23 Fevral 2020, Bazar

Hər bir xalqın müstəqilliyi onun həmrəyliyindən, milli birliyindən asılıdır.  Çünki həmrəylik olmadan müstəqil, azad yaşamaq arzularını   həyata keçirmək mümkün deyil. Müstəqilliyimizin ilk illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Məhz həmrəylik ideyası Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi kimi ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılaraq müstəqil Azərbaycanın gələcək ­inkişafını müəyyənləşdirmişdir. 

Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli Qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Bu tarixi qərar həmin dövrdən başlayaraq dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın yalnız bir amal – müstəqil Azərbaycan Respublikası ətrafında həmrəyliyinin əsasını qoymuşdur. 1993-cü ildə xalqın təkidli tələbindən sonra görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışı digər sahələr kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin ­meydana gəlməsinə rəvac vermişdir. Çünki ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının bir amal və məqsəd uğrunda mübarizə aparmasını həyata keçirilən dövlət quruculuğu prosesinin bir hissəsi kimi qəbul edir və bu sahədə mühüm addımlar atırdı. “Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa ­fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.

Azərbaycanlıların həmrəyliyinin əsas prinsiplərinin ifadə olunduğu bu fikirdə həm də milli birliyin təməl şərtləri ortaya qoyulmuşdur. Məhz bu fikirlərlə soydaşlarımızın vahid millət kimi birliyi və bərabərliyi məsələsi kimi ortaya qoyulmuşdur. Sadə dildə desək, bu tezis o deməkdir ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı məsuliyyəti harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar daşıyırlar.
Digər tərəfdən dahi siyasətçi həmrəylik məsələsini vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu kontekstində təqdim etməklə milli birliyin heç bir halda cəmiyyətdə fikir müxtəlifliyinə təsir göstərməməsini əsas istiqamət kimi götürürdü. Çünki müstəqil dövlət quruculuğunda çoxpartiyalılıq və buna görə də fikir müxtəlifliyinin olması təbiidir. Azərbaycanlıların milli birliyinin və həmrəyliyinin formalaşdırılması isə burada fərqliliklərin vəhdəti kimi ortaya çıxır. Buna görə də ümummilli lider daim öz çıxışlarında vurğulayırdı ki, həmrəylik azərbaycanlıların bəşəri və milli-mədəni dəyərlərə sahib çıxmasında, yaşadıqları ölkədə cəmiyyətə aktiv inteqrasiya olmaqda, eləcə də müstəqil dövləti qorumaqda özünü göstərməlidir. Burada maraqlı məqamlardan biri də odur ki, həmrəyliyin ideoloji və mədəni aspektdə əhəmiyyəti həm də onun multikultural mühitin formalaşmasında rolunu göstərir. İndi artıq bütün dünya qəbul edir ki, Azərbaycanda multikulturalizmin ən gözəl nümunəsi mövcuddur.
Milli həmrəyliyin əsas tərəflərindən biri də müstəqil dövlətin qorunması və ərazi bütövlüyünün saxlanmasını özündə ehtiva etməsidir. Burada ölkəmizin müstəqilliyinin qorunması hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu kimi qarşıya qoyulur.
Təbii ki, dövlətin müstəqilliyinin qarantı güclü ordu olduğu kimi, güclü ordunun da qarantı xalqla nümayiş etdirilən həmrəylikdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xalq-ordu birliyi bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikanın təhlükəsizlik məsələlərinin həyata keçirilən dövlət siyasətində ilk yerdə olması və bunun da nəticəsində reallaşdırılan tədbirlər ötən dövrdə xalqla ordu arasında sıx əlaqələrin formalaşmasına öz töhfəsini vermişdir. Bu gün Naxçıvanımızın hərbi təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun hərtərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malik olması günümüzün reallığıdır. Artıq xalqla ordu arasında formalaşmış güclü əlaqələrin göstəricisidir ki, muxtar respublikamızın müxtəlif dövlət qurumlarının kollektivləri mütəmadi olaraq hərbi hissələrdə olur, əsgərlərlə görüşlər keçirirlər. Əlamətdar günlərdə, xüsusilə ilin son günü – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə əsgərlərlə keçirilən görüşlər isə artıq ənənə halını almışdır.
Ötən il dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu münasibətlə keçirilən tədbirdə iştirak etməsi bu birliyin gündən-günə daha da gücləndiyinin və dövlətin ordumuza göstərdiyi davamlı qayğının ifadəsidir.
Dövlət və xalq arasındakı güclü birliyin nəticəsidir ki, Azərbaycan xalqı əsası ümummilli liderimiz ­tərəfindən qoyulmuş bu siyasəti dəstəkləyir və hər bir vətəndaş ölkə­mizin inkişafına öz töhfəsini ­verməyə çalışır. Məhz 2018-ci il 11 aprel tarixdə növbəti prezident seçkilərində Naxçıvan Muxtar Respublikası seçicilərinin 94,2 faizinin cənab İlham Əliyevə səs verməsi də bu birliyin təntənəsi oldu.
Həmrəylik xalqımızın milli sərvətidir. Çünki güclü dövlətin təməli xalqın həmrəyliyi, milli birliyi ilə birgə qoyulur. Azərbaycan xalqı da məhz bu həmrəyliyin işığında inamla gələcəyə doğru addımlayır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR