12 Noyabr 2019, Çərşənbə axşamı

Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri də bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Bu gün“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur.

Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarındakı məhsul bolluğu deməyə əsas verir ki, adıçəkilən proqram muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
Ötən şənbə günü Naxçıvan şəhərində təşkil edilən yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki insanlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan ucuz qiymətə ala bilirdilər. Yarmarkaya gəlişimiz səhər saatlarına təsadüf etsə də, burada sıxlıq müşahidə edirdik. Biz də həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla həmsöhbət olduq.

Şərur rayonunun Danyeri kənd sakini, ailə təsərrüfatı sahibi Cəbrail Abışovun dedikləri: – Yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Buradakı səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunur. Alıcılar mövsümi meyvələrə daha çox maraq göstərirlər. Mən də həyətyanı sahəmdəki və pay torpağımda yetişdirdiyim meyvə məhsullarını yarmarkaya gətirmişəm. Alma, ərik, gilas, alçanın bu mövsümdə alıcısı başının üstündədir. Səhərdən indiyə kimi gətirdiyim məhsulun, demək olar ki, yarısından çoxunu satmışam. Bizim üçün yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlığımı bildirirəm.
Yarmarkada yerli tərəvəz məhsulları ilə yanaşı, qida kimi istifadə olunan yabanı bitkilər, süfrələrimizin gündəlik bəzəyinə çevrilmiş göyərtilər də çoxluq təşkil edirdi. Naxçıvan şəhər sakini Gülsüm İsmayılova öz həyətyanı sahəsində yetişdirdiyi göyərtiləri, Şahbuz rayon sakini Nəriman Namazov isə dağlardan topladığı yabanı bitkiləri satışa çıxarmışdı. Onlar deyirlər ki, alıcılar daha çox məzrə, nanə, reyhan, şüyüd, keşniş alır, onlardan bəzilərini qurudaraq qış üçün də tədarük edirlər. Satıcılar onu da vurğuladılar ki, diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb, kim istəyir həyətində, pay torpağında istixana qurur, qış fəslində də bazar və dükanlarımızda təzə göyərti bol olur. Amma elə yeməklər var ki, onlara qurudulmuş göyərti qatanda daha dadlı olur. Bəzən əlimiz bazara çatmayanda belə göyərtiyə ehtiyac yaranır. Ona görə də hər bir qadın öz mətbəxində cürbəcür göyərti qurusu saxlamağa üstünlük verir. Alıcıların çoxu yurdumuzun səfalı havasında, təmiz torpağında bitən bu bitkiləri alıb uzaqda yaşayan qohum-əqrəbasına da sovqat göndərir.
Nəriman Namazov Şahbuz rayonunun adla deyilən bitkisi – uşqun haqqında danışır:
– Muxtar respublikanın dağ və dağətəyi ərazilərindən toplanan uşqun min bir dərdin dərmanıdır. Naxçıvan mətbəxində ondan geniş istifadə olunur. Rayonumuzda bu bitki Kükü, Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndlərinin qumsal dağ yamaclarında bitir. Onu da deyim ki, əgər il yağıntılı keçərsə, uşqun bol olar. Çünki yağıntı bu bitkiyə, necə deyərlər, can verir. Dağlardan-düzlərdən yığdığımız həmin bitkini həm öz ailələrimiz üçün tədarük edir, eyni zamanda bazarlara çıxarmaqla alıcılara da təklif edirik.
Yarmarkada alıcılarla da görüşdük. Naxçıvan şəhər sakini Elmira Həsənovanın dediklərindən: – Bu günlərdə biz qadınları düşündürən əsas məsələ qış üçün hazırlıq görmək, yetişən meyvə-tərəvəzlərdən müxtəlif yeməklər, mürəbbələr, kompotlar hazırlayıb qablaşdırmaq, fəslə uyğun göyərtilər alıb qurutmaqdır. Kəndli öz həyət-bacasında əkib-becərdiyi meyvə-tərəvəzdən özünə lazım olanını qış azuqəsi edir, qalanını da gətirib yarmarkada satır. Bu da həm onların ailə büdcəsinə kömək edir, həm də biz şəhər sakinlərinin ehtiyacını ödəyir. Dövlətimiz süfrələrimizin daha zəngin, daha rəngarəng olması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də belə yarmarkaların təşkil edilməsidir. Bu, çox gözəl haldır.
Ruzi-bərəkətli əkin sahələrində artıq digər məhsullar da yetişməkdədir. Önümüzdəki həftələrdə keçiriləcək satış yarmarkalarında şəhər sakinlərinə həmin məhsullar da təqdim olunacaqdır. Alıcıların və satıcıların da qeyd etdikləri kimi, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinləri daim cəlb edir.
Qeyd edək ki, budəfəki kənd təsərrüfatı məhsullarının satış yarmarkasına sahibkarlar, torpaq mülkiyyətçiləri və istehsal müəssisələri tərəfindən, ümumilikdə, 66 adda, müxtəlif çeşiddə məhsul satışa ­çıxarılmışdır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR