16 Sentyabr 2019, Bazar ertəsi

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladıqları sərəncamların əhəmiyyətindən danışıb.
Bildirilib ki, Azərbaycan nəsrinin inkişafında və zənginləşməsində Xalq yazıçısının özünəməxsus xidməti vardır. Əsərlərinin məzmunu, janrı və mövzu əhatəliliyinə görə yazıçı geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tanınmış nasir, publisist və ziyalının həyat və yaradıcılıq yolundan ətraflı məlumat verən nazir Hüseyn İbrahimovun əsərlərinin rus, tacik, tatar, fransız və başqa dillərə tərcümə edildiyini bildirib.

Hüseyn İbrahimovun əsərləri bundan sonra da insanların kamilləşməsinə xidmət edəcəkdir, – deyən Natəvan Qədimova bildirib ki, bu əsərlərdə olan təmizliyə çağırış, insanlara saflıq və gözəllik hisslərini aşılamaq, dövrün mühüm əxlaqi-mənəvi problemlərini qaldırmaq əsas pafos və ideyanı təşkil edir. Yazıçının yüksək amallara xidmət edən əsərləri bundan sonra da sevilə­-sevilə oxunacaqdır.
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli “Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılıq yolu” mövzusunda çıxışında qeyd edib ki, onun əsərlərinin mövzu dairəsi genişdir. Yazıçı yaşadığı dövrün aktual məsələləri ilə bərabər, həm də tarixi mövzularda əsərlər yazıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Vətəndaş yazıçı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Hüseyn İbrahimovun yaradıcılığında xalq və yurd məhəbbəti” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, tanınmış yazıçı maraqlı hekayələri, diqqəti cəlb edən povest və romanları ilə ədəbiyyatımıza sanballı əsərlər bəxş edib.
Vurğulanıb ki, Hüseyn İbrahimovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il 27 iyun tarixli Fərmanı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Hüseyn İbrahimov “Şöhrət” ordeni ilə təltif edilib, 1998-ci il 23 may tarixli Fərmanı ilə ona “Xalq yazıçısı” fəxri adı verilib.
Tədbirin sonunda Xalq yazıçısının 100 illiyinə həsr edilmiş sərgiyə baxış olub.

Əli RZAYEV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR