14 Dekabr 2019, Şənbə

İclasda cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib. Bildirib ki, ötən müddətdə təşkilatın şura və İdarə Heyətinin üzvləri ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Vurğulanıb ki, partiyanın rayon təşkilatının xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının yaradılmasının 26-cı ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.
Diqqətə çatdırılıb ki, hazırda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibindəki 87 ilk təşkilatda 10 min 598 nəfər partiya üzvü vardır. Bu ilin altı ayı ərzində partiya sıralarına qəbul edilən 68 nəfərin 61-i gənc, 33-ü qadındır.
Perspektiv məsələlərdən danışan təşkilat sədri bildirib ki, ilk təşkilatlarda ideoloji işin və onun metodlarının daim təkmilləşdirilməsi, partiyaya daha çox gəncin cəlb olunması, təbliğat-təşviqat işlərinin günün tələblərinə uyğun qurulması, yaradılmış potensialdan düzgün istifadə və onun qorunması bundan sonra da qarşıda duran əsas vəzifələrdəndir.
Təşkilat sədri deyib ki, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi tamam olur. Bununla əlaqədar rayon təşkilatında geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məruzəçi dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.

İclasda çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Azərbaycanda, eləcə də muxtar respublikamızda Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan bəhs edərək bildirib ki, qazanılmış hər bir müvəffəqiyyətin kökündə artıq özünü əsl xalq partiyası kimi təsdiqləmiş Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun fəaliyyəti dayanır. Partiyanın yaradıcısı, onun daimi və əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov diyarımızın gündən-günə çiçəklənməsi, tərəqqisi və hərtərəfli­ inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, muxtar respublikada, o cümlədən Şərur rayonunda bütün sahələr sürətlə inkişaf edir, ümumi daxili məhsul, həyata keçirilən quruculuq, yaşıllaşdırma və abadlıq tədbirlərinin miqyası, tikinti-­quraşdırma işlərinə qoyulan investisiyanın həcmi ildən-ilə daha da artır. Artıq rayonun 50-dən artıq yaşayış məntəqəsində geniş quruculuq tədbirləri aparılıb, infra­strukturlar yenilənib. Hazırda yeddi kənddə yeni sosial obyektlər tikilir, Şərur şəhərində yaşayış binaları inşa olunur, yollar əsaslı şəkildə yenidən qurulur. Zeyvə və Düdəngə kəndlərində içməli su sistemlərinin çəkilişi, Dizə kəndində sutəmizləyici qurğunun və su anbarlarının tikintisi davam edir, aqrar sahədə hər il artımlar qeydə alınır. Bütün bu tədbirlərdə Yeni Azərbaycan Partiyasının üzvləri öndə gedirlər.
Şura yığıncağında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov rayon təşkilatının, onun ərazi ilk təşkilatlarının və digər struktur bölmələrinin 2019-cu ilin birinci yarısındakı fəaliyyətini təhlil edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1993-cü ilin yanvar ayında təsis olunmuş Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatı şərəfli inkişaf yolu keçərək hazır­da ətrafında 10 mindən artıq partiya üzvünü birləşdirir. Bu, rayondakı siyasi aktiv əhalinin 15 faizi deməkdir. Partiya üzvlərinin seçkili orqanlarda təmsilçiliyi də buna sübutdur. Son illərdə Naxçıvan Muxtar Respublikasının kənd yaşayış məntəqələrindəki sosial infrastrukturların inkişafından partiyanın yerli təşkilatları da yararlanıb, Şərur rayonunda 42 kənd ərazi təşkilatı müasir şəraiti olan otaqlarla təmin edilib. Bütün bunlar yerlərdə aktivliyin və təşəbbüs­karlığın daha da artırılması üçün stimul rolunu oynamalıdır.
Vurğulanıb ki, partiya təşkilatlarının fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi illik İş Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bundan sonra da başlıca vəzifə kimi müəyyən olunmalı, həmin sənədin icrası zamanı keyfiyyət və əhatəlilik amilləri nəzərə alınmalıdır.
Məruzə ətrafında çıxışlar olub.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edilib.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR