Əzəmətli dağlara, sərin bulaqlara, gözəl meşələrə, gur çaylara, münbit torpağa malik olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 25 il bundan əvvəl, 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın bu dilbər guşəsinin işğala məruz qalması Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, “dənizdən-dənizə böyük Ermənistan” yaradılması barədə xəyalpərəst daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm çar Rusiyasının, həm də sovet rejiminin çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılıb, erməni işğalçıları Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya hücum edib, kəndlər yandırılıb, talan edilib, dinc əhaliyə divan tutulub.

Strateji əhəmiyyət daşıyan, daim düşmən hədəfində olan Qubadlı və sonadək aparılan mübarizə

Proseslərin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, Qubadlı, əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlılıların dədə-baba torpaqları olan Vəli düzü, Güllü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi, əslində, münaqişənin örtülü olsa da, bünövrəsini qoymuşdu.

Qubadlı münaqişənin işartılarının göründüyü ilk günlərdən qaynar hadisələrin mərkəzində idi. 1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Dədə-baba torpaqlarımız olan Sisyandan, Qafandan, Gorusdan zorla çıxarılan azərbaycanlıların bir qismini Qubadlı qəbul etdi.
Rayon Dağlıq Qarabağla Ermənistan arasında yerləşdiyinə görə strateji əhəmiyyət daşıyırdı. Bunu başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirdilər. Onlar Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər.
1989-cu ilin sentyabr ayında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşdığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.
Bu yurd yeri Ermənistanla 120 kilometr məsafədə həmsərhəddir. Ermənilər sərhəddə yerləşən Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə hücum edir, yaşayış məntəqələri atəşə tutulurdu. 1989-cu ilin axırlarında rayonda vəziyyət son dərəcə ağırlaşdı. Düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, düşmən hücumlarına mərdliklə müqavimət göstərirdilər. 1993-cü ilin yayında Əliquluuşağı kəndi istiqamətində bir gündə 3 düşmən vertolyotunun vurulması və sonradan onlardan birinin qənimət kimi Müdafiə Nazirliyinə verilməsi buna sübutdur. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri belə, çatmırdı. Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali ayağa qalxsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla almaq mümkün deyildi.
Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsində idi. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın istiqamətlərindən hücumlar olurdu. Qubadlılılar doğma torpaqlarını işğal etmək istəyən ermənilərə qarşı mərdliklə vuruşurdular. Lakin məğlub olmaq istəməyən sakinlər qeyri-bərabər döyüşdə rayonu tərk etmək məcburiyyətində qaldılar.
1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil oldular. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlı işğal olundu.
Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Qarabağ müharibəsində isə Qubadlı, ümumilikdə, 238 şəhid verib, 146 nəfər əlil olub. Bu gün qubadlılılar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Əliyar Əliyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Kərəm Mirzəyev, Vasili Əliyevlə fəxr edirlər.

Azərbaycan Qubadlını itirməklə iqtisadi, mədəni, tarixi, ekoloji itkilərlə üz-üzə qaldı

Rayonun işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb viran qoyublar.
Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Belə ki, rayonun Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki abidələr öz tarixi əhəmiyyətləri ilə seçilir. Bu gün onların hamısı düşmən tapdağı altında qalıb.
Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən dağıdılıb məhv edildi.
İşğaldan bir az sonra – 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 874 saylı qətnamə ilə təcavüzkardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb və bu gün də rəsmi İrəvan beynəlxalq hüquq normalarını ayaqlar altına alır, işğalçılıq siyasətini davam etdirir.

Ötən hər gün bizi Qubadlının azad olunacağı günə daha da yaxınlaşdırır

25 ildir ki, rayonun 30 mindən çox əhalisi ölkəmizin 47 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır. Lakin onlar öz doğma yurd-yuvalarına qayıdacaqlarına ümidlərini itirməyiblər. Çünki ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb, Ermənistan isə bütün sahələrdə iflasa uğrayıb, ordusu çöküb.
Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu inamı daha da artırır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, biz heç vaxt öz ərazi bütövlüyümüzün pozulması faktı ilə barışmayacağıq və istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. İndi keçən hər gün bizi torpaqlarımızın azad olunacağı günə – Böyük Qələbəyə daha da yaxınlaşdırır. 2016-cı ilin aprel döyüşləri, bu il isə qazanılan Günnüt zəfəri bu qələbənin ayaq səsləri, müjdəçisidir...

 Rauf KƏNGƏRLİ