24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Şərur rayonu

Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyə gəldiyi 1969-cu ildə respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Qısa vaxtda dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada yaranmış sosial-iqtisadi durum hərtərəfli təhlil olundu, geriliyin səbəbləri aşkara çıxarılaraq aradan qaldırıldı. 

Görkəmli dövlət xadiminin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər nəticəsində respublikamız, o cümlədən Naxçıvan Muxtar Respublikası da yüksəliş və tərəqqi dövrünə qədəm qoydu.
Həmin illərdə Şərur rayonunda geniş üzüm plantasiyaları və meyvə bağları salınıb, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv, yağ-pendir zavodları tikilib, dəmir-beton kon­struksiyaları, qum-çınqıl emalı müəssisələri, radiozavod, asfaltzavod işə salınıb. Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsinə yeni həyat verilib.
Muxtar respublikamızda ulu öndərin quruculuq siyasətinin ehtiramla və uğurla davam etdirilməsinin nəticəsidir ki, son 25 ilə yaxın bir dövrdə Şərur müasir Azərbaycan rayonuna çevrilib. Hər il bölgədə genişmiqyaslı quruculuq tədbirlərinin aparılması rayonun ayrılmaz həyat ritminə çevrilib.

Xalqımızın ümummilli lideri, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da geniş qeyd olunub. Rayonun idarə və müəssisələrində ulu ­öndərimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərdə dahi rəhbərin həyat və fəaliyyətinə bir daha nəzər salınıb, onun Azərbaycanımızın hərtərəfli inkişafı naminə xidmətlərindən danışılıb.
Mayın 10-da isə rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək ümummilli liderə, onun əbədiyaşar siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirib, abidə önünə tər qərənfillər düzüblər.

Elman MƏMMƏDOV

* * *

Babək rayonu

Görkəmli dövlət xadiminin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin əzəmətli abidəsi önünə tər qərənfillər düzüblər.

Ulu öndərimiz Azərbaycan xalqının tarixində ən yüksək zirvəni fəth edən, öz misilsiz xidmətləri ilə xalqına müstəqillik bəxş edən, onu inkişafa, firavanlığa və qüdrətə çatdıran dahi liderdir.
Azərbaycan xalqının milli müstəqilliyi və dövlətçiliyi yenidən xalqın böyük oğlu Heydər Əliyevin qırılmaz siyasi iradəsi ilə bərpa edilib. Bu gün inkişaf və tərəqqinin zirvəsində dayanan, hərbi qüdrətə, dayanıqlı iqtisadi gücə və hərtərəfli inkişafa malik olan Azərbaycanın bu inkişafa çatmasında yeganə amil Heydər Əliyev şəxsiyyəti və dahi liderin Vətəninə, xalqına sonsuz məhəbbəti olub.
Babək rayonu da ulu öndərin yadigarlarından hesab olunur. Dahi rəhbərin təşəbbüsü ilə 1978-ci il oktyabrın 23-də təşkil olunan rayon bu gün öz müasir görkəmi ilə diqqəti cəlb edir. O dövrdə rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərin siyasi iradəsinin və milli tarixi ənənələrə böyük bağlılığının nəticəsi idi.
Müstəqillik illərində rayonun yaşayış məntəqələri abadlaşdırılıb, yeni yollar salınıb, müxtəliftəyinatlı obyektlər tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Rayon mərkəzi də daxil olmaqla, kənd yaşayış məntəqələrində yaradılmış infrastruktur Heydər Əliyev siyasi xəttinin rayon sakinlərinə bəxş etdiyi töhfədir. Bu il rayonun daha 2 yaşayış məntəqəsi – Gülşənabad və Kültəpə kəndlərində kompleks quruculuq işləri aparılır. Bütün bu tədbirlər dahi şəxsiyyətin müəyyən etdiyi quruculuq strategiyasının uğurlu davamıdır.

Muxtar RZAZADƏ

* * *

Ordubad rayonu

Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevdir. Bu dahi şəxsiyyətin adı və həyatı Azərbaycanın dövlətçilik və müstəqillik tarixi ilə qoşa çəkilir. Görkəmli dövlət xadiminin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün əbədi örnəkdir. 

Dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Bugünkü müstəqil Azərbaycan dövləti öz varlığına, inkişaf və tərəqqisinə görə ulu öndər Heydər Əliyevə borcludur. Buna görə də xalqımız ümummilli liderin xatirəsini həmişə əziz tutur.
Ölkəmizi vətəndaş müharibəsindən, xəritədən silinmək təhlükəsindən xilas edən, respublikamızın çiçəklənməsinin əsasını qoyan dahi rəhbər Ordubad rayonuna da xüsusi diqqət və qayğı ilə yanaşırdı. Hələ 1980-ci ilin may ayında ümummilli lider Heydər Əliyev Ordubadda olarkən bu gözəl və qədim məkanı “Azərbaycanın incisi” adlandırıb. Ondan bir neçə il əvvəl isə – 1977-ci ildə öz orta əsr plan quruluşunu qoruyub saxlayan Ordubad şəhərinin “Qoruq şəhər” elan edilməsi üçün göstəriş verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində rayon erməni hücumları nəticəsində ilk şəhidlərini verərkən ulu öndər sakinlərlə həmrəy olmaq üçün rayona gəlib. Daha sonralar ümummilli liderin başlatdığı işin uğurla davam etdirilməsi nəticəsində Ordubad rayonu öz simasını kökündən dəyişib. İstər rayon mərkəzində, istərsə də kənd və qəsəbələrimizdə inşa olunan yeni binalar, salınan yollar, park və xiyabanlar bu yaşayış məntəqəsində qədimliklə müasirliyin gözəl vəhdət təşkil etməsinə səbəb olub. Rayonun tamamilə qazlaşdırılması, elektrik enerjisi probleminin birdəfəlik həll edilməsi, əhalinin güzəranının yaxşılaşdırılması üçün həyata keçirilən digər tədbirlər ulu öndərimizin siyasətinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Elə buna görə də ordubadlılar heç bir zaman dahi rəhbərin göstərdiyi diqqət və qayğını unutmur, hər addımda bu əvəzedilməz şəxsiyyətin xatirəsini əziz tuturlar.
Mayın 10-da dahi rəhbərin rayon mərkəzindəki abidəsi önünə toplaşan sakinlər abidə önünə tər güllər düzüb, ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Abbas SEYİD

* * *

Culfa rayonu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Culfa rayonunda da yüksək səviyyədə qeyd olunub. Rayon ictimaiyyətinin nümayəndələri ulu ­öndərin Culfa şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək gül dəstələri düzüblər.
Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi ­inkişaf yolu ilə irəliləməsi məhz ümummilli liderimizin uzaqgörən siyasəti sayəsində mümkün olub.
Bu gün əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, quruculuq tədbirləri, regionların sosial-iqtisadi inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da ulu öndərin istər siyasi, istərsə də quruculuq xətti böyük ehtiramla davam etdirilir. Ona görə də bu qədim diyar özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu inkişafı Culfa rayonunun da timsalında görmək olar. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılıb. Ötən əsrin sonlarında dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda torpaq islahatları ilk dəfə Culfa rayonunun kəndlərində aparılıb. Tarixi, iqtisadi, sosial, mədəni sahələrdə atılan addımlar bölgənin hərtərəfli inkişafına geniş imkanlar açıb. Bu yeni inkişaf mərhələsində rayonun kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Kənd yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzi Culfa şəhəri də bu quruculuq və abadlıq tədbirlərindən güc alaraq daha da gözəlləşib. Hazırda rayon Rabitə İdarəsinin binası, ümummilli liderin adını daşıyan prospekt əsaslı şəkildə yenidən qurulur.

Hüseyn ŞƏKƏRƏLİYEV

* * *

Şahbuz rayonu

Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarında xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstünü ziyarət ediblər.

Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan öz müstəqilliyinə qovuşub. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçilik konsepsiyasını yaradıb. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə­mizin hər yerində bütün sahələrin inkişafına nail olunub, ən ucqar kəndlər belə, müasirliyə qovuşub.
Şahbuz rayonunun da iqtisadiyyatı inkişaf etdirilib, quruculuq, yenidənqurma, tikinti, abadlıq tədbirləri geniş vüsət alıb, əhalinin maddi-rifah halı yüksəldilib. Şahbuzda Şərab, Badamlı mineral sular, Avtomobil təmiri zavodları, Naxçıvan şəhərindəki Radiozavodun və Alt trikotaj malları fabrikinin Şahbuz filialları fəaliyyətə başlayıb. Həmçinin dərman bitkiləri, gön-dəri, meyvə, yun tədarükü və süd emalı məntəqələrinin də yaradılması əhalidən qəbul olunan xammalın istehsalına imkan verib. Texniki peşə məktəblərinin təcrübə sahələrində gənclərə müxtəlif peşə, sənət sahələri öyrədilib, ictimai iaşə obyektlərində və başqa xidmət təşkilatlarında, onların filiallarında əhaliyə yüksək səviyyədə xidmətlər göstərilib. İstehsal sahələrinin fəaliyyəti sayəsində yüzlərlə rayon sakini işlə təmin olunduğundan bu məsələ öz həllini tapıb.
Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə əsasını qoyduğu genişmiqyaslı quruculuq tədbirləri Şahbuz rayonunda məqsədyönlü şəkildə davam etdirilir. Uzun illər görülən işlər nəticəsində nəinki rayonun siması dəyişilib, yolları yenidən müasir formada istifadəyə verilib, kəndlər abadlaşdırılıb, yeni infra­struktur sahələri yaradılıb. Məhz Heydər Əliyev siyasətinin bəhrələri ilə günü-gündən böyüyən, gözəlləşən Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi onun daha da inkişaf edib genişlənməsinə səbəb olub. Dahi liderin Azərbaycanda ikinci dəfə hakimiyyəti dövründə Şahbuz Dövlət Təbiət Qoruğu, Heydər Əliyev Su Anbarı, çox sayda sosial obyektlər, istehsal müəssisələri yaradılıb. Şahbuzlu­lar bu gün də ümummilli lideri minnətdarlıqla xatırlayır. Ulu öndərə olan sevgilərini, rəğbətlərini dahi rəhbərin 96-cı ildönümündə rayon mərkəzində ucaldılan büstünün önünə tər qərənfillər düzməklə ifadə ediblər.

Hicran ƏLİYEVA

* * *

Kəngərli rayonu

Mayın 10-da Kəngərli rayon ictimaiyyəti, həmçinin müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər düzüb, bu böyük insana olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir və qurulan möhkəm təməl, aparılan uğurlu siyasət müstəqilliyimizin sarsılmazlığına və davamlı inkişafa tam təminat verir.
Ümummilli liderin ideyaları Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurub. Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə müəyyənləşdirdiyi inkişaf konsepsiyası, irimiqyaslı proqramlar muxtar respublikada uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, bütün bölgələrimiz kimi, Kəngərli rayonu da gözəlliklər diyarına çevrilib. Bu il yaradılmasının 15 illiyi tamam olan rayonda ötən illər ərzində mühüm infrastruktur layihələri həyata keçirilib, bölgənin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib.
Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi Qıvraq qəsəbəsi öz simasını tamamilə dəyişib. İndi bu adıçəkilən məkanda bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik Mədəniyyət Sarayı, ümummilli lider Heydər Əliyevin abidəsi və digər quruculuq ünvanları rayon mərkəzinin gözəlliyinə əlavə gözəlliklər qatır. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələri abadlaşdırılıb, rayon mərkəzi ilə kəndləri birləşdirən yollar yenidən qurulub. İstehsal və emal müəssisələrinin fəaliyyəti təmin edilərək geniş iqtisadi potensialın əsası qoyulub, əhalinin məşğulluğunun və güzəranının yaxşılaşdırılması üçün etibarlı təminat yaradılıb. Muxtar respublikamızda tarix və mədəniyyətimizə göstərilən böyük dövlət qayğısının nəticəsidir ki, son dövrlərdə rayon ərazisindəki tarixi-mədəniyyət abidələrinin bərpası və təmiri istiqamətində mühüm işlər görülüb.
Kənd təsərrüfatı rayonu kimi ixtisaslaşan Kəngərlidə aqrar sahənin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Mütərəqqi suvarma metodlarının tətbiqi, qapalı suvarma şəbəkələrinin qurulması rayonda əkinçiliyin inkişafı üçün geniş imkanlar açıb, susuz sahələrə həyat verilib, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılıb, məhsul bolluğu üçün şərait yaradılıb.
Bu il martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd edilib, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub. Rayonun yaradılmasının 15-ci ildönümündə sakinlərlə görüşündə Ali Məclisin Sədri rayonun keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq demişdir: “Ötən dövrdə rayonun ictimai-siyasi həyatında böyük də­yişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır”.
Bəli, günü-gündən gözəlləşən və müasirliyə qovuşan Kəngərli rayonu hazırda özünün yüksəliş və intibah dövrünü yaşayır. Bu inkişaf, müasirlik və yeniləşmə ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsinin nəticələridir.

Babək İSMAYILOV

* * *

Sədərək rayonu

 

Sədərəyin 1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil olması bölgənin geostrateji mövqeyi ilə bağlı idi. 2002-ci ilin avqust ayında Sədərək əhalisi ilə görüşündə ümummilli liderimiz bunu belə açıqlamışdı: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir, mən indi qəsəbəni belə görəndə həddindən artıq sevinirəm…”
Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək rayonu XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalıb, Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib. Ulu öndərimizin tövsiyələrinə uyğun olaraq bu tarixi və strateji Azərbaycan rayonuna bu gün də xüsusi diqqət yetirilir.
Sədərəklilər ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, sakini olduqları rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri Heydərabad qəsəbəsinin mərkəzində ucalan ulu öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon sakinləri ilə söhbətimiz zamanı onlar dedilər ki, Sədərəyin sürətli inkişafı bu gün mənfur düşmənlərə ən böyük gözdağıdır. Burada son illərdə müasir tələblərə cavab verən onlarla ikimərtəbəli yaşayış evləri, rayonun idarə, müəssisə və təşkilatları üçün inzibati binalar tikilib. Hazırda belə quruculuq ünvanlarından biri də rayonun mərkəzi Heydərabad qəsəbəsindədir. Burada inşa edilən 7 mərtəbəli bina 48 mənzildən ibarət olacaq. Bu, rayon sakinlərinə, xüsusən gənc ailələrə göstərilən dövlət qayğısının əyani ifadəsidir.
Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində digər bölgələrimizlə yanaşı, rayonun Sədərək və Qaraağac kəndləri də bu gün müasirlik donundadır. Muxtar respublikanın ən böyük kənd yaşayış məntəqəsi olan Sədərək hərtərəfli dövlət qayğısı hesabına qəsəbə təsiri bağışlayır. Rayonun bir neçə idarə və təşkilatı bu kənddə fəaliyyət göstərir. Onlar üçün son illərdə müasir tələblərə cavab verən yeni tikililər inşa olunub. Bütün bunlar hər bir sədərəklini ruhlandırır, onları torpağa, elə-obaya daha sıx tellərlə bağlayır.

 

Sərxan İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014128
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3562
4800
21618
96510
4014128

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter