27 Fevral 2020, Cümə axşamı

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda idarənin rəisi Fazil İbrahimov çıxış edərək bildirib ki, respublikamızda təməli ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yeni iş yerləri yaradılıb, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə nail olunub.
Azərbaycan Respublikası Hesab­lama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2018-ci ildəki fəaliyyəti idarənin Əsasnaməsinə, təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən davam etdirilir.
Diqqətə çatdırılıb ki, idarəyə 2018-ci ildə dövlət təşkilatlarından 26-sı elektron olmaqla, 74 məktub daxil olub. 19-u elektron olmaqla, 80 məktub isə dövlət təşkilatlarına göndərilib. İdarənin 2018-ci il üçün təsdiq olunmuş iş planına əsasən Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin dövlət büdcə­sinin icrası haqqında illik hesabata rəy hazırlanıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində ötən il idarə tərəfindən 9 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri,10 müəssisə, idarə və təşkilatlarda audit yoxlamaları aparılıb. 2018-ci ildə həyata keçirilmiş audit tədbirləri 22676,5 min manat məbləğində vəsaiti əhatə edib.
Nəzarət tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 25,7 faizi mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 3,7 faizi səhiyyə, 5,4 faizi təhsil, 56,1 faizi isə mədəniyyət müəssisələri, 9,1 faizi digər qurumlar tərəfindən icra olunub.
Diqqətə çatdırılıb ki, idarə tərəfindən həyata keçirilmiş 10 nəzarət tədbirinin dövlət büdcəsinin funksional təsnifatı üzrə strukturu müəyyən olunub. Aparılan audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub və maliyyə orqanlarına məlumat göndərilib. Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş əməkhaqqının 2902 manatı tutularaq büdcəyə bərpa edilib.
İdarə bu istiqamətdə öz fəaliyyətini daha da gücləndirərək nəzarət tədbirləri üzrə müvafiq nəticə­lərin əldə edilməsinə nail olmağa çalışacaqdır.
Vurğulanıb ki, 2019-cu ildə də idarənin əməkdaşları işlərini günün tələbləri səviyyəsində qurmalı, hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir.
İdarənin rəisi məruzəsinin sonunda əminliyini bildirib ki, kollektiv 2019-cu ildə də səylə çalışacaq, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *   *

Naxçıvan Tibb Kollecində ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, 2018-ci ildə Bilik Günü ərəfəsində kollecin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi, müasir tədris şəraitinin yaradılması kollektivdə böyük ruh yüksəkliyinə səbəb olub. Maddi-texniki təchizatın gücləndirilməsi, xüsusilə də auditoriyada quraşdırılan elektron lövhə və proyektorlar distant dərslərin keçilməsinə, elektron dərsliklərdən istifadəyə geniş imkanlar açıb. Ötən il kollecin internet saytı istifadəyə verilib, təhsildə şəffaflıq və obyektivliyin qorunması məqsədilə semestr imtahanlarında elektron test üsulu tətbiq edilməyə başlanılıb. Kollecin ictimai həyatında, tədbirlərdə, dərnəklərdə tələbələrin fəal iştirakı təmin edilib, təlim­-tərbiyə, dərsə davamiyyət, təcrübə dərslərinin vəziyyəti, semestr və dövlət imtahanlarına hazırlığın təşkili və sair kimi məsələlər müzakirə olunub, çatışmaz­lıqların aradan qaldırılması məqsədilə lazımi tədbirlər görülüb.
Hesabat dövründə kollecdə 39 qrup, 8 ixtisas üzrə tələbələrin ümumi sayı 712 olub. Müvafiq fənlərin tədrisi ilə 83-ü ştat üzrə, 46-sı isə saathesabı çalışan müəllim və həkim heyəti məşğul olur.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ‟Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli Sərəncamının icrası ilə əlaqədar kollecin müəllimləri tərəfindən il ərzində Naxçıvan şəhərində, muxtar respublikanın müxtəlif rayon və kəndlərində yerləşən tam orta məktəblərdə ayda bir dəfə nümunəvi dərslər ­keçilib.
Kollecin direktoru onu da bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar kollecdə tələbələrin tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə tibbi vərdişlərə yiyələnməsi işi davam etdirilib. İl ərzində 263 tələbə tibb müəssisələrinə göndərilib. İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyənin Halide Edip Mesleki və Teknik Anadolu Liseyində biraylıq təcrübə mübadiləsi keçiblər.
Qeyd olunub ki, Naxçıvan Tibb Kollecində müvafiq ixtisaslar üzrə təkmilləşdirmə kurslarının təşkili işi günün tələbləri səviyyəsində qurulub, Səhiyyə Nazirliyinin göndərişi ilə tibb müəssisələrində çalışan 372 nəfər müdavim təkmilləşdirmə kursunda iştirak edib.
Sona Məmmədova onu da vurğulayıb ki, tədris və istehsalat təcrübələrinin keçirilməsində bazalardan səmərəli istifadə etməklə tibb müəssisələrinə ixtisaslı kadrlar hazırlamalı, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə ixtisasartırma kurslarının aparılmasına diqqət artırılmalıdır. Kollecdə əmək intizamı diqqətdə saxlanılmalı, tədrisin keyfiyyətinə ciddi nəzarət edilməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Babək rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov məruzə edərək bildirib ki, ötən il rayon üçün əlamətdar olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” 2018-ci il 16 fev­ral tarixli Sərəncamının icrası ilə əlaqədar rayonda bir sıra sosial obyektlər istifadəyə verilib, yekun yubiley tədbiri ­keçirilib.
2018-ci ili uğurlu sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vuran Babək rayonunda Ali Məclis ­Sədrinin himayəsi və qayğısı ilə tarixi-mədəni irsin qorunmasına da xüsusi diqqət yetirilir. Ötən il Nehrəm kəndindəki tarixi “İmamzadə” türbəsi əsaslı bərpa olunub, həyətində geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qeyd olunub ki, 2018-ci ildə ­Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Aparılan tikinti işləri həmin kəndi, eləcə də yaxınlıqdakı hərbi hissəni, Naxçıvan Beynəlxalq Hava Limanını və müəssisələri də əhatə edib.
Babək rayonu ərazisində yerləşən, muxtar respublikanın istehsal gücünə görə ən böyük zavodu olan Asfalt-Beton Zavod Kompleksinin fəaliyyətə başlaması rayonda, eləcə də muxtar respublikanın digər yaşayış məntəqələrində yol tikintisinin daha keyfiyyətli və səmərəli aparılmasına təkan verib.
İcra başçısı deyib ki, Babək rayonunun 40 illik yubileyi tədbirləri çərçivəsində Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş 7 mərtəbəli 28 mənzilli yaşayış binası da istifadəyə verilib. Qəsəbədəki məsciddə də təmir-bərpa işləri və mərasim evinin tikintisi başa çatdırılıb. Hesabat dövrü ərzində rayonun ucqar dağ və sərhəd kəndləri olan Aşağı və Yuxarı Buzqov kəndlərində məktəb binaları, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Abadlıq işləri çərçivəsində həmin kəndlərin yol infrastrukturu da yenilənib, sakin­lərin və avtomobillərin rahat hərəkəti təmin edilib. Babək qəsəbəsində 8 dövlət orqanı və 5 ictimai təşkilatın yerləşdiyi inzibati bina əsaslı şəkildə yenidən qurulub. Rayonun Gərməçataq və Aşağı Buzqov kəndlərində yerləşən hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, rayonda 2018-ci ilin məhsulu üçün 16 min 172 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 10 min 735 hektarını dənli və dənli-paxlalı bitkilər, 7170 hektarını buğda, 3356 hektarını arpa təşkil edib. Həmin il sahibkarlara ­949 min 450 manat pul vəsaiti, 1702 ton 667 kiloqram azot gübrəsi verilib.
Aqrar sahənin inkişafında ailə əməyinə əsaslanan təsərrüfatların formalaşması xüsusi yer tutduğunu, – deyən Rasim Hüseynov bildirib ki, ötən dövr ərzində Babək rayonunun bütün yaşayış məntəqələrində kənd­lərimizin təsərrüfat ənənələrinə uyğun ailə təsərrüfatları formalaşıb. Onların yarmarka və festivallarda iştirakına şərait yaradılıb.
Məruzədə digər sahələrdəki nəticələr də ətraflı təhlil edilib, 2019-cu ildə qarşıda duran vəzifələrdən ­danışılıb.
Sonra məruzə ətrafında müzakirələr olub.

*  *  *

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin yığıncağı keçirilib.
Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək ötən il görülən işlər barədə danışıb. Qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının aidiyyəti təşkilatlarla əlaqələri daha da möhkəmlənib. Belə ki, hesabat ilində təşkilat, onun şəhər və rayon şöbələri tərəfindən 50-dək tədbir keçirib, kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edilib.
Hesabat dövrü ərzində müxtəlif kateqoriyalar üzrə müharibə iştirakçıları və şəhid ailələrinin qeydiyyatının aparılması işi davam etdirilib. Şəhidlərin, o cümlədən muxtar respublikamızdan olan Milli qəhrəmanların xatirə günlərinin keçirilməsi təmin olunub.
Vurğulanıb ki, təşkilatın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və onların doğma yurda məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir. Buna görə də Milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərin təşkilinə daha ciddi önəm verilib, onların qəhrəmanlıqla dolu həyat yolu televiziya və mətbuatda işıqlandırılıb.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının şəhər və rayon şöbələrinin sədrləri çıxış edərək ötən il görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açaraq geniş məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, 2019-cu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları” ili elan olunub. Bu gün ailə təsərrüfatlarının əsasını təşkil edən ən qədim təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına böyük dəstək göstərilir. Bu baxımdan 2018-ci il ərzində heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə süni mayalanma tədbirləri davam etdirilib. Ötən il heyvandarlıqla məşğul olanlara, ümumilikdə, 700 min 600 manat məbləğində subsidiya verilib. Bundan əlavə, olaraq süni mayalanma tədbirlərinin genişləndirilməsi, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzinin inşasına başlanılıb. Həmçinin hesabat ilində Şərur rayonunun Ərəbyengicə, Kosacan, İbadulla, Babək rayonunun Aşağı və Yuxarı Buzqov, Culfa rayonunun Qazançı kəndlərində yeni baytarlıq məntəqələri, ət satışı mağazaları istifadəyə verilib. Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişaf etdirilməsi məqsədilə muxtar respublika üzrə fermerlərə 4 milyon 563 min manat həcmində kredit verilib, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətində işlər davam etdirilib.
Qeyd olunub ki, ötən dövr ərzində muxtar respublikanın şəhər və rayonlarında iri­buynuzlu heyvanlar arasında infeksion xəstə­liklərə qarşı peyvənd­ləmə tədbirləri aparılması nəticəsində epizootik sabitlik qorunub. Həmçinin baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının xəstəliklərə yoluxma dərəcəsini müəyyən etmək məqsədilə müayinələr, heyvanlar saxlanılan yerlərdə dezinfeksiya işləri aparılıb.
Vurğulanıb ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə xidmət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiya verilməsi qaydasına uyğun olaraq, subsidiyaların verilməsi üçün arı ailələrinin identikləşdirilmə qeydiyyatına başlanılıb.
Sonda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR