19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ölkənin qüdrəti ordusunun gücü ilə ölçüldüyü kimi, ordunun da potensial imkanları onun silah-sursat arsenalının və döyüş qabiliyyətinin lazımi səviyyədə olması ilə səciyyələndirilir. Günümüzədək dünya tarixində baş verən müharibələri təhlil etsək, görərik ki, qazanılan qələbələrin təməlində heç də təkcə texniki üstünlük əsas olmayıb, uğurun əldə edilməsində döyüş hazırlığı da böyük rol oynayıb. Türk tarixinin şanlı səhifələrindən sayılan Çanaqqala zəfəri bu baxımdan ən gözəl nümunə ola bilər. Həmin vaxt gedən döyüşlərdə qarşı tərəfin texnikası güclü olsa da, türk əsgərinin şücaəti, əzmkarlığı və döyüş qabiliyyəti qalib gəldi. Elə ölkəmiz müstəqillik əldə etdikdən sonra ordumuzun qazandığı qələbələrin, xüsusilə də Aprel döyüşləri və Günnüt əməliyyatının uğurlu alınmasında güclü hərbi texnikamız, məğrur əsgərimizin şücaəti və təlim təcrübəsi həlledici rol oynadı. Əbəs yerə deyilməyib ki, təlimdə tər tökənin müharibədə qanı tökülməz...

Əlahiddə Ümumqoşun Ordunun gücünün, qüdrətinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu istiqamətdə reallaşdırılan işlər sırasında hərbi hissələr üçün yeni binaların tikilməsi, mövcud olanların əsaslı şəkildə yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ön xətdə yerləşən bölmələrin fəaliyyətinin səmərəli təşkili mühüm yer tutur. Həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin artırılması üçün təlim mərkəzləri dünya səviyyəli standartlara uyğunlaşdırılır. Bu işlərin davamı olaraq bu il mart ayının 9-da Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib.

Ötən günlərdə adıçəkilən hərbi əraziyə üz tutub orada yaradılan şəraitlə maraqlandıq. Öyrəndik ki, burada yeni yaşayış və xidmət binası inşa olunub, lazımi avadanlıqlar quraşdırılıb. Binada rabitə, ideoloji, yataq, yemək və texniki otaqlar yaradılıb. Təlim mərkəzində maneələr zolağı və təlim idarəetmə məntəqəsi də fəaliyyət göstərir, ərazidə 8 atəş sahəsi qurulub, yol infrastrukturu yenilənib, buraya 3000-dən artıq ağac tingi əkilib. Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni 300 nəfərlik düşərgə də qurulub ki, burada şəxsi heyətin günün nizam qaydasına uyğun olaraq qidalanması və xidmətin təşkili üçün müasir şərait vardır. Düşərgədə əsgərlərin fiziki güclərini artırmaları üçün futbol, basketbol, voleybol və ağır atletika ilə məşğul olmaları mümkündür. Bundan başqa, mərkəzdə mühəndis, topoqrafiya, artilleriya sinifləri, qarovulların hazırlığı üçün yerlər də müasir görkəmə salınıb ki, bu da əsgərlərin zehni biliklərinin praktik vərdişlərlə qarşılıqlı surətdə gücləndirilməsinə hesablanıb. Mərkəz istifadəyə veriləndən etibarən təlimlər təkcə gündüz şəraitində deyil, gecə müddətində də həyata keçirilir. Bu da şəxsi heyəti istənilən hava şəraitində hər an düşmənin maneələrini, atəş nöqtələrini aşkar edərək ona layiqli zərbə endirməyə hazırlayır.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Fərid Süleymanov bizimlə söhbətində keçirilən təlimlərin, praktik dərslərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, şəxsi heyətin döyüş təcrübəsi qazanması, təlim-məşq vərdişlərinin artırılması üçün belə mərkəzin istifadəyə verilməsi arzuolunan idi. Əvvəllər imkanlar geniş olmadığından dərslər o qədər də ürəkaçan vəziyyətdə keçilmir, dərs prosesində, əsasən, köhnə, ənənəvi metodlara üstünlük verilirdi. Lakin indi təlim üçün lazımi avadanlıqlar var, burada əsgərlərin döyüş bacarıqlarını artıracaq, onları cəldliyə, dözümlülüyə alışdıran maneələr qoyulub, atəş hazırlığı günün tələblərinə uyğun həyata keçirilir. Gündəlik təşkil olunan praktik dərslər əsgərləri həm psixoloji, həm də fiziki cəhətdən döyüşə hazırlayır. Dərslərin üstün cəhətlərindən biri də odur ki, əsgərlər məşq zamanı döyüşdə bir-birləri ilə qarşılıqlı əlaqələri necə quracaqlarını öyrənirlər. Yəni hər kəs tutduğu vəzifəyə uyğun olaraq hansı tapşırığı yerinə yetirəcəyini dərk edir və onu tez bir zamanda yerinə yetirmək bacarığını dərindən mənimsəyir. Sevindirici haldır ki, ordumuzda əsgərlərin günü-gündən qabiliyyəti və potensialı ilə yanaşı, döyüş əhval-ruhiyyəsi də xeyli yüksəlir. Xüsusilə ötən ilin may ayında Günnüt əməliyyatında qazanılan qələbədən sonra bu hal özünü daha qabarıq şəkildə büruzə verir.
Mərkəzlə tanışlığımız əsgərlərin dərs müddətinə təsadüf etdiyindən maraqlı təəssüratlarımız yarandı. Kəşfiyyat zolağında ard-arda qurulan 26 maneəni böyük cəsarət və əzmlə keçən, praktik döyüş tapşırığını səlis yerinə yetirən əsgərlərlə də görüşüb bir neçəsinin fikrini öyrəndik. Şirvan şəhərindən hərbi xidmətə çağırılan Əlizamin Nəzərov bildirdi ki, artıq 6 aydır, Əlahiddə Ümumqoşun Ordunun bölməsində xidmət keçir. Xidmət etdiyi hərbi hissədə yüksək əhval-ruhiyyənin hökm sürdüyünü qeyd edərək dedi:
– Bu gün torpaqlarımızın 20 faizinin işğal altında qalması şəxsi heyətin hər an döyüşə hazır olmasını şərtləndirir. Bunu biz əsgərlər dərindən dərk edirik. Xidmətdə olduğum müddətdə zəngin hərbi biliklərə yiyələnməyə çalışıram. Komandirlərimiz bizimlə mütəmadi olaraq müxtəlif mövzularda söhbətlər aparır, keçilən praktik dərslərdə döyüş hazırlığının sirlərini öyrənirik.
Əlizamin Nəzərov onu da qeyd etdi ki, bu mərkəzin istifadəyə verilməsi məni və əsgər yoldaşlarımı çox sevindirdi. Çünki burada maneələr, istehkam qurğuları, taktiki sahələr tam müasir formada qurulduğu üçün gücümüzü, qabiliyyətimizi əvvəlkindən daha artıq inkişaf etdirə bilirik. Hədəflər orijinal üslubda olduğundan özümüzü sanki qarşımızda düşmən dayanırmış kimi hiss edirik. Beləcə, əzmimiz güclənir, hədəfin məhvinə can atır, bununla da bacarığımızı ortaya çıxarmış oluruq. Onu da yaxşı dərk edirik ki, doğma torpağımız daim vətənpərvər övladları ilə öyünüb. Vətən yolunda canından keçən mərd oğullarımız adlarını əbədi olaraq şanlı tariximizə yazdırıblar. Biz də həmin igidlərdən nümunə götürməli, bu şərəfli işə öz gücümüzlə, qabiliyyətimizlə töhfə verməliyik.
Əsgər Nicat Şıxəliyev İmişli rayonundan hərbi xidmətə çağırılıb. 22 yaşı olan Vətən oğlu 10 aydan çoxdur, Əlahiddə Ümumqoşun Orduda xidmət edir. O, Vətənin keşiyini çəkməyin böyük şərəf və məsuliyyətli iş olduğunu vurğulayaraq dedi:
– Deyirlər, əsgərlik ər meydanı, kişilik məktəbidir. Mən də orduya çağırılandan çalışıram ki, bu məktəbin qarşıma çıxardığı bütün sınaqlardan uğurla keçərək həm Vətənə olan müqəddəs borcumu layiqincə verim, həm də doğmalarımın, yaxınlarımın fəxrinə çevrilim. Artıq xidmətimin yarıdan çoxu arxada qalıb, burada əvvəllər təsəvvür belə, etmədiyim döyüş incəlikləri öyrənmişəm. Komandirlərimizin böyük biliyə, təcrübəyə malik olması və keçilən praktik dərslərin düzgün şəkildə təşkil edilməsi biz əsgərlərin döyüş hazırlığının daha da möhkəmlənməsinə şərait yaradır. Yeni təlim mərkəzinin istifadəyə verilməsindən sonra məşqlərimiz çoxalıb, xüsusilə gecə şəraitində keçdiyimiz dərslər daha önəmlidir. Çünki bu günədək baş verən müharibələrə nəzər yetirsək, görərik ki, döyüşlərin əksəriyyəti gecə vaxtı və yaxud da hava şəraitinin yaxşı olmadığı müddətlərdə aparılıb. Bu da, əslində, hücum edənin böyük döyüş taktikasıdır. Çünki belə vaxtlarda müdafiə tərəfinin qüvvələrinin hazırlıq vəziyyətinə gəlməsi bir az vaxt tələb etdiyindən bu hal hücum edənə böyük üstünlük qazandırır. Lakin biz təlimlər vasitəsilə bütün vəziyyətlərə vaxtında hazır olacağımızı yaxşı öyrənmişik və hər an düşmənə layiqli cavab verməyə qadirik.
Babək rayonundan çağırışçı olan Nurhan İbrahimov söhbətə qoşularaq dedi ki, bütün əsgər yoldaşlarım kimi, mən də hərbi xidməti Vətən qarşısında böyük mənəvi borcum hesab edirəm. Çünki Vətən bizim ən dəyərli varlığımız, müqəddəs and yerimiz, qibləgahımızdır. Hərbi xidmətə çağırılan gündən nizam-intizamlı olmağı, hərbi sirlərə dərindən yiyələnməyi, vicdanla xidmət etməyi özümə söz vermişəm. Komandirlərin təcrübəsindən və praktik dərslər zamanı bizə aşılanan biliklərdən maksimum faydalanmağa can atıram. Onu da bildirim ki, xidməti dövrdə özümə xeyli dost qazanmışam, maraqlı anlarla dolu yaddaqalan günlərimiz keçib. Əsgər yoldaşlarımla hər gün birgə keçdiyimiz praktik dərslərdə bir-birimizin gücünə, qabiliyyətinə daha yaxından bələd olur, həm də düşmənimizə qarşı birlik, bərabərlik nümayiş etdirməyi öyrənirik. Yeni təlim mərkəzində yaradılan döyüş, atəş sahələri də gücümüzü, cəsarətimizi, dözümlülüyümüzü artırır, bizə canlı döyüş ruhu aşılayır. Bütün əsgər yoldaşlarım adından yaradılan şəraitə görə dövlətimizə minnətdaram.

Əzmli, vətənpərvər əsgərlərimizdən ayrılıb redaksiyaya qayıdarkən Xalq şairi Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” misraları yadıma düşdü. Bəli, əminliklə demək olar ki, bu gün doğma Vətənimiz belə güclü, dözümlü, bacarıqlı, döyüş qabiliyyətinə malik övladları ilə fəxr edir. Vətən oğulları yaradılan şəraitdən daha da səmərəli istifadə edərək səriştələrini artırır, yurdun keşiyində gecə-gündüz ayıq-sayıq dayanır, itirilmiş dədə-baba torpaqlarını hər an azad etməyi gözləyirlər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273317
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2138
5778
26482
104675
4273317

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter