22 Sentyabr 2019, Bazar

Mühüm həyat səviyyəsi göstəricisi olan turizmin inkişafına Naxçıvan Muxtar Respublikasında ciddi diqqət yetirilir. Turizmin inkişaf məsələləri bütün dövrlər üçün aktual və kifayət qədər çətin olub. Burada müasir turistlərin tələbatlarının düzgün qiymətləndirilməsindən tutmuş mürəkkəb beynəlxalq vəziyyətə görə qərarlar qəbul edilməsinədək hər cür məsələlər vardır. Lakin təcrübə göstərir ki, cəlbedici turizm marşrutlarının yaradılması bu sahədəki işlərin həllinə həmişə təkan verir.

Muxtar respublikamızda həm yerli, həm də əcnəbi turistlərin marağını cəlb edəcək xeyli sayda turizm marşrutları vardır. Bu gün diyarımızda mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi­-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərindəki turizm marşrutları boyunca səyahət və xidmətlər turistlər tərəfindən maraqla qarşılanır. Ancaq perspektivdə bu marşrutların sayının daha da artırılması və bu istiqamətlərdə satışa çıxarılan yollayışların turistlərə təqdim olunması da mümkündür. Belə ki, Naxçıvan-Nehrəm, Naxçıvan-Nəhəcir və Naxçıvan-Sədərək kimi perspektiv marşrutlar da indidən turistlərin marağını cəlb etməkdədir.

Turizm marşrutları geniş mövzu olub, xüsusən Naxçıvan kimi turizm potensialı hələ ki tam istifadə olunmayan bir diyarda həm araşdırma, həm də yeni startap layihələri kimi də maraq kəsb edir. Ona görə də turizm marşrutlarına qarşı qoyulan ümumi tələblər haqqında danışarkən bu sahədə əldə olunan biliklərlə bərabər, bu marşrutların hazrlanması zamanı çevik qiymətləndirmə, marketinq, marşrut üzərində yerləşən yaşayış məntəqələrindəki yerli əhalinin maraqları, milli adət və ənənələr, əsasən, xidmət sahələri olmaqla, kiçik sahibkarlığın, fərdi ailə təsərrüfatlarının imkanları da nəzərə alınmalıdır. Marşrut boyunca turistlərin ala biləcəkləri informasiyanın etibarlı və inandırıcılığı vəzifəsi isə bəzilərinin düşündüyü kimi yalnız taksi sürücülərinin deyil, həm də bu sahənin peşəkarları olan turizm bələdçilərinin üzərinə düşür. Çünki yurdumuzun tarixini və bugünkü inkişafını hamıdan yaxşı bilmək, onun hər bir qeyri-adi mənzərəsinə – əzəmətli qayasına və kiçik bir daşına, sıx meşəsinə və tənha bənövşəsinə, qarlı qışına və gül-çiçəkli yazına peşəkar bir turist gözü ilə də baxmaq lazımdır. Bu mənada, Naxçıvan-Sədərək turizm marşrutunun olduqca cazibədar ­xüsusiyyətləri görünməkdədir.
Naxçıvan-Sədərək turizm mar­şrutu muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindən başlayaraq qərbə doğru, təqribən, 90 kilometr boyunca uzanır. Bu marşrut, təxminən, 30 kilometr məsafədə Naxçıvan-Qarabağlar turizm marşrutu ilə üst-üstə düşür. Yol boyunca Sədərək rayonuna çatanadək muxtar respublikanın ən böyük inzibati ərazi vahidlərindən biri olan Şərur rayonu ilə tanışlıq da mümkündür. Belə ki, bu tip marşrutlar, adətən, birgünlük olduğundan tur proqramların tərtibi zamanı rəngarənglik üçün yolboyu yaşayış məntəqələrindəki tarixi-mədəni zənginliklərlə tanış olmaq, milli mətbəxdən dadmaq olar. Dünya standartlarına uyğun olaraq inşa edilmiş müasir yolla hərəkət edən turist avtobusu normal sürətlə, təxminən, bir saat yarımlıq bir müddətdə ölkəmizin ən qərb nöqtəsi, qardaş Türkiyə Cümhuriyyəti ilə qonşu olan Sədərək rayonuna çatır.
Sədərək mühüm strateji nöqtədə yerləşir. Üç dövlətlə sərhəddə yerləşən rayon inzibati mərkəzi olan və ulu öndərin adını daşıyan Heydər­abad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir. 1990-cı ildə Kərki kəndi Ermənistan tərəfindən işğal edildiyindən rayon əhalisi hazırda 3 yaşayış məntəqəsində cəmləşib.
Heydərabad qəsəbəsi və Sədərək kəndinin müasir sosial həyatı ilə tanış olan turistlərə bildirilməlidir ki, Sədərək kəndi təkcə muxtar respublikamızın deyil, eləcə də ölkəmizin iri kənd yaşayış məntəqələrindən biridir. Bir çox mənbələrdə adı “Səd rəng”, yəni “Min rəng” kimi qeyd olunan bu kənddə “Sədərək qalası”, “Ağ oğlan”, “Kültəpə” kimi çox sayda türkmənşəli toponimlər vardır.
Sədərək haqqında turistlərə təqdimata başlayarkən yaxın keçmişdə sədərəklilərin xalqımızın qəhrəmanlıq tarixindəki yerini mütləq çatdırmaq lazımdır. Aralarında qadın, kişi, qoca, cavan – 52 sədərəkli şəhidin uyuduğu Şəhidlər xiyabanında bir dəqiqəlik sükutdan sonra Sədərəklə tanışlığa başlamaq olar. Gələn turistlər bilməlidirlər ki, burada erməni təcavüzkarlarına qarşı ilk döyüş 1990-cı il yanvar ayının 18-də olub. Təkcə 1990-cı il mart ayının 28-də Ermənistan tərəfdən Sədərəyə 300-ə yaxın top mərmisi atılıb. Bu müddət ərzində ərazidə 500-ə yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıdılıb. Həmin illərdə Naxçıvanın bütün bölgələrindən, həmçinin ölkəmizin digər yerlərindən Sədərəyə kömək gəlib. Qeyri-­bərabər döyüşlərdə 500-ə yaxın adam yaralanıb. 108 azərbaycanlı şəhidlik zirvəsinə ucalıb ki, onlardan 52-si sədərəklidir. Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindəki zəngin eksponatlar arasında bu tarixi sənədlərlə tanış olan turistlərdə heç zaman unudulmayacaq təəssüratlar yaranacaq.
Sədərəyə gəlmiş hər bir qonaq 1918-ci ildə erməni quldurları Naxçıvana hücum edərkən qədim diyarı müdafiə məqsədilə buraya gələn türk ordusunun əsgəri Əli Çavuşun qəbri üzərindəki abidəni də ziyarət edə, şəhidin qəhrəmanlıq hekayəsini maraqla dinləyə bilər. Deyilənə görə, qəhrəman türk əsgəri Şərur rayonunda “Qaratəpə” adlanan yerdə yaralanıb şəhidlik zirvəsinə ucalır və vəsiyyətinə görə Sədərəkdə dəfn edilir. Şəhidlər xiyabanında bu gün Əli Çavuşun qəbirüstü abidəsi də ziyarət olunur.
Təbii cazibə elementi qardaş Türkiyə ərazisindəki Ağrı dağı mənzərəsi Sədərəyə gəlmiş turistlər üçün maraqlıdır. Bölgənin ən yüksək zirvəsi olan bu dağın Sədərəkdən açılan panoramı fotoovçuluq və yaxud sunset turizmi həvəskarları üçün olduqca cazibədardır. Sədərək rayonu ilə Ağrı dağı arasındakı yol məsafəsi, təxminən, 200 kilometr olsa da, aydın havalarda görüş məsafəsi çox yaxın olur. 5 min metrdən çox hündürlüyə malik olan Böyük Ağrı dağı və 4 min metrə yaxın hündürlüyü olan Kiçik Ağrı Anadolu yarım­adasının ən yüksək zirvələri kimi ilin bütün fəsillərində öz gözəlliyi ilə onu görənləri heyran edir. Qeyd edək ki, “Nuh tufanı əfsanəsi” adı ilə tanınan Ağrı dağının yalnız Sədərəkdən olan görüntüsü məhz bu rayonun təbii turizm cazibədarlığını artıran amillərdəndir.
Tarix həvəskarları kimi Sədərəyə gələn turistlər üçün buradakı Eneolit, Tunc dövrlərinə və orta əsrlərə aid yaşayış yerləri təqdim oluna bilər. Sədərəyin cənubunda eramızdan əvvəl IV-III minilliyə aid yaşayış yeri vardır. Burada Əjdəkan, Cin təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağ oğlan, Karvansara, Ələddin, Qaraburun və digər tarixi yer adları maraq kəsb edir. Sədərək qalasının izləri bu günədək qalmaqdadır. Rayon ərazisində tarix-memarlıq abidələrindən 3 məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, karvansara, Ağ oğlan piri və ­hamam binası vardır. Qədim İpək Yolu üzərindəki Naxçıvan karvansaralarından biri olan Sədərək kəndinin cənubundakı karvansaranın XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyi tarixçilər tərəfindən sübut olunub. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt və ya Küngüt toponimi, ehtimal ki, monqolların tərkibində Azərbaycana gələn küngüt türkdilli tayfa adı ilə əlaqəlidir.
Sədərəyə gəlmiş turistlər üçün “Ağ oğlan” əfsanəsi cazibədar ola bilər. Yerli əhali arasında yayılmış əfsanəyə görə, qədim zamanlarda indiki Sədərək kəndinin yerində insanlarla bir arada yaşayan dağ keçilərinin balasını saxtakar dərviş öldürüb. Kənd camaatı Dərvişi ­qılıncla doğrayaraq sirli şəkildə yoxa çıxan ağ örtüklü Qorxmazı “ağ oğlan” deyərək axtarır. Sonralar onun ana keçinin ölmüş balasının qanı ilə qarışıb daşa döndüyü yer ziyarətgaha çevirilib. İnsanlar indi də bu ziyarətgaha gəlib dualar ­edirlər.

Sədərəklilər çox qonaqpərvərdirlər. İlin istənilən vaxtında Naxçıvandan qərbə doğru yola çıxıb Sədərəyə doğru irəlilədikcə yolboyu ətraf şəhər və kəndlərin gözəllikləri, sözün əsl mənasında, göz oxşayır. Bu marşrutun sonunda Vətənimizin ən qərb nöqtəsi, yurdumuzun döyünən ürəyi, Naxçıvanın qeyrət qalası Sədərəklə mükəmməl tanışlıq bizi gözləyir. Qeyri-adi təbiət mənzərələri, zəngin tarixi, sənətkarlıq nümunələri, unudulmaz qəhrəmanlıq səhifəsi ilə yanaşı, Sədərəyin özünəməxsus olan milli mətbəxi və meyvə bağları da bu marşrut boyunca hazırlanmış tur pro­qramlara daxil edilə bilər.

Aysel BAĞIROVA
“Naxçıvan” Universitetinin Turizm və otelçilik
ixtisası üzrə II kurs tələbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR