19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Kəndimizin problemləri

Bu barədə həmişə demişik, şikayət etmişik, aid təşkilatlara yazmışıq. Lakin mövcud problemlər öz həllini illərboyu tapmayıb. İndi kənd camaatı yenə də narazıdır. Muxtar respublika blokada şəraitində yaşayır. Bunu yaxşı başa düşürük. Lakin kəndimizdə informasiya blokadasında qalmağımız bizi çox narahat edir. Ən əvvəl onu deyim ki, radio xətləri nasazdır. Buna görə də həyatımızda baş verən hadisələrdən xəbər tuta bilmirik.
Kəndimizdə cəmi bir ədəd elektrik transformatoru var. Bu isə ilbəil əhalinin artan tələbatını ödəmir. İşıqlar tez-tez sönür, televiziya verilişlərinə də baxa bilmirik. Saat­larla, hətta günlərlə gecələr qaranlıqda qalırıq. Naxçıvandan Xal-xal kəndinə avtobus marşrutu açılması vaxtı çoxdan çatmışdır. Vayxır və Xal-xal kəndlərinə cəmi bir avtobus marşrutu işləyir. Bu isə iki kəndin əhalisinin tələbatını ödəmir. Onu da deyim ki, nəzərdə tutulmuş marşrut on il əvvəlki qayda ilə işləyir. Kəndimizin camaatı bu məsələnin həllini gözləyir. Görəsən, camaatın haqlı tələbinə fikir verən olacaqmı?

“Şərq qapısı” qəzeti, 1994-cü il

Xal-xalın bugünkü müasir mənzərəsi
muxtariyyətimizin bəhrələridir

Ötən əsrin sonlarında muxtar respublikanın ağır blokada şəraitində yaşadığı məşəqqətli günlər, sərhədyanı kəndlərdə mənfur düşmənə qarşı inadlı mübarizə, ulu öndər Heydər Əliyevin o illərdə naxçıvanlılarla birlikdə olması, bu diyarı işğaldan qoruması kimi faktlar Naxçıvanın canlı salnaməsinə çevrilən “Şərq qapısı” qəzetinin tarixdən soraq verən səhifələrində bu gün də yaşamaqdadır. Mətbu orqanın səhifələrində o dövr üçün kənd sakinlərinin yuxarı orqanlara çatdırmaq istədikləri ərz-gileylər, kitabdan-kitaba salınan, ildən-ilə keçən şikayətlər, nəticəsi və reallığı olmayan arzular olduğu kimi əks edilib. Fikrimizcə,“Kəndimizin problemləri” sərlövhəli yazıda Xal-xalın timsalında bütün Naxçıvan kəndlərində üst-üstə yığışıb qalan sosial problemlərin ümumi mənzərəsi əks olunub.

Aradan keçən 25 il ərzində nəinki Xal-xal, ümumilikdə, Naxçıvanımız fədakar əllərin qurub-yaratdığı möhtəşəm bir məkana çevrilib. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında doğma diyarımız elə bir inkişaf yolu keçdi ki, dosta sevinc, düşmənə gözdağı oldu bu yol. Muxtar respublikanın inzibati bölgüsündə kiçik bir yer tutan Xal-xal kəndi də böyüdü, müasir həyata vəsiqə aldı. O vaxt sakinləri narahat edən problemlər, yuxarı orqanlara ünvanladıqları məktublarda uzun-uzadı bəhs etdikləri qayğılar kökündən həll olundu. 600-dən çox sakin üçün isti ana qucağı, qonaqpərvər, mehriban insanların məskəni olan bu kənd 4 il bundan öncə müasir Azərbaycan kəndinə nümunə olan bir simaya qovuşdu. 2015-ci ilin sentyabr ayında kənddə Ali Məclis Sədrinin iştirakı ilə yeni sosial obyektlər – tam orta məktəb binası, müasir kənd və xidmət mərkəzləri, könüloxşayan, rahatlıq bəxş edən yol-nəqliyyat infrastrukturu istifadəyə verildi.
O vaxt giley-güzarın ana xəttində dayanan problem informasiya blokadası ilə bağlı idi. Kənd sakini Elçin Hüseynov o illərin canlı şahidlərindən biridir və həmin vaxt yaşanan çətinlikləri belə nəql edir: – Təsəvvür edin, o narahat günlərdə, torpaqlarımızda müharibə getdiyi bir vaxtda xal-xallıların heç bir yerlə əlaqəsi yox idi. Radiolar, telefonlar işləmirdi. Ümumiyyətlə, respublikada baş verən hansısa yenilikdən xəbər tutmaq üçün min bir əziyyət hesabına ya rayon mərkəzinə, ya da Naxçıvan şəhərinə üz tutmaq lazım gəlirdi. İndi isə hər evdən telefon səsi eşidilir, hərənin cibində, belə desək, 1-2 mobil telefon var. Yüzə yaxın şəxs internetdən istifadə edir. Təkcə kənd məktəbində 17 kompüter quraşdırılıb və internetə qoşulub. Hərənin evində “plazma” televizoru, kompüteri var. Mən özüm, hər gün internetdən “Şərq qapısı” qəzetini, “Nuhçıxan” İnformasiya Agentliyini izləyirəm, ölkəmizdə və muxtar respublikamızda baş verən hadisələrdən xəbərdar oluram. Sözümün canı budur ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində informasiya blokadası həmişəlik yarılıb. Son illər muxtar respublikanın kənd­lərində qurulan kənd mərkəzləri bizim kimi sadə adamların işini yaman asanlaşdırıb. Bütün növ xidmətlər də bir məkanda göstərilir. İndi qəzet və jurnalları da kəndimizdəki poçt bölməsindən alır, işıq və qaz sərfiyyatı üçün yaranan borcumuzu ovuc içi boyda olan kartlar vasitəsilə ödəyirik.
O vaxt yol da yox idi, varlığına vardı, amma bərbad gündə idi, heç buna yol demək olmazdı. Elektrik enerjisi 4-5 saatdan bir olurdu, olmasaydı ondan yaxşı idi, lampanın közərtisini güc-bəla ilə görürdük. Təbii qaz haqqında danışmağa dəyməzdi. Bir neçə il bundan qabaq dövlətimizin başçısı qərar verdi, vəsait ayrıldı, ustalar, iş icraçıları gəlib baxdılar və Hacıvardan Vayxır (Hacıvar-Vayxır-Sirab avtomobil yolu) kəndinədək uzanan yol yenidən qurularaq istifadəyə verildi. Bununla da təkcə biz yox, indi yoldan istifadə edən digər kəndlərin sakinləri də rahat və təhlükəsiz şəkildə mənzil başına çatırlar. Naxçıvan şəhərinə avtobuslar qrafik əsasında mütəmadi olaraq işləyir. Şəxsi avtomobillər də kifayət qədərdir. Sizi inandırım, yola çıxan kimi, necə deyərlər, “maşın düşür” və 5-10 dəqiqəyə çatırsan ünvana.
Müsahibim deyir ki, Naxçıvanın enerji təhlükəsizliyinə töhfə verən, muxtar diyarımızı enerji ixracatçısına çevirən elektrik stansiyalarından olan Günəş Elektrik Stansiyası Xal-xala çox yaxın ərazidə – çayın o tayında yerləşir. Yaxşı xatirimdədir, bu mühüm strateji obyektin açılışına ölkə başçısı da gəlmişdi. Bu işləri görən zaman bir vətəndaş kimi ürəyim dağa dönür. Hərdən öz-özümə deyirəm: yaxşı ki o çətin illərdə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdik, onunla həmrəy olduq. Bugünkü inkişaf və tərəqqinin təməlində dahi rəhbərin müəyyən etdiyi düzgün siyasi YOL dayanır. Bu yolun davamçıları elə bir zəhmət, iradə, fədakar əmək, Vətən təəssübkeşliyi göstərərək Naxçıvanı qurub-yaradırlar ki, bu yurdun sakinləri, gələn qonaqlar, rəsmi şəxslər, turistlər – hər kəs heyran qalır. Qurub-yaradanlara əhsən!

Xal-xal məktəbi bu gün

Məktəbin müəllimlərinin bir məqsədi var: Müstəqil Azərbaycanımızın gələcəyi naminə əsl vətəndaş, əsl ziyalı yetişdirmək. Sevindirici haldır ki, bunun üçün təhsil ocağında geniş imkanlar açılıb. Təvəkkül Həsənov uzun illər bu məktəbdə müəllimlik edib. Uşaqlara ilk dəfə qələm tutmağı, hərf yazmağı öyrədib. Zəhməti də hədər getməyib. Və bu zəhmət o illərdə çəkilib ki, kənd məktəbi yaman gündə idi. İndi o, kəndin mərkəzində saray kimi, imarət kimi ucalan məktəbdə çalışmasından qürur hissi keçirərək deyir: – Belə məktəbdə işləməyə nə var?! Xal-xalda təkcə bu günün yox, sabahın da məktəbi fəaliyyət göstərir. Gələcək perspektiv nəzərə alınaraq bina 192 şagird üçün nəzərdə tutulub. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb. Bu il 2 şagird məktəbdən məzun olub və onların hər ikisi yüksək nəticə göstərib.

Torpaqda izi olmayanın süfrədə üzü olmaz

Bu kiçik kənddə təsərrüfat inkişaf etdirilir, bol məhsul istehsal olunur. Əkinçi ömrünün ən məsul dövrü başlayıb, qayğılar artıb. Elin sərvəti olan taxıl biçini sürətlə aparılır. Xal-xalda az ailə tapılar ki, həyətində istixanası olmasın. Heydər Əliyev Su Anbarının sol sahil kanalı kəndin yaxınlığından keçdiyi üçün suvarma təminatı ilə bağlı olan bütün qayğılar öz həllini tapıb. Bütün bunlar isə təsərrüfat sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına rəvac verir.

O vaxt – heç kəs heç kəsin ərizəsini oxumadığı bir zamanda xal-xallılar Babək rayonunun rəhbərliyinə, daha yuxarı qurumlara çox yazdılar-pozdular, naçar qalanlara çarə tapılmadı. Dedilər ki, səbir edin, dözün. Müstəqillik illərində isə Xal-xal kimi yüzlərlə belə kənddə həmin problemlərin həllində, işlərin icrasında QURUCU RƏHBƏR imzası var. Düzgün idarəetmə sistemi ilə Vətən torpağını dərindən sevən, onun inkişafını, insanlarının yaxşı yaşayışını hər şeydən üstün tutan, şəhər, kənd, qəsəbə, yaxın-uzaq demədən güllük-gülüstana çevrilən Naxçıvan adlı qədim məmləkət müasirliyin işığında daha əsrarəngiz, daha cəlbedici görünür.

Muxtar RZAZADƏ
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2937
5778
27281
105474
4274116

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter