Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublikanın prokurorluq orqanlarında işləmək istəyən namizədlərin test imtahanı keçirilib. TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə təşkil edilən üç mərhələdən ibarət test imtahanında 9 vakant yer uğrunda 36 namizəd biliyini sınayıb. Namizədlər 100 suala cavab veriblər. Sualların 80-i qanunvericilik, 20-si isə məntiqi təfəkkür barədə olub.  Xatırladaq ki, muxtar respublika prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanları 2003-cü ildən başlayaraq keçirilir. Test imtahanlarının keçirilməsində məqsəd sözügedən orqanlarda işə qəbulun şəffaf şəkildə həyata keçirilməsidir.