Naxçıvan Şəhər Təsərrüfat­hesablı Nəqliyyat İdarəsində əhaliyə avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsi davam etdirilir. Bununla bağlı keçirilən seminar-müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 ok­tyabr tarixli Fərmanının əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən xidmətin sektor müdiri Zaur Əliyev bildirib ki, muxtar respublikamızda əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib.
Qeyd olunub ki, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə qanun pozuntusunun qarşısının alınması, daşımaların təhlükəsizliyi, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyanın verilməsi vacib məsələdir. Ötən il noyabr ayının 1-dən etibarən lisenziyalaşdırılma işlərinə başlanılıb. Bununla əlaqədar ötən müddət ərzində maarifləndirici söhbətlər aparılıb, bu günədək, ümumilikdə, 158 sahibkara lisenziya verilib.

Diqqətə çatdırılıb ki, lisenziyanın qüvvədəolma müddəti bir ildir. Sürücülər avtomobilini texniki baxışdan keçirdikdən sonra Dövlət Nəqliyyat Xidmətinə müraciət edərək lisenziya ala bilərlər. Verilmiş lisenziya əsasında sürücü lisenziya kartı ilə təmin olunur.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılov çıxışında sürücülərin nizam-intizamı gözləmələrinin, eləcə də yol hərəkəti qaydalarına əməl etmələrinin vacibliyini vurğulayıb.
Sürücülər adından çıxış edən İsmayıl Əliyev yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib, imkanlardan səmərəli istifadə edəcəklərini diqqətə çatdırıb.
Sonra sürücüləri maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV