22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Günlərdir, böyükdən-kiçiyə hər bir azərbaycanlının sevincinin həddi-hüdudu yoxdur. Axı ölkəmizin on milyonuncu sakini dünyaya gəlib... Aprelin 6-da gecə saat 0330-da Bakı şəhərində doğulub. Ölkə rəhbərimiz də bu sevincə qoşulub, Azərbaycan xalqını on milyonuncu sakin münasibətilə təbrik edib…
Biz on milyon olduq. Niyə sevinməyək ki? Əhalimizin sayı artır. Bu, ilk növbədə, qonşudakı düşmənimizə gözdağıdır. Qonaqpərvərliyimizdən ərazimizin bir küncündə sığınacaq verdiyimiz qonşularımızın. Bu sığınacağı genişləndirib özlərinə vətən düzəltmək istəyilə tarixən torpaqlarımızda gözü olan qonşularımızın. Qəsbkarlığı ana südü ilə əxz edənlərin 1993-cü ildə işğal etdikləri Azərbaycanın dilbər guşəsi Ağdərə rayonundan məcburi köçkün olan gənc ailənin övladı tamamladı 10 milyonu. Bizə düşmən kəsilən qonşumuzun vətəndaşları aclıqdan, səfalətdən ölkələrini tərk edərkən, ölkə əhalisinin sayı gündən-günə azalarkən bizim sakinlərimizin sayı artır. Hələ dünyanın ayrı-ayrı dövlətlərində yaşayan vətəndaşlarımız vardır ki, müstəqil Azərbaycanımızın azadlığı, sabitliyi, suverenliyi, inkişafı, tərəqqisini, burada insan amilinə verilən qiyməti görüb Vətəninə qayıdıb, yaşamaq üçün məmləkətimizin hər yerdən gözəl olduğunu bəyan ediblər. Niyə də qayıtmasınlar? Belə gözəl Vətən harada var? Çox qədim dövlətçilik ənənələrinə malik, yerinin altı da, üstü də təbii sərvət olan, hər qarışı gözəlliklər məkanı Vətən. Tarixən bütün dövlət formalarını və tiplərini yaşayan, qədim Manna, Midiya, Albaniya, Atropatena, daha sonra Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və adlarını sadalamadığım digər böyük dövlətləri, xanlıqları ilə Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoyan Vətən. Şərqdə ilk demokratik cümhuriyyətin yarandığı Vətən…

Uca Tanrının ümummilli liderimiz Heydər Əliyev kimi görkəmli siyasi xadimi bəxş etdiyi Vətən. Əsrlərboyu müstəqillik arzusu ilə yaşayıb böyük şəxsiyyətin uzaqgörənliyi ilə vətəndaşları azadlığa qovuşan, 27 yaşlı müstəqil Vətən. Ulu öndərin bəşəriyyətin beşiyi olan nadir ölkələrdən, ən qədim insan məskənlərindən biri adlandırdığı Vətən. Ölkə­də yaradılmış möhkəm dövlətçilik prinsipləri ilə hərtərəfli inkişafa, möhtəşəmliyə imza atan, dünyanın azad, suveren, sivil xalqları arasında özünə layiqli yer tutan, hər gün bir kərpic ucalan, gözəlləşən, hüsnünə nəğmələr qoşulan, şeirlər yazılan Vətən…
İgidlər oylağı… Müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda düşmən qarşısına mərdliklə çıxıb əbədiyyətə qovuşan şəhidləri ilə qürur duyan Vətən. Şəhidlərini ağırlayan-əzizləyən, onların övladlarına, ailələrinə hayan olan, ümumilikdə, hər bir sakininin dərd-sərinə ana qayğısı ilə yanaşan Vətən.
Niyə sevinməyək ki?.. On milyon olduq. Ötən illər minlərlə ailələr qurulub ölkəmizdə. Bu ailələr özlərini xoşbəxt hesab edirlər ki, övladları belə bir əmin-amanlıq şəraitində dünyaya göz açır, belə ölkədə böyüyür, Azərbaycan vətəndaşı adını daşıyırlar. Tariximizdən qanına, canına vətənpərvərlik hopan ərlər, ərənlər, xanım qızlar… Bu oğullar, bu qızlar sabahın ziyalıları, ölkəmizin yeni-yeni qurucuları, gələcək inkişafına imza atacaq övladlar olacaqlar.
Doğma Azərbaycanımızda gözəl bir atalar misalı var: “Aslanın erkəyi, dişisi olmaz”. On milyonuncu sakinimiz qız övladıdır. Məcburi köçkün Rauf Həsənovla Nigar Ocaqovanın ailəsində doğulan bu qız uşağının gələcəyin Burla xatını, Sara xatını, Tomris anası, Nigarı, Həcəri olacağını kim deməyə bilər? Tarixən qadınlarımız kişilərə bütün işlərdə arxa, dayaq olub, at belində onlarla birlikdə döyüşlərə yollanıblar. Tariximizin böyük şəxsiyyətlərini, ərləri, ərənləri, igidləri, qəhrəmanları, ölməz şəhidləri bir gün doğulan körpə qızcığaz, gələcəyin anası dünyaya gətirib, ana südü ilə ona can verib, Vətəni sevdirib, vətənpərvərlik aşılayıb. On milyonluq xalq olduq. Bu on milyonun hər birini bir ana dünyaya gətirib. Hər birinin “Azərbaycan” adlı bir ana Vətəni var.
Yurdumuzun dağını, dərəsini, çəmənini gəlişi ilə bəzəyən, təbiəti silkələyib qış yuxusundan ayıldan, yaşıl xalısını ellərə sərən, rəngbərəng çiçəkləri ilə hər addımda bir ­gözəllik yaradan bu gözəl bahar günlərində dünyaya göz açan on milyonuncu sakinimizin qədəmləri bahar qədər uğurlu, ömrü bahar qədər yaradıcı, yenilikçi olsun.
Gün o gün olsun ki, müstəqilliyimizin 50-ci, 100-cü yubileylərini, qüdrətli Milli Ordumuzun səyi ilə torpaqlarımızın yağılardan geri alınmasını qeyd edək. 30-50 milyonuncu sakinlərimizin dünyaya gəlişini bayram edək. Buna haqqın var, Azərbaycan… Sən bütün gözəlliklərə layiqsən – öz qədim tarixinlə, mədəniyyətinlə, dünya arxivlərinin sənin keçmişini təsdiq edən sənədlərlə, əlyazmalarla, bir də dünyanın harasında yaşamasından asılı olmayaraq, səni canlarından artıq sevən vətəndaşlarınla, hər gününlə qürur duyan ­sakinlərinlə…

 Mətanət MƏMMƏDOVA