22 Sentyabr 2019, Bazar

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi ­şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir. Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyaya qoşulmuşdur.
Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.

Muxtar respublika ərazisində ­təbii­-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu ­öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Diyarımızda aparılan yaşıl­laşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq muxtar respublika ərazisində min hektarlarla meyvə bağları salınmışdır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə 1100 hektardan çox sahədə damcı yolu ilə suvarma sistemləri qurulmuşdur.
Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi.
Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii-iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə daim diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpa­çay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, eko­turizmin inkişafına da geniş imkanlar açmışdır.

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrübi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir.
Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.
Görülən işlərin nəticəsi olaraq muxtar respublikanın fauna ehtiyatları müxtəlif növlər üzrə 15-20 faiz artmışdır. Bunlarla yanaşı, muxtar respublika ərazisində 18 dəstə, 51 fəsilə və 142 cinsə daxil olan 241 növ quş, Azərbaycan Respublikasının ərazisində yayılmış 107 məməli heyvan növünün 62 növü məskunlaşmışdır. Həmçinin muxtar respublikada ali sporlu və çılpaqtoxumlu bitkilərin 3 minə yaxın növünə rast gəlinir.
Təbiəti mühafizə sahəsində görü­lən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa, Vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.Ümummilli liderimiz ­Heydər Əliyevin dediyi kimi: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR