Əlahiddə Üm­um­qoşun Ordunun aviasiya bölmələrinin tərkibində olan hava hücumu vasitələrinin sayı günü-gündən artır, maddi-texniki bazası müasir tələblərə uyğun inkişaf etdirilir. Bölmələrin təlim-məşq uçuşlarında hədəflərin məhv edilməsi, hücum edən qoşunların havadan himayəsi, dərinliyə taktiki və hava desantının atılması tapşırıqları uğurla yerinə yetirilir.
Uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə yer hədəflərinə müxtəlif hücumlar həyata keçirilir, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotaj manevrlər yerinə yetirilir. Gənc pilotların Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilir.
Əsasən, şəxsi heyətin peşəkarlıq səviyyəsinin, bilik və bacarığının daha da təkmilləşdirilməsi, manevr qabiliyyətinin artırılması məqsədilə aparılan uçuşlarda böyük təcrübə qazanmış hərbi qulluqçulardan Afiyəddin Məmmədov, Nəcəf Nəcəfzadə, Elçin Məmmədov, Cavad Abdullayev, Kazım Fərzəliyev, Orman Musayev, Rəşad Fərzəliyev, Etibar Qəşimov, Ayyəm Zeynalov və digərləri aviasiya texnikalarının saz vəziyyətdə saxlanılması, uğurlu uçuşlar üçün əllərindən gələni əsirgəmirlər.

Təyinatına uyğun olaraq, aviasiya bölmələrinin digər bölmələrlə qarşılıqlı fəaliyyətinin uzlaşması məqsədilə keçirilən məşğələlərdə birgə fəaliyyət təkmilləşdirilir, şəxsi heyətin helikopterlərə minməsi, helikopterlərdən müxtəlif üsullarla enməsi, uçuş zamanı yerüstü hədəflərə müxtəlif atəş vasitələrindən atəşaçma bacarıqları məşq etdirilir. Bunun nəticəsidir ki, döyüş hazırlığı planına əsasən keçirilən təlimlərdə şəxsi heyətin praktik vərdişlərinin təkmilləşdirilməsində, bölmələrin uzlaşmış fəaliyyətində və praktik idarə edilməsində müsbət nəticələrə nail olunub.
Əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya bölmələri də ən çətin döyüş tapşırıqlarını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır.

Nəriman Nəcəfov