14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

2004-cü il mart ayının 19-da qəsəbə statusu verilən Kəngərli rayonunun inzibati mərkəzi Qıvrağın yerləşdiyi ərazinin bir hissəsindən 7-8 il bundan əvvəl torpaq sahələri kimi istifadə edilib. Naxçıvan-Sədərək magistral yolunun solunda yerləşən kənd muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olmasına baxmayaraq, burada da yeni tikilmiş obyektlər barmaqla sayılası qədər olub. İdarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan yeni rayonun mərkəzinə çevrildikdən sonra burada kompleks quruculuq tədbirləri həyata keçirilib. Qısa müddət ərzində müxtəlifistiqamətli tikililər istifadəyə verilib. Rayon İcra Hakimiyyəti, Maliyyə və Polis şöbələri, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Şöbəsi, rayon məhkəməsi, prokurorluğu, Mərkəzi Xəstəxana, Qaz İstismarı İdarəsi, Tarix-Diyarşünaslıq Muzeyi və rayonun digər idarə, müəssisə və təşkilatları üçün müasir layihə əsasında yeni binalar inşa olunub. Həmin binalarda çalışanlara hərtərəfli iş şəraiti yaradılıb. Qəsəbəarası yollara asfalt salınıb, gözoxşayan gülkarlıqlar yaradılıb. Bir sözlə, qəsəbə müasir rayon mərkəzinə çevrilib.

Bu gün qəsəbəyə baxanda istər-istəməz düşünürsən: qısa müddətdə şəhərəbənzər qəsəbənin salınması muxtar respublikada düzgün seçilən yolun ifadəsi, torpağa, yurda bağlı insanların sabaha cavabdehlik hissinin əməli nəticələridir.


Bu, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkıdır

Rayon mərkəzinin ən gözəl ünvanına çevrilən park, sözün həqiqi mənasında, ulu öndərin adına layiq istirahət guşəsidir. Gül-çiçəyə, yaşıllığa bürünmüş park daim insanlarla dolu olur. Məlumat üçün bildirək ki, 2012-ci il may ayının 30-da parkın açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edərək bu münasibətlə qıvraqlıları, ümumilikdə, Kəngərli rayonunun sakinlərini təbrik edib, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib: “Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada, doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl Mədəniyyət Evi tikilmişdir. Yəni Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir...
Bu gün gözəl Mədəniyyət Evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm mədəniyyət mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda Mədəniyyət Evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm”.
Burada sakinlərin mənalı istirahəti üçün hərtərəfli şərait yaradılıb. Daimi su xətti çəkilib, gülkarlıqlar da öz yerində. Uşaqlar da unudulmayıb. Onlar üçün müxtəlif oyun qurğuları quraşdırılıb. Elə buradaca görüşdüyümüz qəsəbə sakini, rayon Ağsaqqallar Şurasının sədri İsmayıl Hüseynquliyevin qəsəbə haqqında fikirlərini öyrənirik:
– Torpağa, xalqa bağlılıq, əzmkar­lıq, təşəbbüskarlıq olan yerdə hər şeyə nail olmaq mümkündür. Burada nələr yaradıldığını özünüz də görürsünüz. Bəlkə də, neçə illər əvvəl bu barədə söhbət getsəydi, buna inanmayanlar tapıla bilərdi. Bu gün Kəngərli sakinlərinin əsl istirahət yeri olan bu parkda dincələnlər ulu öndər Heydər Əliyev siyasətinin konkret bir rayonun timsalında uğurla davam etdirildiyini, bu siyasətin ölkəmizin gələcəyinə hesablandığını görürlər. Bir daha inanırlar ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur və bu siyasət Azərbaycanın inkişafına xidmət edir. Sevinirəm ki, bugünkü gənclik də bu həqiqəti dərk edir. Ona görə gəncliyin adını çəkirəm ki, dövlətimizin gələcəyi onlara etibar olunub.
Parkın yaxınlığında möhtəşəm bir bina ucaldılıb. Bu, rayon Mədəniyyət və Turizm Şöbəsinin yerləşdiyi Mədəniyyət Evinin binasıdır. Daim çal-çağır səsi gələn bu ünvanda rayonun mədəni həyatını bütün çalarları ilə görmək olar. Mədəniyyət Evinin foyesində bir-birindən zəngin olan bir neçə sərgi nümayiş etdirilir. Sərgilərdən birində muxtar respublikanın, o cümlədən Kəngərli rayonunun sosial-iqtisadi inkişafının göstəriciləri tamaşaçılara təqdim olunur. Digər bir sərgi ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış eloğullarımıza həsr edilib. Milli dəyərlərimizi özündə əks etdirən sərgi də maraqla qarşılanır. Mədəniyyət Evində “Kəngər” instrumental ansamblı, böyüklərdən və uşaqlardan ibarət “Yallı” kollektivləri, qızlardan ibarət “Gülüm hey” folklor qrupu yaradılıb. Bu kollektivlər rayonda və muxtar respublikada keçirilən müsabiqələrdə, dövlət tədbirlərində yaxından iştirak edirlər. Uşaq “Yallı” kollektivi və “Gülüm hey” folklor qrupu 2012-ci ildə “Milli dəyərlər ili” ilə bağlı keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunub. “Yallı” kollektivi XX əsrin ortalarında rayonun bir neçə kəndinin toy məclislərində, el şənliklərində ifa edilən və unudulmaqda olan “Sarı gəlin” yallısına yeni həyat bəxş edib.
Mədəniyyət Evində ulu öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Burada yaradılmış “Heydər Əliyev guşəsi” öz zəngin tərtibatı ilə diqqəti çəkir. Müntəzəm olaraq rayon məktəblərinin şagirdləri buraya gəlir, onlara dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilir. Məqsəd isə ondan ibarətdir ki, müstəqil Azərbaycanın memarı və qurucusu dahi öndər Heydər Əliyev irsinin böyüklüyü, əvəz­olunmazlığı şagirdlərə dərindən aşılansın, gənclərimizin gələcək həyat yollarına işıq tutsun, ümummilli liderin irsi qiymətli milli sərvət kimi yaşadılsın, nəsillərdən nəsillərə ötürülsün.

Qəsəbə sakinləri ilə söhbət

Öncə onu qeyd edək ki, qəsəbədə kompleks quruculuq tədbirlərinə başlanarkən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik də unudulmayıb. Bu təşkilatın da yerləşdiyi ikimərtəbəli qəsəbə mərkəzi tikilib. Binanın yerləşdiyi böyük ərazidə meyvə bağı, gülkarlıqlar və yaşıllıq zolaqları salınıb. Burada müxtəlif təşkilatların birgə fəaliyyətinə şərait yaradılıb. Qəsəbənin icra nümayəndəsi Səfər Nəcəfov bildirdi ki, 5485 qıvraqlı 1136 təsərrüfatda birləşib. Qıvraqlılar yaşadıqları qəsəbənin daha da gözəlləşməsi üçün keçirilən tədbirlərdə fəallıq göstərirlər. Bu yolla 20 hektar meyvə bağı salınıb. Bu gün artıq həmin bağlardan məhsul toplanılır. Müntəzəm olaraq keçirilən iməciliklərdə yaşıllıq zolaqlarının salınması, meyvə tinglərinin əkilməsi, mövcud ağaclara qulluq edilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd aydındır: gənc rayon mərkəzi daha da gözəl olsun. Rayon sakinləri onu da unutmurlar ki, muxtar respublikaya Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrindən keçərək gələn xarici qonaqlar Naxçıvan şəhərinə gedərkən bu qəsəbədən keçirlər. Muxtar respublika haqqında müəyyən təəssüratlar buradan yaranır. Odur ki, qəsəbənin təmiz və abad saxlanılmasına çalışılır.
İcra nümayəndəsi ilə birlikdə qəsəbəni gəzirik. Hər yerdə səliqə-sahman göz oxşayır. Hiss olunur ki, belə səliqə-sahmanın yaradılmasında sakinlərin özləri maraqlıdırlar. Bunu Qıvraq qəsəbə tam orta məktəbinin ərazisində bir daha gördük. Məktəbin direktoru Mahmud Cavadov, müəllimlərin bir neçəsi, texniki işçilər ərazidə çalışırdılar. Gülzarlıqlar suvarılır, təmizlik işləri aparılırdı. Təhsil ocağının rəhbəri qəsəbə ilə bağlı suallarımızı cavablandıraraq bildirdi ki, muxtar respublikada olan 8 qəsəbədən biri də Qıvraq qəsəbəsidir. Onunla qürur hissi duyuruq ki, yaradıldığı qısa müddət ərzində qəsəbədə böyük işlər həyata keçirilib. Onların məktəblərinə də quruculuq işlərindən xeyli pay düşüb. Bir neçə il əvvəl məktəb üçün müasir layihə əsasında yeni bina inşa olunub. Tədrisin səviyyəsini yüksəltmək üçün burada hərtərəfli şərait yaradılıb. Məktəbin müəllim və şagird kollektivi zəngin kitabxanadan, idman zalından, 3 elektron lövhədən, 28 kompyuterdən istifadə etmək imkanı qazanıb. Bütün bunlar təhsildə yüksək uğurlara stimul olub. Ötən dərs ilində məktəbi bitirən 51 məzundan 33-ü ali məktəbə qəbul olunmaq üçün sənəd təqdim edib. Onlardan 20 nəfəri tələbə adına layiq görülüb. Cari ildə isə məktəbi bitirən 71 məzunun 47-si qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Kollektiv əmindir ki, bu il də onların etimadı doğrulacaq.
Məktəbin müəllimi Əli Vəliyev bildirdi ki, bu gün heç bir qıvraqlının nədənsə narazılıq etməyə haqqı yoxdur. Çünki yaxşı yaşamaq və işləmək üçün yüksək şərait yaradılıb. Bütün bunlar muxtar respublikada insan amilinə böyük qayğının ifadəsidir. Davamlı xarakter alan belə qayğı onların məsuliyyət hissini daha da artırır.

Qəsəbə sakinləri göstərilən qayğıdan və nümunəvi xidmətdən razıdırlar

Yazımızın əvvəlində rayondakı təşkilatlar üçün yeni binaların tikilməsi, həmin təşkilatlarda çalışan əməkdaşlara yaradılan şərait barədə qısa məlumat verdik. Rayona gəlmişkən onların fəaliyyəti ilə də maraqlandıq. Əhali ilə söhbət etdik. Öyrəndik ki, bütün təşkilatlarda əhaliyə nümunəvi xidmət göstərilir, qıvraqlıların mövcud problemlərinin həllinə həssaslıqla yanaşılır. Sakinlərin işlə təminatı, rabitə xidmətindən istifadəsi, onlara lazımi səviyyədə tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Təbii ki, bu da qıvraqlılar tərəfindən yüksək dəyərləndirilir, onların qurub-yaratmaq əzmini yüksəldir.
Qəsəbə sakini Mirhəmid Seyidov:
– 85 yaşım var. Son illər muxtar respublikada insanlara çox böyük diqqət və qayğı göstərilir. Bütün bunları bizim Kəngərli rayonunda yaşayan insanlar da qədərincə qiymətləndirirlər. Bu gün müasir rayon mərkəzinə çevrilən Qıvraq qəsəbəsinin də siması belə qayğı hesabına əsaslı surətdə dəyişib. Burada yaşamaqdan zövq alıram. Ona sevinirəm ki, bugünkü gənclər yaradılanların, qurulanların qədrini bilirlər. Bilirlər ki, bütün bunlar onlar üçündür, gələcək nəsil üçündür. Bir ağsaqqal kimi Qıvraq qəsəbəsinə dövlətimizin göstərdiyi bö­yük qayğıya görə minnətdarlığımı bildirirəm.

Qıvraq qəsəbəsi, Kəngərli rayonunun bütün yaşayış məntəqələri sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. Qəsəbədən ayrılarkən şair-publisist Elxan Yurdoğlunun “Bu gözəllik bizim üçün deyilmi?” poemasındakı Kəngərli rayonu ilə bağlı bəndi xatırladım:

               Soyu qədimdən qədim
               Bir nəsilin adını
               Daşıyan Kəngərlini, Kəngərlilər yurdunu
               Yaman dəyişən gördüm, başqa donda hər səhər.
               Heç də təəccüb etməyin
               Bir gün olacaq şəhər.

Muxtar MƏMMƏDOV
 Əli XUDİYEV ( foto )

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1742
4121
9890
56767
3272121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter