22 Dekabr 2014, Bazar ertəsi

ARXİV

Dekabr 2014
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

LİNKLƏR

 

 

Bu şəhər tarixlə müasirliyin qovuşduğu məkana çevrilib

Xan Arazın gecə-gündüz keşiyini çəkdiyi, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən, yaşı qədimdən qədim olan, tikililəri, çinarları yüzilliklərə şahidlik edən bir şəhər var. Çeşmələri bol sulu, ağacları barlı-bəhərli,  insanları qonaqpərvər, son dərəcə mehriban olan bu şəhərə tarix “Ordubad” adı verib.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”. Bu şəhərdə fasadında tağşəkilli taxçaları olan Cümə məscidi, XVIII-XIX əsrlərə aid məscidlər, XVIII əsrə aid Əfqan qalası, çoxsaylı çeşmələr, “Qeysəriyyə” adlanan tarixi abidə var. İkimərtəbəli mədrəsə binası XVI-XVII əsrlərə aid ibadətxanalardan biridir. Azərbaycanda indiyədək salamat qalmış, bəlkə də, yeganə olan bu mədrəsə vaxtilə ən mühüm ruhani məktəblərindən biri sayılıb. Ordubad şəhərinin mərkəzində yerləşən Cümə məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərə gələnləri heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunub.

Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb. Həmin fərmanda deyilir: “Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adıçəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir”. Şəhərin Cümə məscidinin qarşısında bir neçə qəbir var. Tusinin nəvələrindən biri Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbri də buradadır. Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilib. Şəhər, əsasən, 5 böyük məhəllədən ibarətdir. Bu məhəllələr “Ambaras”, “Gürdətal”,” Üçtürləngə”, “Mingis (Minkəs)” və “Sərşəhər (Şəşəri)” adlanır. Bundan başqa, həmin məhəllələrə nisbətən kiçik məhəllələr də var: “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Körpübaşı”, “Bəylər”, “Düz”, “Qoşqar”, “Musa təngi” məhəllələri və sair.

Ordubadın kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində onun ipək və meyvə kimi sərvətləri mühüm rol oynayıb. Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac edilib. 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarma müəssisəsi fəaliyyət göstərib. Ordubad şəhəri XIX əsrin ikinci yarısı, 1920-ci illərin əvvəllərində Rusiya bazarlarını yüksək keyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən birinə çevrilib. Avropatipli baramaaçan fabriklər 1870-ci ildə tikilməyə başlanıb. 1928-1929-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək Ordubad İpək Kombinatı yaradılıb. Əsrlər boyu Ordubad ipəyi gözəlliyi ilə ad qazanaraq beynəlxalq festivallarda mükafatlandırılıb. Əlverişli iqlimi, təbii-coğrafi şəraiti, təbii sərvətlərin bolluğu, buradan keçən beynəlxalq əhəmiyyətli ticarət yolları bu şəhərin iqtisadi cəhətdən inkişafına şərait yaradıb. Mülayim iqlimi, məhsuldar torpağı, bol su mənbələri bu bölgəmizin iqtisadi inkişafı üçün əsas zəmin olub. Ordubad şəhərinin inkişaf etmiş şəhər səviyyəsinə yüksəlməsi üçün mühüm amillərdən biri də onun ölkənin sənətkarlıq mərkəzlərindən birinə çevrilməsi idi. Burada müxtəlif sənət sahələri formalaşmış, əmtəə istehsalı genişlənmişdi. 

Şəhərdə bütün küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə 2-3, bəzən isə 4 kiçik meydan yerləşir. Bu meydanlar ensiz, qəribə 3-4 küçənin qovuşuğundadır. Ordubad şəhəri üçün xarakterik cəhətlərdən biri də hər meydanda bir sıra xidmətedici element­lərin olmasıdır. Buraya kiçik məscid (məhəllə məscidi), çeşmə və meydanı “çətiri” ilə örtən çinarlar aiddir. İndiyə qədər də məhəllə meydanları öz əhəmiyyətini saxlayıb. Həmin meydanlarda yerləşən məhəllə məscidlərinin minarəsi yoxdur. Minarəni məscidin damında yerləşən səki əvəz edir. Oraya kiçik pilləkənlə qalxmaq olur. Ordubad məscidlərinin yerini uzaqdan onların qarşısında ucalan çinarlarla təyin etmək mümkündür. Şəhərin baş magistralını qədim küçə təşkil edir. Bu küçə indi də əsas küçə kimi öz əhəmiyyətini saxlayaraq şəhərin mərkəzini dəmiryol vağzalı ilə birləşdirir. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnib. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, ticarət və ictimai-iaşə obyektləri yerləşir. Əsas magistraldan əlavə, şəhərin planında beş istiqamət nəzərə çarpır. Şimalda Yuxarı Əylis kəndinə, şimal-şərqdə Gənzə kəndinə (Gənzə çayından keçməklə), şərqdə qədim qəbiristanlığa, cənubda Təbriz şəhərinə, cənub-qərbdə Naxçıvan şəhərinə uzanan istiqamətlər aydın seçilir. Məhəllələr ikimərtəbəli şəhər evləri və səkkizbucaqlı daxili həyətə malik kiçik memarlıq elementləri ilə zəngin olan binalardan ibarətdir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur.
XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğundan xəbər verir. Ordubad kəhriz sistemləri üzərində olan “qırx pillə”lərin əksəriyyəti mühəndis və hidrotexniki prinsiplərə riayət olunmaqla inşa edilib. Şəhərdə kəhrizlərin inşası və onlardan istifadə edilməsi üçün “qırx pillə”lərin yerləşdirilməsi yüksək məharətlə həyata keçirilib. Kəhrizlərin həm qidalanma zonalarında, həm də sudan istifadə yerlərində yüksək sanitariya mədəniyyəti normalarına riayət edilib. Yəni kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü axıntı və çöküntülər daxil ola bilmir. Ordubad şəhərindəki həyətlər elə salınıb ki, orada kəhrizlərin hesabına həmişə əlverişli mikroiqlim təmin olunub. Kəhrizlərin çıxışında yerləşən həyətlərdə kəhriz suyundan olduqca səmərəli istifadə edilib. Kəhriz suyu səliqəli arx vasitəsi ilə həyəti dolanıb, həyətdəki hovuz doldurulub və qonşu həyətə ötürülüb. Ev sahibləri həyətdən keçən suyun çirklənməməsinə xüsusi diqqət yetiriblər. Döyənək, Hamam, Mingis, Nəhər, Sərşəhər, Qara hovuz, Əngəş və başqa çeşmələrin çıxışlarında bu gün də bunu görmək mümkündür. Şəhərin əsas sənaye memarlığı ünsürü onun yeraltı kəhriz sistemi ilə əhatələnməsidir. Bu kəhriz sistemi bir-biri ilə əlaqəli şəkildə şəhəri büsbütün əhatə edib. Tarixçilərin dediyinə görə, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olub. 17-ci əsrdə 70 çeşmə şəhəri su ilə təchiz edib. Sonralar bu kəhrizlərin əksəriyyəti uçub dağılıb. Lakin son illərdə dövlətimizin diqqət və qayğısı ilə onlarla kəhriz bərpa olunub. Hazırda şəhərdə 34 kəhrizdən istifadə olunur. Bütün kəhrizlər bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilib. Ümumiyyətlə, kəhrizlərin yer səthindən 3-10 metr dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar onun qədim mədəni səviyyəsini təsdiq edən faktlardır.
Ordubad şəhərinin qədim məhəllələrini gəzərkən, məscidlərini ziyarət edərkən qocaman, yüzillərə şahidlik edən çinarlarla da qarşılaşırsan. Başı göylərə çatan çinarlar Ordubad şəhərinin yaşıl emblemidir. XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov adlı bir səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. Sərşəhər və Ambaras məhəllələrinin qoşa çinarları hələ XIX əsrdə çoxlarını valeh edib. Rus alimi İ.Şopen, polyak tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər. Bu çinarları görəndə düşünürsən ki, çinar ucalığı, çinar əzəməti, qocamanlığı elə bizim xalqımızın, yurdumuzun xüsusiyyətidir.
Müasir dövrümüzdə muxtar respublikanın digər şəhərləri kimi, Ordubad şəhəri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə şəhərdə onlarla yeni obyekt inşa edilərək istifadəyə verilib, yollar, körpülər salınıb, enerji, rabitə, su infrastrukturu yeniləşdirilib. Rayon İcra Hakimiyyətinin binası müasir standartlara cavab verə biləcək şəkildə təmir edilib, Qaz İstismarı İdarəsi, Vergilər Şöbəsi, Mədəniyyət Evi üçün yeni binalar inşa edilib. Ordubad şəhərində aparılan qurucu­luq tədbirləri bunlarla məhdudlaşmayıb. Şəhərdə rayon Elektrik Şəbəkəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi, 7 saylı Dairə Seçki Komissiyası, Ordubad Şəhər Uşaq Musiqi Məktəbi üçün binalar inşa edilib. Nəqliyyat infrastrukturunun yeniləşdirilməsi istiqamətində konkret addımlar atılıb, şəhərdə müasir tələblərə cavab verən avtovağzal kompleksi əhalinin istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının, rayon Polis Şöbəsinin, rayon prokurorluğunun, rayon məhkəməsinin, Kompyuter Təlim-Tədris Mərkəzinin, Yusif Məmmədəliyevin ev-muzeyinin, Məmməd Səid Ordubadinin ev-muzeyinin, uşaq bağçasının, şahmat məktəbinin yeni inşa edilmiş və ya müasir tərzdə yenidən qurulmuş binaları da son illərin quruculuq ərməğanlarındandır. Rayon Mərkəzi Xəstəxanasının binası isə öz görünüşünə və avadanlıq təminatına görə muxtar respublikanın mərkəzi xəstəxanalarından fərqlənmir. Şəhər ərazisindəki bərpaya ehtiyacı olan tarixi abidələr də həyata keçirilən tədbirlərdən nəsibini alıb. Belə ki, Ordubad şəhərində indi Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, Qədim Məbəd, iki yeraltı abidə, bir neçə tarixi kəhriz bərpa edilərək əvvəlki görünüşünə qaytarılıb.

Ordubad şəhərinin yaşı qədimdən-qədim küçələrini gəzərkən, tarixiliyin və müasirliyin vəhdətindən doğan gözəllikləri seyr edərkən bir daha müstəqilliyimizin saysız bəhrələrinin insanların həyatına müsbət təsirinin şahidi olursan. Əmin olursan ki, dahi rəhbərimiz Heydər Əliyevin bizim üçün əbədiliyini təmin etdiyi müstəqil Azərbaycanda qarşıdan gələn hər il yeni uğurlar, nailiyyətlər gətirəcək, Azərbaycanın incisi olan bu şəhər daha da inkişaf edərək dünyanın ən gözəl yaşayış məskənlərindən biri kimi tanınacaqdır.

Səbuhi HÜSEYNOV
 Əli XUDİYEV (foto)