19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Sistemli və peşəkar fəaliyyət növü kimi Azərbaycan diplomatik xidmətinin tarixi 9 iyul 1919-cu ildən başlayır. Məhz həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il 9 iyul tarixi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi altında bu siyasət özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirir. Bir sıra hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol ­oynayır.

Günümüzdə Azərbaycan Respublikası bir sıra beynəlxalq layihələrin də təşəbbüskarı və mühüm iştirakçısıdır. “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, eləcə də onun tərkib hissəsi olan Cənubi Qafqaz boru kəməri, TANAP və TAP kimi beynəlxalq layihələr, o cümlədən bir sıra yaxın dövlətlərlə üçtərəfli əməkdaşlıq formatları Azərbaycanın təşəbbüsü və yaxud dəstəyi ilə reallığa qovuşmuşdur. Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə işlərin yekunlaşdırılması davam etdirilməkdədir. Bu gün Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə və bir sıra beynəlxalq enerji­-kommunikasiya layihələrinin mərkəzinə çevrilməsi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.
Azərbaycanın öz xarici siyasətində, həmçinin multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına nail olması, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ­ölkələrdə hüquqlarının müdafiəsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi əhəmiyyət verir.
Ötən dövrdə ölkəmizin xarici siyasət üzrə hədəfləri və istiqamətləri dəqiq şəkildə müəyyənləşdirilməklə yanaşı, eyni zamanda diplomatik xidmət orqanlarının işinin effektiv təşkili və əməkdaşlarının xidməti işlərində səmərəliliyinin artırılmasına dair məsələlər də daim diqqət mərkəzində saxlanılmışdır. Diplomatik xidmət orqanlarının işinin effektiv təşkili məsələsi ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərində prioritet istiqamətlərdən birini təşkil etmiş və müvafiq fərman və sərəncamlarla öz təsdiqini tapmışdır. Belə ki, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında” Əsasnamə, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında” Əsasnamə, “Azərbaycan Respublikasının Səfirliyi haqqında” Əsasnamə, “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında” Əsasnamə, “Azərbaycan Respublikasının Konsulluğu haqqında” Əsasnamə, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” və sair mühüm hüquqi sənədlər qəbul edilmişdir.
Müstəqilliyimizin bərpa olunmasından sonra keçən iyirmi səkkiz ildə Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə çevrilməyə nail olub. Diplomatik xidmətimizin 100 illik yubileyi ilə eyni vaxtda xarici siyasətimizin keçdiyi yola nəzər salaraq qeyd etməliyik ki, çoxsaylı uğur və nailiyyətlərimizin olması ilə yanaşı, hələ də bir sıra məsələlərin həlli, ən əsası isə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində işlərin daha da gücləndirilməsi diplomatların başlıca vəzifə borcu olaraq qalır. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir.
Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət xətti Naxçıvan Muxtar Respublikasına da öz müsbət təsirini göstərmiş, muxtar respublikanın xarici əlaqələri genişlənmişdir. Muxtar respublika ilə əlaqə qurmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların, həmçinin muxtar respublikaya səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir. Dövlətimizin maraqlarının və xalqımızın milli varlığının qorunmasında diplomatiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “...Hər bir ölkənin diplomatiyası o ölkənin qürur mənbəyidir. Milli dövlətçiliyi və dövlət sərhədləri olan ölkələr istər-istəməz beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilirlər. Bu mənada diplomatiya dövlətçiliklə birbaşa bağlıdır və ondan kənarda ölkələrarası münasibətlər mümkün deyil”.
Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar fonunda Naxçıvan Muxtar Respublikasının da xarici əlaqələri sürətlə genişlənir. Xatırladaq ki, hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan zaman Azərbaycanın həmsərhəd və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsinə, Naxçıvan Muxtar Respublikasının da bu münasibətlərdə iştirakına mühüm diqqət yetirirdi. Bu siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə 2005-ci ilin 31 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır.
İdarənin yaradılması ilə Azərbaycanın xarici əlaqələrində muxtar respublikanın iştirakı daha da genişlənmiş, Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin həyata keçirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsi təmin olunmuşdur. İdarə yarandığı gündən bəri öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir, Naxçıvan Muxtar Respublikasının səlahiyyətləri daxilində bağladığı müqavilə layihələrinin hazırlanmasını, danışıqların hazırlanması və aparılmasını, muxtar respublikada dövlət protokolunun həyata keçirilməsini təmin edir, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin, eləcə də muxtar diyara səfər edən xarici nümayəndə heyətlərinin dövlət hakimiyyəti orqanları ilə münasibətlərini və fəaliyyətlərini əlaqələndirir.
Hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin işinin səmərəli təşkili üçün kadrların seçilməsi və onların peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. İdarədə fəaliyyət göstərən diplomatlar mütəmadi olaraq ADA Universitetində və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. 2018-ci ildə əməkdaşlardan 4-ü Türkiyədə, 2-si Pakistanda, 1-i Yaponiyada və 1-i Rumıniyada, 2019-cu ilin yanvar-iyun ayları ərzində isə 1-i Latviyada və 1-i Türkmənistanda təşkil olunmuş ixtisasartırma kurslarında iştirak etmişlər. Bundan başqa, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanında, eləcə də Culfa və Naxçıvan dəmir yolu vağzallarının sərhəd-nəzarət buraxılış məntəqələrində viza sektorları fəaliyyət göstərir. Ötən dövr ərzində idarədən Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə 23 əməkdaş ezam olunmuşdur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivi ölkəmizin milli və siyasi maraqlarının qorunmasında bundan sonra da yorulmadan fəaliyyət göstərəcəkdir.

Mina İMANOVA
Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274109
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2930
5778
27274
105467
4274109

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter