə 2016-cı il noyabrın 11-də istifadəyə verilən yeni məscid müasir Şərq memarlıq incisi kimi diqqəti cəlb edir. Məscid öz möhtəşəmliyi ilə görənləri heyrətə salır. Sahəsi 830 kvadratmetr olan ibadət yeri zal və minarədən ibarətdir. Məscidin daxili milli və dini ornamentlərlə, naxışlarla bəzədilib, divarlara “Qurani-Kərim”dən ayələr həkk olunub. Burada 570 nəfərin eyni vaxtda ibadət edə bilməsi üçün lazımi şərait yaradılıb. Məsciddə həmsöhbət olduğumuz Babək Rayon Dini İcmasının sədri Şahin İsmayılov bildirdi ki, hər məhəllənin öz məscidi olmaqla, ümumilikdə, Nehrəmdə 7 məscid vardır. Ziyarətgahlarımıza, ibadət yerlərinə dövlətimizin göstərdiyi diqqət və qayğı hər bir sakin tərəfindən rəğbətlə qarşılanır. Onun sözlərinə görə, kənddə tikilən müasir mərasim evlərində yaradılan şərait insanların rahatlığına xidmət edir.

Nehrəm tarixən həm də ziyalılar yurdu kimi tanınır. Bu kənddə maarif işığı yandıranlardan biri də böyük mütəfəkkir Cəlil Məmmədquluzadə olub. Kənddə 1885-ci ildə açılan ilk dünyəvi məktəbdə böyük yazıçı və dramaturq 1890-cı ildən 1897-ci ilə qədər müəllim və nəzarətçi işləyib. Bəzi mənbələrdə qeyd olunur ki, o, Nehrəm məktəbində fəaliyyətə başladığı vaxt burada 26 şagird təhsil alırdı. Cəlil Məmmədquluzadə qısa müddətdə şagirdlərinin sayını 40 nəfərə çatdırıb. Mirzə Cəlilin xalqımız üçün ən böyük xidmətlərindən biri də o olub ki, qızları da təhsilə cəlb edə bilib. Böyük çətinliklər bahasına 1893-cü ildə 8 nəfər qıza, o cümlədən bacısı Səkinə Məmmədquliyevaya Nehrəm məktəbində ayrıca sinif yaradaraq dərs deyib. Ədəbiyyatımızın milli sərvətinə çevrilən əsərlərinin bəzilərini burada qələmə alıb. Azərbaycanda ilk muzeyin yaradıcısı da Mirzə Cəlildir və bu muzeyi yazıçı Nehrəm məktəbində çalışarkən yaradıb. Bu barədə akademik İsa Həbibbəyli yazır: “Cəlil Məmmədquluzadə, Azərbaycanda birinci dəfə olaraq 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur”.
Azərbaycan ədəbiyyatının korifey sənətkarlarından olan Cəlil Məmməd­quluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyi bu gün nehrəmlilərin qürur ünvanıdır. Kənd adamları qürur hissi keçirirlər ki, yazıçı-dramaturq, ictimai xadim, ustad Mirzə Cəlil Nehrəmdə ilk məktəbin yaradıcılarındandır. Bu gün həmin məktəbin yerində fəaliyyət göstərən görkəmli yazıçının Xatirə Muzeyində böyük yazıçı-publisistin xatirə şəkli, ədibin kitabları və müxtəlif eksponatlar saxlanılır. Görkəmli dramaturqun qızı Münəvvər xanım da uzun illər burada müəllimlik edib, maarifçiliklə məşğul olub.
Bu kənddə doğulan, ilk təhsilini burada alan, bu gün səsi respublikamızın hüdudlarını aşan 50-dən çox alimin vətəni kimi tanınan Nehrəmdə 3 tam orta məktəbdə uşaqlara elmlərin ilkin sirləri öyrədilir. Elektron lövhələr, internetə qoşulan kompüterlər, zəngin fənn kabinələri yaradılan məktəblərdə təhsilin yüksək səviyyədə qurulması üçün hərtərəfli şərait var. Kənddə fəaliyyət göstərən uşaq musiqi məktəbi də Azərbaycan musiqi mədəniyyətinə istedadlı yetirmələr bəxş edir. Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov, muğam müsabiqəsinin laureatı Sərxan Bünyadzadə də bu məktəbin yetirmələri olublar.
Nehrəm kəndində insanların sağlamlığı da diqqət mərkəzində saxlanılır. Son illərdə yenidən qurulan kənd xəstəxanasının ərazisi 2400 kvadratmetrdir. İkimərtəbəli 20 çarpayılıq xəstəxana 3 korpusdan ibarətdir. Ən müasir tibbi avadanlıqlarla təchiz olunan tibb müəssisəsi təkcə nehrəmlilərin deyil, ətraf kəndlərin sakinlərinin də sağlamlığının keşiyində dayanır.
Muxtar respublikada nehrəmliləri torpağa bağlı insanlar kimi tanıyırlar. Onlar hələ sovet dönəmində zəhmətkeş olduqlarını sübut ediblər, torpaqdan heç vaxt üz çevirməyib, güzəranlarını bu qiymətli sərvət hesabına qurublar. Tarixən Nehrəmdə əsas təsərrüfat sahələrindən sayılan üzümçülük, bostançılıq, taxılçılıq, heyvandarlıq bu gün də inkişaf etdirilir. Kəndin ərazisinin çox hissəsi taxıl zəmiləri ilə əhatə olunub. Burada diqqət göstərilən təsərrüfat sahələrindən biri də üzümçülükdür. Nehrəm üzümü vaxtilə sərgilərdə mükafatlara layiq görülüb. Bu gün Nehrəm üzümünün şöhrəti özünə qaytarılmağa çalışılır. 2015-ci ildə kənddə yaradılan muxtar respublikanın ən böyük üzümçülük təsərrüfatında 20-yə yaxın üzüm sortu yetişdirilir.

Yaxşı yaşamağın sirrini çox çalışmaqda, yeniliklərə can atmaqda görən nehrəmlilər milli dəyərlərimizə bağlılıq, dinimizə ehtiram, müstəqil dövlətimizin inkişafı naminə çalışmaqla dövlətçiliyə sədaqətlə xidmət edirlər. Bu keçmişdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq...

 Güntac ŞAHMƏMMƏDLİ