19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Milli və dini dəyərlərimizin qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadiminin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi-­memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi ulu öndərin bir daha islami dəyərlərə diqqətini göstərən parlaq misallardır. Artıq multikultural bir ölkə kimi tanınan Azərbaycanda hər bir dindara dini ayinləri icra etməyə hərtərəfli şərait yaradılıb.

Bu gün ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt muxtar respublikamızda uğurla davam etdirilir. Məhz bunun nəticəsində ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı olub.
Dini ibadətgahların müasir standartlar əsasında təmir edilməsi, yeni məscidlərin tikilməsi, müqəddəs yerlərə ziyarətlərin təşkili və sair məsələlərin öz həllini yüksək səviyyədə tapdığı muxtar respublikamızda Ramazan ayının islami qaydalara uyğun şəkildə keçirilməsi təmin edilir. Bu ayda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır. Bu tədbirlərin paytaxt şəhərimiz Naxçıvanla yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də təşkili birliyin, xeyirxahlığın, İslam dininə böyük ehtiramın ifadəsi kimi diqqət çəkir.

Müqəddəs Ramazan ayını müsəlmanlar “on bir ayın sultanı” da adlandırırlar. Həmin ay müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən ­təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da ­yaşayacaqdır”.
Oruc Həzrəti Adəmdən (ə) bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş qədim ibadətdir. Məsələn, Həzrəti Nuh (ə) bayram günləri istisna olmaqla, bütün ilboyu, Həzrəti Davud (ə) isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”, 183) bildirilir.
Həzrəti Peyğəmbər (s.a.v) belə buyurmuşdur: “Ramazan ayı gələndə cənnətin qapıları açılır”.
Bu ibadət müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində – şaban ayının on üçündə bəxş edilmişdir.
Ramazani-Şərif müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki müqəddəs “Qurani­Kərim” bu ayda nazil olmağa başlamış, Həzrəti Məhəmmədə (s.a.v) peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də də əksini tapmışdır: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (əl-Bəqərə, 185).
Oruc ibadətinin həm mənəvi, həm də sağlamlıq baxımından faydaları çoxdur. Bu ibadətin fəzilətlərindən biri insanlarda mərhəmət və xeyirxahlıq hisslərinin güclənməsidir. Belə ki, ömür boyu çətinliyin nə olduğunu bilməyən zənginlər kasıbların halını anlaya bilməzlər. Lakin həmin insanlar oruc tutarsa, aclığın nə olduğunu başa düşərək yoxsulların əziyyətlərini hiss edər və onların qəlblərində şəfqət duyğuları yaranar. Beləliklə də, imkansızlara kömək edərək onları sıxıntılardan qurtarmağa çalışarlar. Orucluq, eləcə də insana nemətlərin qiymətini öyrədir. Oructutmada bir müddət dünya nemətlərindən uzaq olan şəxs yenidən onları əldə etdikdə sevinir, həm də Allaha şükür etməyi öyrənir. Bu ayin həm də insanı sağlamlaşdırır. Çünki on bir ay ərzində çalışan insanın orqanizmi orucluq vaxtı dincəldikdən sonra funksiyasını daha rahat yerinə yetirir.
Müasir tibb elmi də orucun faydalarını göstərmişdir. Fransız alimi, Nobel mükafatı qazanmış Aleksi Karel məsələ ilə bağlı fikrini belə bildirmişdir: “Orucluq müddətində orqanizmdə yığılmış qida maddələri işlənir, sonra isə onların yerinə yeniləri gəlir və vücudda təzələnmə baş verir. Bu və digər baxımdan oruc sağlamlıq üçün faydalıdır”.
Məsələ ilə bağlı Rəsulullah (s.a.v) da hədislərində buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız”.
Həddi-büluğa çatmış, ağlı yerində olan hər müsəlmana oruc vacibdir. Üzrsüz səbəbdən oruc tutma­maq günahdır və cəzası (kəffarəsi) vardır. Kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaq və ya altmış yoxsulu doyuzdurmaqdır. Oruc tuta bilməyən əldən düşmüş və yaşlı şəxslər isə Ramazanın hər günü üçün fidyə verirlər. Fidyənin miqdarı fitrə ­qədərdir.
Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur. Ay 29 gün davam edəndə də orucluq tam hesab edilir. Ən əsası həmin ayı bütünlüklə oruclu keçirməkdir. Necə ki Rəsulullah (s.a.v) doqquz Ramazan orucu ­tutmuş, onların dördü 29, beşi isə 30 gün davam etmişdir.
Oruc tutmağın məqsədi dini ­mükəlləfiyyəti icra etməklə Allahın əmrindən birini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da müəyyən fayda və hikmətləri vardır.

Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Agentliyinin direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273314
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2135
5778
26479
104672
4273314

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter