22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub. Bələdçi bildirib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılışında iştirak edib.

Qeyd edilib ki, muzeyin fondunda, ümumilikdə, 1250-dən artıq eksponat vardır. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir.
Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur. Bunlardan 61-i orijinal rəsm əsəridir.
Diqqətə çatdırılıb ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqın dəyərli sənət yaddaşıdır.
Bildirilib ki, sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb. O, təkcə tanınmış rəssam kimi deyil, həm də maddi çətinliklərinə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına köməklik göstərən görkəmli şəxsiyyət kimi tarixdə yaşayır.
Qeyd edək ki, muxtar respublikada Bəhruz Kəngərli irsi də hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazır­lanıb. Ali Məclis Sədrinin 2012-ci il 12 yanvar tarixli Sərəncamına əsasən rəssamın 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub. 2016-cı ilin may ayının 25-də isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, parkda görkəmli rəssamın abidəsi ucaldılıb.

Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsinin müdiri