22 Sentyabr 2020, Çərşənbə axşamı

(Esse)

Elimizdə, dilimizdə çox hörmətlə, ehtiramla işlənən ifadələr var: Ata qazancı! Ər qazancı! Övlad qazancı! Oğul qazancı! “Ata qazancı yeyib böyüyən uşaqlar ürəkli olar”, – deyiblər. Ər qazancı gələn ailədə qadın özünü dünyanın xoşbəxti hesab eləyər! Övlad qazancı yeyən ata-ananın nə dərdi! Ömürlərini havayı sovurmayıblar, deməli! İllah da oğul qazancı!
Laylasını deyib yüz dəfə başına dolanaraq gəncliyinin ömür qazanında məhəbbət istisi ilə yoğurub bişirdiyin, böyüdüb ərsəyə gətirdiyin və həm də Vətənə, millətə layiq təlim-tərbiyə verdiyin bir oğul balanın qazancını yemək necə də bəxtəvərlikdir!
Elimin dilinə bu ifadə də daxil olsun istərdim! Şəhid qazancı!..
Atalar! Ərlər! Övladlar! Oğullar! Sizin fiziki gücünüzlə, beyniniz, şüurunuz, halal zəhmətinizlə qazandıqlarınızdan, ölçüyəgəlməz dərəcədə dəyərli olan şəhid qazancıdır! O, qanla qazanılıb...
Hər bir vətəndaşının qayğısına həssaslıqla yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə on bir min manat məbləğində birdəfəlik yardım verilməsi ilə bağlı sərəncamını eşidənlərdən biri də şəhid Abbas Əbülfəz oğlu Məmmədovun anası, Naxçıvan şəhər Qaraçuq kənd sakini Fatma Məmmədova oldu. ­“Sevindi”, – deməzdim! “Narazı oldu” da, – demirəm, ancaq özünün də dilə gətirib təsəvvür eləmədiyi qəribə bir sızıltı, uçunma keçdi bədənindən. Eynilə 1994-cü ilin noyabr gecəsindəki kimi... Hansı ki səhər şəhid oğlunun cənazəsi gətiriləcəkdi...

Abbas bənna Əbülfəzin çox sadə kəndli ailəsinin böyük oğlu idi. 1992-ci il yanvarın 1-də Abbas 18 yaşında hərbi xidmətə çağırılanda Vətənimizin ağır günləri idi. Qəsbkar sovet ordusunun Bakıda törətdiyi Qanlı Yanvar qırğınından 2 il keçirdi. Naxçıvan blokada şəraitində mənfur ermənilərlə müharibə vəziyyətində idi. Elektrik enerjisinin, qazın, istiliyin qıtlığı zamanı idi. Bu çətinliklər ölkədə olduğu kimi, kövrək addımlarla irəliləyən gənc milli ordumuzda da özünü göstərirdi.
Yaxşı xatırlayıram... Abbas hərdən hərbi hissədən icazə alıb ailəsinə gələndə anası, xalaları onun əsgər köynəyini, ağ yaxalığını tez bir zamanda yuyub odun sobasının istisində qurudar, bu gözəl-göyçək oğlanın əyin-başını səliqəyə salardılar. Axı o əsgər idi! Vətənimizi, ana-bacılarını qorumaq üçün çiynində avtomat postda idi. Həmişə də şən və gülərüz...
Abbas yaşda nəsil orta məktəb illərində 23 fevral – sovet ordusu və hərbi dəniz donanmasının yaranması gününü kişilərin bayramı kimi qeyd edirdi. Belə təntənəli tədbirlərdə bir dəfə Abbas da Məmməd Arazın “Müharibə olmasa” şeirini söyləmişdi:

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, –
Müharibə olmasa!

Nə yazıq ki, müharibə idi... Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsində şəhidlər verirdi...
1994-cü il noyabrın 8-də hərbi komandanlığın əmri ilə bir qrup əsgər və zabit Naxçıvandan müharibə gedən qaynar xəttə – Qazax rayonuna göndərildi. Abbasın 2 aydan sonra 3 illik hərbi xidməti tamam olacaqdı. Qazaxda döyüş zamanı bir neçə ermənini susdurandan sonra Abbas düşmən snayperinə hədəf oldu. Noyabrın 23-də əsgər yaylım atəşinin sədaları altında Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Əynində sadə zolaqlı əsgər köynəyi, başında əsgər furajkası, əlindəki avtomatını dizinə söykəmiş 21 yaşı tamam olmamış bu gülərüzlü gənc 25 ildir, Vətənin xidmətində əbədi ayıq-sayıq dayanır! Məktəbli formasını soyunub əsgər paltarı geymişdi. Başqa şəkli yox idi. Vaxt tapmamışdı cürbəcür pozalarda fotolar çəkdirməyə... Hər il yanvarın 20-də – Ümumxalq Hüzn Günündə ziyarətinə getdiyimiz 21 yaşlı o gülərüz gənc şəhid Abbas 25 ildir ki, əbədiyyətə qovuşub!
Bu acı xatirələrin göynərtisi idi ananın bədənini uçunduran, ürəyini sızladan... Yaşasaydı, indi 46 yaşlı kişi idi. O zaman sevdiyi qıza – həyat yoldaşına ər qazancı, oğul-uşağına ata qazancı, bəxtəvər anasına – yaşından tez qocalıb saçları ağappaq olan Fatma xanıma oğul qazancı gətirəcəkdi... Tale ona şəhid ucalığı, şəhid qazancı gətirmək nəsib etdi...
Azərbaycan televiziyası ilə hər gün Prezidentin sərəncamının icrası ilə bağlı xəbərlər verilir. Ara-sıra bu yardımı alan varislər – kimisi ağsaqqal, ağbirçək ata-ana, kimisi həyat yoldaşı, kimisi şəhidin övladı, qardaş-bacısı ölkə Prezidentinə, onun qayğıkeşliyinə minnətdarlıq ifadə edir.
Heç bir bürokratik əngələ rast gəlmədən, heç bir əyintiyə yol vermədən sənədləşmə bitən kimi şəhidin ailəsinin hesabına bank köçürməsi edilir.
Yanvarın 3-də Fatma xanımı banka çağırdılar. Bacısı oğlu Mətin xalasını müşayiət edib yardımı alandan sonra onu evlərinə apardı. Yenə də Fatma xanımın həyəcandan bədəni əsirdi. Ona zəng vurdum... Nə ­deyəydim? Təbrik etməli deyildi! Gözaydınlığı verməli deyildi! Qəhər məni boğdu. Fatmaya ürək-dirək vermək əvəzinə hönkürüb ağladım! Dil açdım:
– Fatma, aldın yardımı? Abbas neçə vaxtdı qazanıb saxlayıb göndərib sənə! Oğul qazancıdı! Şəhid ­qazancıdı!!!
Fatma titrəyən səslə: “Onu oxuda bilmədim. Bu pulu nəvəm Abbasın təhsilinə xərcləyəcəyəm!” – dedi. Halbuki nə oğlu, nə qızları, nə gəlini – heç kim Fatmadan soruşmamışdı, pulu nəyə xərcləyəcəksən...
Qəhərlənməyimin bir səbəbi də Vətənimdə şəhid ailəsinə göstərilən bu qayğı və ehtiramın, Ali Baş ­Komandanın şəhid əsgərinin ailə üzvlərinə qayğısının məni kövrəltməsi idi. Və mən həyəcandan fikrini ifadə edə bilməyən Fatma kimi anaların adından ölkə Prezidentinə, Ali Məclisin Sədri cənab Vasif Talıbova ­minnətdarlığımı bildirirəm.
Allah şəhidlərə rəhmət eləsin! Vətən sağ olsun!
Şəhidlərin qazancı on bir min manat deyil, əmin-amanlıqla yaşayan körpələrimizin rahat yuxusudur, Vətənimizin günü-gündən dünyada artan qüdrəti, ­nüfuzudur!
Abbas! Kiçik qardaşın Qabilin oğlu sənin adını daşıyır! Balaca Abbasdan soruşanda ki, “Abbas, necəsən?”, – bircə sözlə cavab verir: “Bomba!” Sizdən sonrakı nəslin hər övladı düşmən gözünü çıxardan bombadır! Bu bombalar olacaq Vətənimizin müstəqilliyini əbədi edən, azadlığı, demokratiyanı inkişaf etdirən!
Təbiətin əbədi qanunları kimi əbədidir sizin xatirəniz!
Günəş batıb qaranlıq düşür, sabah yenidən çıxmaq üçün!.. Fəsillər dəyişir... Soyuq qış çovğun gətirir, ağaclar çılpaqlaşır, yarpaqları şaxta vurur!..
Həyətimizdəki badam ağaclarına baxanda da gördüm ki, hər tökülən yarpağın dibindən çırtlayıb açmağa hazır­laşan bir tumurcuq boylanır, bahar gəlməsi üçün!
Tumurcuq demişkən, məktəb illərimdə “Şərq qapısı” qəzetində 9 May – Qələbə bayramı ərəfəsində müəllifini unutduğum, çox sevdiyim bir şeir yadıma düşdü:
Tumurcuq bağlayıb ağaclarımız,
Ağzımız sulanır təzə bar üçün.
Salamat gələcək bu baharımız,
Biz sizə borcluyuq bu bahar üçün!
Atalar, ərlər, oğullar, sizə qurban olum! Sizin qazancınız şirindir, var-dövlətdir, xeyir-bərəkətdir, halal zəhmətinizlə qazanırsınız, övladları, anaları bəxtəvər edirsiniz, var olun! Lakin unutmayın ki, dünyanın hər naz-nemətindən şirin, dəyəri, qiyməti heç bir ölçüyə sığmayan qazanc Şəhid qazancıdır!
Qanla qazanılan Şəhid qazancı!

Nubar ABDULLAYEVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR