14 Dekabr 2019, Şənbə

Hər bir xalqın milli-mənəvi dəyərlərinin, mütərəqqi dünyagörüşünün və milli şüur səviyyəsinin əsas göstəricilərindən biri də onun mətbuatıdır. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı da həqiqət carçısı, mütərəqqi ideyalar tərənnümçüsü olmaqla, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Milli mətbuatın yaranması milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, milli mədəni tərəqqiyə, milli əqidəmizin təkamülünə təkan vermişdir. İlk milli mətbuat orqanımız özünün maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi başlıca prinsipləri ilə Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməlini qoymuşdur. 

XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq ideyalarının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Lakin ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın zorla sovetləşdirilməsi ilə milli mətbuatımız da sovet diktaturasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Ümummilli lider demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini açıq şəkildə deməkdən çəkinmirdi. Bu baxımdan onun 1981-ci il dekabrın 19-da “Literaturnaya qazeta”da dərc olunmuş məşhur “Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsinin böyük sensasiya yaratdığını xatırlatmaq lazımdır.

Çoxəsrlik tarixə və zəngin ənənələrə malik milli mətbuatımızın müstəqillik illərindəki inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub.
Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkə­də mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qabaqcıl ictimai fikrin, milli məfkurənin inkişafında, müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanun­vericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüşə səbəb oldu. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, Azərbaycan mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu.
Ulu öndərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edilməsi olduqca cəsarətli, prinsipial addım idi. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını asanlaşdırdı. 1999-cu il 7 dekabr tarixdə imzalanmış “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna əsasən Azərbaycanda mətbuatın dövlət qeydiyyatının ləğv olunması kütləvi informasiya vasitələrinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində aparılan siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi. Müdrik dövlət rəhbəri kütləvi informasiya vasitələrinin, ayrı-ayrı jurnalistlərin demokratik və müstəqil dövlət quruculuğu prosesindəki, ölkə ictimaiyyətinin informasiya təminatındakı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. ...O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Ölkə Prezidenti mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanları yaradıb. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif olunması, onlara fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür. Prezident cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları mətbuata göstərilən dövlət qayğısının davamı kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlərin mənzillərlə təmin olunması isə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin davamıdır.
Muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz töhfəsini verib. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların maddi-texniki bazası daha da gücləndirilib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün dövri mətbu orqanı vardır.
2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması sayəsində muxtar respublikanın bütün qəzet və jurnalları bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat işçiləri ilə keçirdiyi görüşlər, onların problemləri ilə maraqlanması, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı konkret addımların atılması, dəyərli məsləhətlər verməsi jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda 2017-ci il yanvarın 28-də keçirilən müşavirə mətbuatı yeni mərhələdə inkişafa, jurnalistləri ölkəmizin maraqlarına xidmət edən materiallar hazırlamağa, internetin imkanlarından yararlanaraq geniş təbliğat işləri aparmağa sövq edib. Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olub. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası möhkəmləndirilib, yaradıcılıq imkanları artırılıb. Bu tədbirlərin davamı olaraq ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınıb.
Muxtar respublikamızda qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulub, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılıb. Həmçinin Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı 19 saata çatdırılıb. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən çox əməkdaş çalışır. Naxçıvan Dövlət Televiziyasının, “Şərq qapısı” qəzetinin internet saytlarının yaradılması, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının fəaliyyət göstərməsi, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar yaradılan “Nuhçıxan” İnformasiya Agentliyi və onun saytı ən mühüm informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları üç dildə dünyaya çatdırmaq kimi uğurlu fəaliyyət göstərir.
Bu gün muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər. Muxtar respublikada kütləvi informasiya vasitələri sahəsində çalışanların dövlət mükafatları ilə təltif olunması jurnalist əməyinə verilən qiymət, yüksək etimaddır.
Muxtar respublikada müasir jurnalistika yaradılan şəraitdən və dövlət qayğısından bəhrələnərək qədim diyarın dinamik inkişaf strategiyasının, düşünülmüş uğurlu siyasətin təbliği istiqamətində fəaliyyətini davam etdirməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında demişdir: “Muxtar respublikanın kütləvi informasiya vasitələri informasiya-məlumatlandırma işini günün tələbləri səviyyəsində qurmalı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, milli dəyərlərimiz və turizm potensialı haqqında materiallar hazırlanmalı, sosial şəbəkələrin imkanlarından səmərəli istifadə olunmalı və geniş təbliğat işləri aparılmalıdır. Mətbuat ictimai fikri istiqamətləndirməli, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı analitik və təhlili materiallar işlənilməlidir”.
Naxçıvan mətbuatı bu prinsipləri rəhbər tutaraq bundan sonra da müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, maarifləndirmək uğrunda yorulmaz fəaliyyət göstərəcək.

“Şərq qapısı”

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR