20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyunun 19-da “Təbriz” otelində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov bildirib ki, bu gün Azərbaycan-İran əlaqələri ölkələrimizin mənafeyinə uyğun olaraq inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. Bütün bunlar isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələrin uğurlu inkişafına yol açıb, Araz çayından birgə səmərəli istifadəyə zəmin yaradıb.
Əsgər Əsgərov Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının növbəti iclasının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, komissiyanın həmsədri Zakir Quliyev çıxışında bildirib ki, artıq 48 ildir, Azərbaycan və İran arasında Araz çayının su və energetika ehtiyatlarından birgə istifadə üzrə komissiya fəaliyyət göstərir. Həmin komissiyanın iclası hər il tərəfdaş ölkələrin birində keçirilir. Bu il həmin iclas ilk olaraq Bakı şəhərində təşkil edildi, görüşün ikinci gününün isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında keçirilməsi məqsədəuyğun hesab edildi.
Zakir Quliyev iclasda Araz çayından istifadə ilə bağlı 12 maddədən ibarət protokolun müzakirəsinin uğurla davam etdiriləcəyini vurğulayıb.
Komissiyanın həmsədri iclasın keçirilməsi üçün yaradılan şəraitə görə tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova ­minnətdarlığını bildirib.
İran İslam Respublikasının Energetika Nazirliyinin Sərhədyanı çaylar və müştərək su mənbələri üzrə işlər departamentinin direktoru, komissiyanın həmsədri İsa Bozorqzadə qeyd edib ki, İran və Azərbaycan Araz çayından qarşılıqlı anlaşma şəraitində istifadə edir. Bununla bağlı aparılan müzakirələr daim dostluq və qardaşlıq şəraitində davam etdirilir. Bu isə Araz çayından iki ölkənin mənafeyi üçün səmərəli istifadəyə yol açır. Komissiyanın iclasında aparılacaq müzakirələr birgə qərar qəbul etməyimizə imkan verəcəkdir.
Müzakirələrdən sonra Azərbaycan və İran arasında növbəti protokol imzalanıb.
Komissiyanın hər iki ölkədən olan həmsədrləri “Şərq qapısı” qəzetinə müsahibələrində iclasda əldə edilən nəticələr barədə danışıblar.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, komissiyanın həmsədri Zakir Quliyev: – İclasda aparılan müzakirələr nəticəsində imzalanan protokol hər iki tərəfin maraqlarına uyğun olaraq qarşılıqlı münasibətlərin tam təmin olunmasına hesablanıb. Sənəd növbəti müddətə ölkə­lərimizin Araz çayının su ehtiyatlarından səmərəli istifadəsinə şərait yaradır.
Onu da qeyd edim ki, Araz çayının su anbarında bu günədək 1 milyard 241 milyon kubmetr su toplanılıb, həmin suyun bölüşdürülməsi cədvəllər üzrə tam təmin edilib. Bu, Azərbaycanda, xüsusilə aqrar sahədə çalışan insanlara əlverişli imkanlar açır. Bundan başqa, bildiyimiz kimi, Araz çayı həm də bədnam qonşumuz Ermənistanın ərazisindən keçdiyinə görə, burada müəyyən çirklənmələrə məruz qalır. Suyun ekoloji cəhətdən təmiz olmasını müəyyənləşdirmək, onun keyfiyyətini ölçmək üçün laborator nümunələr götürülür. Məhz həmin işlərin həyata keçirilməsi, çirklənmə ərazilərinin müəyyən edilməsi də iclasda müzakirə olundu, qarşılıqlı surətdə bu məsələlərdə tam razılığa gəlindi. Araz çayının suyundan səmərəli istifadə edilməsi, sel sularının vaxtında aşkar olunması üçün elektron sistemin yaradılması ilə bağlı qərar da qəbul etdik. Bununla da daşqınlar zamanı və ya quraqlıq vaxtı sudan səmərəli istifadə etməyimiz mümkün olacaqdır.
Zakir Quliyev qeyd etdi ki, hazırda Araz çayı üzərində Xudafərin Su Anbarının tikintisi davam etdirilir. Bununla bağlı Azərbaycanda komissiya da yaradılıb və həmin komissiya su anbarının yaxın vaxtlarda istismara buraxılması üçün müvafiq tədbirlər planı hazırlayır. Xudafərin Su Anbarı 1 milyard 600 milyon kubmetr su tutacaq ki, bu da hər iki ölkə arasında ikiyə bölünəcək. Həmin su anbarının ehtiyatından gələcəkdə işğaldan azad olunacaq torpaqlarımızda, o cümlədən digər bölgələrimizdə tam istifadə ediləcək.
Komissiyanın həmsədri vurğuladı ki, komissiyanın 50-ci yubiley görüşünün keçirilməsi də iclasda qərara alındı.
İran İslam Respublikasının Energetika Nazirliyinin Sərhədyanı çaylar və müştərək su mənbələri üzrə işlər departamentinin direktoru, komissiyanın həmsədri İsa Bozorq­zadə: – İran və Azərbaycan uzun müddətdir ki, Araz çayında qurulmuş təsisatlardan qarşılıqlı olaraq səmərəli şəkildə istifadə edir, Azərbaycanın Naxçıvan Muxtar Respublikası da bundan faydalanır. Bununla əlaqədar komissiyanın hər il keçirilən iclaslarında Araz çayından necə istifadə edəcəyimiz barədə protokol hazır­layır və buna müvafiq olaraq tədbirlər həyata keçirilir. Növbəti görüşümüzdə qeyd etdiyim məsələlər ətraflı müzakirə olundu. Çalışdıq ki, bir il ərzində öz səmərəsini verə bilən sənəd hazırlayaq. Fikrimcə, əldə etdiyimiz nəticələr buna nail olmağımıza imkan yaradacaq. Beləliklə, bundan sonra da hər iki ölkənin Araz çayından tam, itkisiz yararlanması mümkün olacaqdır.
İsa Bozorqzadə onu da qeyd etdi ki, bütün bu işlərin hər iki ölkənin dostluq, mehriban qonşuluq münasibətlərinə dayanaraq görülməsi gələcəkdə özünün müsbət nəticələrini verəcəkdir.

 Rauf KƏNGƏRLİ
 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280611
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3576
5856
33776
111969
4280611

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter