22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir müavini Nicat Babayev qeyd edib ki, hesabat dövrü ərzində həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin reallaşdırılmasına səbəb olub.
Vurğulanıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası 2018-ci ildə də davam etdirilib. Belə ki, əmək bazarının tələbinə uyğun olaraq təşkil edilmiş 22 peşə kursuna 337 nəfər cəlb edilib. Aktiv məşğulluq tədbirləri hesabına 2976 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, 262 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib.
Qeyd olunub ki, kənd xidmət mərkəzlərində olan vakant yerlər üzrə 138 nəfər işlə təmin edilib. Həmçinin hərbi hissələr üçün yun corab və şərf toxunması məqsədilə 19, evlərdə xalça toxunması üçün 7 nəfərin özünüməşğulluğu təmin olunub. Keçirilmiş əmək yarmarkalarında isə, ümumilikdə, 664 nəfər münasib işlərə göndərilib.

Ünvanlı dövlət sosial yardımı alan 107 aztəminatlı ailəyə ötən il iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti, cəzaçəkmə müəssisəsindən azad olunan 1 şəxsə isə arı yeşik­lərinin hazırlanması üçün avadanlıq və materiallar təqdim edilib.
Bildirilib ki, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli müvafiq Fərmanının icrası ilə bağlı 149 şəhidin 161 vərəsəsinə birdəfəlik ödənişin həyata keçirilməsi məqsədilə sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
Nazir müavini əlavə edib ki, il ərzində 243 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 329 şəxsin müalicəsi təşkil olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində müvafiq kateqoriyalı 1 nəfərə minik avtomobili, 4 nəfərə isə mənzillər təqdim olunub. İl ərzində sağlamlıq imkanları məhdud 534 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 369 nəfər isə texniki reabilitasiya vasitələri ilə təmin edilib. 39 nəfərin ölkə daxilində müalicəsinə, 62 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik olunub, sağlamlıq imkanları məhdud 307 nəfərə protez-ortopediya xidmətləri göstərilib.
Diqqətə çatdırılıb ki, 2018-2019-cu tədris ili ərzində, ümumilikdə, sağlamlıq imkanları məhdud kateqoriyalı 278 uşaq məktəbli geyimi və ləvazimatları ilə, həmçinin qış geyimi ilə təmin edilib, bu kateqoriyadan olan şəxslərin tibbi reabilitasiyası məqsədilə 2018-ci ildə də ardıcıl tədbirlər həyata keçirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib və nazirliyin 2019-cu il üçün iş planı təsdiq edilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən kollegiya iclasını giriş sözü ilə açan komitənin sədri Vaqif Rəsulov bildirib ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişik­liklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində statistika orqanları tərəfindən 2018-ci ildə qanunvericilik üzrə bir sıra tədbirlər görülüb.
Qeyd edilib ki, ötən il ərzində şəhər və rayon Statistika idarələri ilə birlikdə 58 min 620 təsərrüfat subyektindən 87 min 834 sayda hesabat yığılıb. Bunların da 100 faizi onlayn rejimdə təqdim olunub. Hesabatlar komitə aparatının aidiyyəti şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilib, muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə olunub. Yekun məlumatlar əsasında komitə aparatının müvafiq şöbələri tərəfindən, ümumilikdə, 12 adda statistik bülleten və digər təhlili məruzələr hazırlanıb. Bundan əlavə, hesabat dövründə muxtar respublikanın inzibati ərazi dairələrində 114 mindən çox təsərrüfat subyektinə dair göstəricilərin aktuallaşdırılması təmin edilib. Həmçinin iş planına uyğun olaraq 2018-ci ildə statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan 1920 təsərrüfat subyektinin göstəricilərinin aktuallaşdırılması nəzərdə tutulan vaxtda başa çatdırılıb, statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılaraq müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Bildirilib ki, 2018-ci ildə daxil olan müraciətlərin gün ərzində baxılması və operativ cavablandırılması nəzarətdə saxlanılıb. Belə ki, bəhs edilən dövrdə komitəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən, Nazirlər Kabinetindən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, ümumilikdə, 702 müxtəlif məzmunlu sənəd daxil olub və icrası vaxtında təmin edilib. Bundan əlavə, komitənin elektron poçt ünvanlarına vətəndaşlar tərəfindən 5 müraciət, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən elektron sənəd dövriyyəsi sisteminə isə 7 kollegiya qərarı, 22 məktub daxil olub. Kollegiya qərarları işə alınıb, digər müraciət və məktublar isə qanunvericiliklə nəzərdə tutulmuş vaxtda cavablandırılıb. Həmçinin ötən il muxtar respublika mətbuatında Naxçıvanın sosial-iqtisadi vəziyyətini əks etdirən kompleks materiallar dərc edilib, kütləvi informasiya vasitələri müvafiq məlumatlarla təmin olunub, çıxışlar edilib.
Vurğulanıb ki, 2018-ci il muxtar respublikanın statistika orqanlarında çalışanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib.
Sonra məruzə ətrafında çıxışlar olub, 2019-cu ildə görüləcək işlərlə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

*  *  *

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq məruzə edib. Bildirilib ki, 2018-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 608 milyon 832 min 600 manat və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin dəyəri 2,2 faiz artaraq 560 milyon 694 min 200 manat təşkil edib.
Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq 1 dekabr 2018-ci il tarixə 93 min 655 nəfər olub.
Qeyd edilib ki, 2018-ci ilin yanvar-noyabr aylarında 655 milyon 439 min 200 manatlıq sənaye məhsulu istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Ötən il ərzində Naxçıvan şəhərində “Miraj Gold” MMC tərəfindən qızıl-gümüş zinət əşyaları istehsalı fabrikinin, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən plastik boru, profil və aksesuarların istehsalı müəssisəsinin, “Bərəkət Buğda Məhsulları” MMC tərəfindən qarışıq yem istehsalı sahəsinin, “Azelektrod” MMC tərəfindən kimyəvi tərkibli tikinti materialları sahəsinin, “Zümrüd Geyim” MMC tərəfindən alt trikotaj mallarının istehsalı sahəsinin, həmçinin heyvandarlıq kompleksinin yaradılması, Asfalt-Beton Zavodunun quraşdırılması, “Naxçıvan Tikiş” ASC-nin fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb. Hazırda “Azelektrod” MMC tərəfindən elektrod istehsalı sahəsinin, iaşə obyektlərinin yaradılması davam etdirilir.
Mirsənani Seyidov bildirib ki, bu dövrdə kənd təsərrüfatı məhsulları istehsalı, əhalini yerli məhsullarla təmin etmək üçün kənd təsərrüfatı yarmarkalarının təşkili diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli müvafiq Sərəncamına əsasən Naxçıvan şəhərində kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda istehsalçılarına isə səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsait ödənilib. Əvvəlki illərdə olduğu kimi, bu il də strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafına diqqət yetirilib, 2018-ci ilin məhsulu üçün 2095 hektar sahədə əkin aparılıb.
Ötən il 17 hektarda yeni meyvə bağı salınıb, 15 min 500 üzüm qələmi əkilib, 28 hektarda bərpa işləri aparılıb.
İcra başçısı Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların 2018-ci ildə gördükləri işlərdən də bəhs edib. Bildirib ki, 2017-2018-ci ilin qış mövsümündə 38 fərdi, 5 mərkəzləşmiş qazanxana vasitəsilə 173 bina, 7 min 634 mənzil, 31 inzibati bina istiliklə təmin olunub.
Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 84 elektrik dirəyi quraşdırılıb, 2,6 kilometr uzunluğunda elektrik xətti çəkilib, 5,2 kilometr yararsız naqillər yenilənib. 1 yanvar 2019-cu il tarixədək 22 min 298 smartkarttipli elektrik sayğacı quraşdırılıb, yeni yaşayış massivlərinə 1318 smartkarttipli sayğac qoyulub. 234 fərdi mənzilə, 28 müəssisə və özəl təşkilata yeni qaz xətti çəkilib. 1 yanvar 2019-cu il tarixədək 17 min 525 smartkarttipli qaz sayğacı quraşdırılıb.
İcra başçısı təhsilin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafına göstərilən qayğıdan da danışıb, əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən bəhs edib. Mirsənani Seyidov deyib ki, hesabat ilində 633 nəfər işlə təmin edilib. 50 nəfər ictimai işə cəlb olunub, 8 nəfər kvota yerlərinə göndərilib, 76 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Keçirilən 3 əmək yarmarkasında 115 nəfər işlə təmin olunub.
Ötən il 53 ailənin 191 ailə üzvü üçün ünvanlı sosial yardım təyin olunub, 66 min 304 manat vəsait ödənilib.
Mirsənani Seyidov əminliyini bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri Ramil Kərimovun, Statistika İdarəsinin müdiri Rövşən Aslanovun, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin müdir müavini Emin Əliyevin çıxışları dinlənilib.
Müşavirəyə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yekun vurub.

*  *  *

 

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclası idarənin sədri Elvin Axundov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat dövrü ərzində bank qurumları fəaliyyətlərini verilən tapşırıqların icrası istiqamətində tədbirlər planına uyğun olaraq qurub.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2019-cu il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 102 milyon 681 min manat təşkil edir.
Diqqətə çatdırılıb ki, kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 267 min manat artıb. Muxtar respublika əhalisinə verilən 24 milyon 369 min manat məbləğində şəxsi istehlak, daşınmaz əmlak alınması üçün 14 milyon 553 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat şəraiti yaxşılaşdırılıb, eyni zamanda bununla real sektor da dəstəklənib. Bank və kredit təşkilatları tərəfindən 2018-ci il ərzində 50 milyon 879 min manat kredit verilib.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilib. Banklar tərəfindən 1 yanvar 2019-cu il tarixə 80 min 206 müştəriyə bank xidməti göstərilib. Xidmət olunan hesabların 70 min 774-ü işlək hesab olub. Naxçıvan Muxtar Respublikasında bankların kassa mədaxili 508 milyon 132 min manat təşkil edib. Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 333 milyon 804 min manat nağd pul dövriyyəyə buraxılıb.
Qeyd olunub ki, əsas ödəniş vasitələrindən olan POS-terminalların sayı 1 yanvar 2019-cu il tarixə 1272-yə çatdırılıb, yenilərinin quraşdırılması hazırda davam etdirilir. 2018-ci ilin yanvar-dekabr ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 35 milyon 93 min manat olub. Aparılan nağdsız ödənişlərin 11 milyon 149 min manatı POS-terminallar vasitəsilə, 23 milyon 944 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə cari il ərzində 7 yeni bankomat quraşdırılaraq onların sayı 111-ə, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların ümumi sayı isə 269 min 625-ə çatıb.
Vurğulanıb ki, 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 566 min manat olub. Banklara qoyulan əmanətlərin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə manatla olan əmanətlərin həcmində 660 min manat artım, xarici valyuta ilə olan əmanətlərdə isə 621 min manat azalma müşahidə edilməkdədir. Bu isə, öz növbəsində, əhalinin manata qarşı olan inamının əsas göstəricisidir.
Sonda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR