24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Artıq 9 ildir ki, Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunan Beynəlxalq Şahmat festivalları keçirilir. 9 ildir ki, qoca Şərqin Naxçıvanı öz qapılarını 10-dan artıq ölkənin yüzlərlə şahmatçılarına, eləcə də qonaqlarına açır. 9 ildir ki, 10-dan artıq ölkənin mətbuat və televiziyası Naxçıvanda baş tutan bu festivallardan yazır, yayımlayır. Festival başa çatır, Naxçıvan təəssüratları isə bitmir, tükənmir. 9 ildir ki, 10-dan artıq ölkənin yüzlərlə ailəsi öz övladını Naxçıvana yolçu edir. Yüzlərlə ailədə Naxçıvandan söhbət açılır. Yüzlərlə uşaq, gənc, orta, ahılyaşlı insan öz yaşıdlarına, “Naxçıvana gedirəm”, – deyir, sosial şəbəkələrdə “Naxçıvana Beynəlxalq Şahmat Festivalına yollanıram” cümləsilə paylaşımlar edir. Yüzlərlə şahmatçının ata-anası, baba-nənəsi, yaxın qohumları festivalı izləmək üçün onlarla birlikdə Naxçıvana gəlir. Və gələnlərin hər biri “Yolçuluq Naxçıvanadır”, – deyir. Builki festivala 14 ölkədən 356 şahmatçı gəldi. Deməli, 14 ölkədə Naxçıvandan danışıldı, 356 ailədə Naxçıvandan söhbət açıldı. Və Naxçıvan yenə də 356 şahmatçını və yüzlərlə digər qonağı layiqincə qarşılayıb, yola saldı.

 

Ənənəvi festival Naxçıvanı beynəlxalq şahmat mərkəzinə çevirib

Hər hansı festivalın, tədbirin ənənəvi xarakter alması illər, bir də zəhmət istəyir. Beynəlxalq Şahmat festivallarının ard-arda 9 il keçirildiyi Naxçıvanda bu ənənəni təxəyyüllərdə ötən 9 il formalaşdırsa da, bu 9 ildən öncəki illər və gərgin zəhmətdir həmin ənənənin təməli. İndi bəzi ölkələr hansısa bir beynəlxalq tədbirə ev sahibliyi edə bilmədiyi halda, muxtar respublikamızın, həm də blokada şəraitində olan diyarımızın bunun öhdəsindən layiqincə gəlməsi ötən, ümumilikdə, son 25 ilə yaxın dövrün zəhmətinin bəhrələridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimindəki nitqindən: “Azərbaycanda tarixən şahmat geniş yayılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə şahmat daha da inkişaf etdirilmiş, bu idman növü gənc nəslin intellektual potensialının formalaşdırılmasına öz töhfəsini vermişdir… Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Hər il muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirmişdir”.
Bəli, Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı, idmanın maddi-texniki bazasının gücləndirilməsi, bununla bağlı keçirilən müşavirələr, hər bir uşağın sağlam böyüməsinin vacibliyinin qarşıya vəzifə olaraq qoyulması, dəfələrlə söylənməsi, şəhər və rayonlarımızdan tutmuş ucqar dağ kəndlərimizədək bütün məktəblərdə idman zallarının, qurğularının yaradılması, şahmat fənninin tədris olunması, çoxsaylı tədbirlərin keçirilməsi bütün idman növlərinin, eləcə də şahmatın ildən-ilə daha da inkişaf etdirildiyinin göstəricisidir. Builki festivalda 200-dən artıq naxçıvanlı şahmatçının iştirakı da bunu bir daha təsdiqlədi.
Festival ərəfəsində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilməsini də Naxçıvanda şahmatın inkişafında qazanılan nümunəvi təcrübənin Azərbaycanda da yayılmasına göstərilən təşəbbüs kimi dəyərləndirmək olar.

Ən yaxşı startapçılar

Psixoloqların fikrincə, şahmat onunla məşğul olanlara ən çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq imkanı verir. Şahmatın bütün bu üstün cəhətləri nəzərə alınaraq illərdir ki, Naxçıvanda şahmatın inkişafı üçün hərtərəfli tədbirlər görülür. Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir. Hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FİDE ustası, bir beynəlxalq hakim və bir FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Bir çoxları hesab edir ki, şahmat təbiətdən, yəni anadangəlmə yüksək talant və intellektual qabiliyyətə malik olan insanlar üçün bir oyundur. Bu, müəyyən qədər həqiqətdir, amma şahmat oynayaraq öz intellektual qabiliyyətini yüksəltməyin mümkün olması da doğrudur. Bu, məsələnin birinci tərəfidir. Aparılan araşdırmaların şahmatın beyinin hər iki yarımkürəsinin fəaliyyətini aktivləşdirməsini, yaradıcılıq qabiliyyətini formalaşdırmasını, diqqəti cəmləməyi və mütaliə vərdişlərini təkmilləşdirməsini və yuxarıda da qeyd etdiyimiz kimi, yeni ideyalar yaratmaq imkanı verməsini də nəzərə alsaq, bu gün muxtar respublikamızda şahmatla məşğul olan 4 min gəncin arasında onlarla ən yaxşı şahmatçı ilə yanaşı, ən yaxşı startapçıların yetişəcəyi də sözsüzdür…

Şahmat festivalları diyarımızı gözəl turizm məkanı kimi də tanıdıb

Xüsusilə dəniz və limanlardan bəhs edən romanları ilə məşhurlaşan fransız yazıçısı Pyer Mak Orlan “Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var”, – deyirdi. Bəli, dünyanın, sadəcə, iki, lakin bütün rənglərin yaranma səbəbi olan ağ və qara xanalarda fiqurlara təfəkkür rəqsi etdirən şahmatçılar üçün digər rənglər daha da maraqlıdır. Odur ki, dənizlərdən dənizlərə keçdikcə, ölkələrdən ölkələrə səfər etdikcə ağ-qaradan başqa rəngləri də görməyə can atırlar. Bu rənglər isə ətrafda – təbiətdədir. Elə ötən 9 il Naxçıvana – Beynəlxalq Şahmat Festivalına gələn şahmatçıların, eləcə də qonaqların da hər biri ölkələrinə qayıdarkən festivalın təəssüratları ilə yanaşı, həm də bu qədim diyarın gözəl təbiətindən, tarixindən, mədəniyyətindən, gəzməli-görməli yerlərinə vurğunluqlarından, ümumilikdə, muxtar respublikamızın turizm üçün çox əlverişli bir məkan olduğundan danışırlar. Festivallarda ildən-ilə şahmatçıların və qonaqların sayının artması bunu bir daha təsdiq edir.

Bu mənada, zəka oyunçularının və qonaqların fikirləri maraqlıdır

Şahmat lövhəsi üzərində zəka mübarizəsi aparanlar, təbii ki, ətrafda olanlara da fərqli zəka ilə yanaşır, fərqli qiymət verirlər. Builki festivalın iştirakçıları və qonaqları kimi. Amerikalı qrossmeyster Timur Qarayevin təəssüratları: – Naxçıvan şəhəri öz gözəlliyi və sakitliyi ilə məni valeh etdi. Eyni zamanda mədəniyyətlərimiz bir-birinə çox oxşayır. Deyə bilərəm ki, insanların isti münasibəti, qonaqpərvərliyi və davranışını gördükcə, özümü ölkəmdəki kimi hiss edirəm.
İran İslam Respublikasından gələn Reza İbrahimi deyir: – Bura hər gəlişimdə qədim diyarın gəzməli-görməli yerlərinə də səyahət etməyi çox xoşlayıram. Bu dəfə ailəmi də özümlə bərabər gətirmişəm ki, onlar da bu heyrətamiz məkanı doyunca seyr edib, gözəlliklərdən zövq alsınlar.
Festivalda iştirak edən övladları ilə birlikdə Naxçıvana gələn Qazaxıstan Respublikasının vətəndaşı Saule Jardemova: – Etiraf edim ki, muxtar respublikaya gəlməzdən əvvəl diyarınızın bu qədər ecazkar olacağını təsəvvür belə, etməzdim. Bura gəldim və Şərqin, Asiyanın ən gözəl şəhərlərindən biri ilə tanış oldum. Unikallığı ilə yanaşı, bu şəhərdə həm də yüksək Avropa mədəniyyəti formalaşıb. Daha doğrusu, Şərqin və Qərbin ən üstün dəyərlərini bu şəhərdə görmək olar. Binaların memarlıq quruluşu da diqqətimi cəlb etdi. Şəhərdə qədimliklə müasirlik bir arada yaşadılır. Hiss edirsən ki, Naxçıvanda tarixi keçmişə böyük hörmət göstərilməklə yanaşı, müasirlik də ön planda saxlanılır. Bu isə çox gözəl harmoniya yaradır.

Düşündürən nəticə…

Hər iş, təbii ki, bir nəticə ilə sonlanır. Yuxarıda da söylədiyimiz kimi, doqquz ildir, Beynəlxalq Şahmat Festivalının iştirakçıları burada qarşılanmaları, yerləşdirilmələri, təşkilatçılıq işlərinin möhtəşəmliyi, bir də bənzərsiz təbiətimizin füsunkarlığı və doyumsuz mətbəximizin ləziz təamları ilə diyarımızdan son nəticə olaraq xoş təəssüratlarla ayrılırlar. Lakin bu yaxşı nəticənin düşündürən bir tərəfi də var. Sözsüz ki, zəka sahibləri Naxçıvanın tarixi haqqında da maraqlanmamış deyillər. Onların hər birinə qonşumuzun nankor ermənilər olması və onların torpaq iddiaları ucbatından Naxçıvanın 30 ilədək bir zamanda blokada şəraitində yaşaması da məlumdur. Ermənilərin tamahkarlığı tarixdən hamıya bəlli olduğu üçün bu, qonaqlarda da bir o qədər heyrət yaratmaya bilər. Lakin blokada şəraitində Naxçıvanın bu qədər hərtərəfli inkişafı, buradakı sabitlik, sakitlik illərdir, muxtar respublikamıza gələn hər bir qonaq kimi, zəka sahiblərini və onların ailə üzvlərini də düşündürən məsələdir. Lakin düşündürən bu suala bir zəka sahibi üçün cavab tapmaq da çətin deyil. Çünki şahmat taxtası üzərinə düzülən, sadəcə, fiqurlardır, onların gedişlərini, həm də qələbəyə aparan gedişlərini təmin edən insanlardır. Zəkalı insanlar…

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014124
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3558
4800
21614
96506
4014124

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter