11 İyul 2020, Şənbə

Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ümummilli lider dövlətin və cəmiyyətin sosial­-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənc­lərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri elan etmişdi. Bu istiqamətdə imzalanan fərman və sərəncamlar, qəbul edilən dövlət pro­qramları Azərbaycan gənc­liyinin inkişafı yolunda çox mühüm amilə çevrilib.

Bu gün ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Son illər muxtar respublikamızda gənclərimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Görülən bu işlər çərçivəsində Naxçıvan şəhərində Gənclər və “Gənclik” mərkəzləri, kitabxanalar, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər saymaqla bitməyən obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Həyata keçirilən tədbirlər nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilir, beynəlxalq idman yarışlarında və Azərbaycan birinciliklərində muxtar respublikanı layiqincə təmsil edirlər.
Gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, ordu sıralarına hazırlamaq məqsədilə “Şahin” və “Sərhəd” hərbi idman oyunlarının rayon (şəhər) birincilikləri və muxtar respublika zona birinciliyi keçirilir, gənclərin hərbi hissələrdə əsgərlərlə görüşləri təşkil edilir. Onlar hərbi qulluqçuların gündəlik yaşam və iş fəaliyyəti ilə tanış olurlar.
Gənclərin milli ruhda, vətənpərvər tərbiyəsi istiqamətində tədbirlər ötən il də uğurla davam etdirilib. Turizm imkanlarının tanıdılması məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar gənclərin tarixi abidələrə, muzeylərə və turizm məkanlarına ekskursiyaları təşkil olunub.
Gənclərin yaradılan şəraitdən səmərəli istifadəsinə nail olunması, onların mütaliə vərdişlərinin, dünya­görüşlərinin inkişafı məqsədilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlərin müzakirəsi, gənc ifaçıların “Milli musiqilərimiz gənclərin səsi ilə” devizi altında konsert proqramı, “Gənc­lər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında rayon və şəhərlərdə gənclərin iştirakı ilə təmizlik və yaşıllıqlara qulluq aksiyaları təşkil olunub. Bununla yanaşı, internet resurslarından düzgün istifadənin təbliğ edilməsi məqsədilə “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda muxtar respublikanın rayon və şəhərlərində yeniyetmə və gənclərlə görüşlər keçirilərək hazırlanmış slaydlar nümayiş etdirilir.
Ötən il Naxçıvan şəhəri həm də ölkəmizin Gənclər Paytaxtı olub. Bununla əlaqədar muxtar respublikada “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənc­lərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib, Əcəmi seyrəngahında muxtar respublikanın incəsənət ­xadimlərinin və Bakı şəhərindən dəvət olunmuş gənc müğənnilərin ifasında konsert proqramı təşkil olunub. Naxçıvan şəhəri ətrafında və muxtar respublikanın hər bir rayonunda “Gənclər bağı” salınıb, “Hünər” XII Vətənpərvərlik Mahnı Festivalı keçirilib, Naxçıvan şəhərində yerləşən mərkəzi meydanda gənc müğənnilərin ifasında konsert pro­qramı təşkil edilib, Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə olaraq bir sıra layihələrə start verilib. Eyni zamanda “Naxçıvanı tanıyaq”, “Gənc­lər Paytaxtı Naxçıvan” və “Naxçıvan gənc­lərin gözü ilə” devizləri altında fotomüsabiqələr təşkil edilib, əlamətdar günlərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeni­yetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Ötən dövr ərzində yeniyetmə və gənclər arasında müxtəlif bilik yarışları, intellektual oyunlar, olimpiadalar keçirilib. Mütəmadi olaraq Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə gənclərin qış və yay məktəbləri təşkil edilib.
2018-ci ilin sentyabr ayında muxtar respublikamızda daha bir mötəbər tədbir – “Avropa şəhərciyi”nin açılış tədbiri keçirildi. Naxçıvanlı gənclərin də fəal iştirak etdiyi bu möhtəşəm tədbir onların dünyagörüşündə, müasir düşüncə tərzinin formalaşması və inkişafında mühüm rol oynadı.
Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi də mühüm hadisə kimi yadda qalıb. Çünki Naxçıvan Türk dünyasında xüsusi bir yerə və əhəmiyyətə malik olan məkandır. Onu qeyd etmək lazımdır ki, Türk dünyasının həmrəyliyinə, birliyinə yol açan mühüm bir təşkilatın quruluşunu özündə əks etdirən Naxçıvan Sazişi sayəsində Türk Şurası yaradılıb. Belə ki, Naxçıvan Sazişi 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında imzalanıb. Həmin ildən başlayaraq iqtisadiyyat, təhsil, turizm, idman və mədəniyyət sahələrində bir sıra layihələr həyata keçirilib. Bu layihələrin də reallaşdırılmasının əsasında Naxçıvan Sazişi dayanır. Muxtar respublikamızda keçirilən Türk Şurası Gənc Liderlərinin ilk forumu isə eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, idman sahəsində əməkdaşlığın genişləndirilməsinə imkanlar açacaq.
Bu forumun ilk dəfə olaraq Naxçıvanda keçirilməsinin səbəblərindən biri qədim mədəniyyətə malik olan yurdumuzun bu gün bütün sahələrdə inkişafı, Türk dünyasının elm, mədəniyyət, maarifçilik və idman mərkəzinə çevrilməsidir.
Keçirilən forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada gənc­lərin təhsili ilə yanaşı, onların işlə təminatı da əsas məsələlər sırasındadır. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur. Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binaları tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur. Sağlam gəncliyin yetişməsində idman və bədən tərbiyəsi əsas şərtdir. Bunun üçün zəruri maddi baza yaradılıb. Bütün bunların nəticəsidir ki, ötən il ölkəmizdə keçirilən internet sorğuya əsasən Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilmişdir. 2009-cu ildə Türkdilli ölkə­lərin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçiril­məsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”.
Ali Məclisin Sədri Naxçıvanın bugünkü inkişafını və Türk dünyasındakı mövqeyini nəzərə alaraq burada Türk Universitetinin yaradılmasını təklif etmişdir.
Ötən il Naxçıvan şəhərinin ölkə­mizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gənc­ləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvan Muxtar Respublikasına səfəri də təşkil olunub. Səfərdə məqsəd Naxçıvanla Belarus arasında olan əlaqələri, münasibətləri genişləndirmək, yeni layihələr gerçəkləşdirməkdir.

Muxtar respublika gəncləri bu gün tarixinin ən məsuliyyətli dövrünü yaşayırlar. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Naxçıvanımızda elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakı təmin edilib, bu istiqamətdə aparılan işlər yeni mərhələyə qədəm qoyub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR