20 Avqust 2019, Çərşənbə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Yolumuz yaşı min illərə söykənən, qədim tarixə, gözəl təbiətə, zəhmətkeş və torpağa bağlı insanları olan Ordubad rayonunun Nəsirvaz kəndinədir. Avtomobilimiz hamar yollarla irəlilədikcə sehrinə düşdüyümüz mənzərələr – gözəllik libası geyinən dağlar, dərələr, göyqurşağının rənglərini kölgədə buraxan rəngarəng çəmənliklər ruhumuza dinclik bəxş edir.
Küləyin həzin mehindən yarpaqların pıçıltısını dinlədikcə, yenicə yağan yağışdan islanan torpağın ətrini hiss etdikcə xoş duyğular təlatümə gəlir, təbiət büründüyü libası ilə qəlbimizi riqqətə gətirir. Düşüncələrimizdə gözoxşayan mənzərələri və bərəkətli günləri ilə təcəssüm olunan fəsillərin yaraşığı yayı gözəl Naxçıvanımızın dağ kəndlərində müşahidə etmək, doğrudan da, bir başqa aləmdir. Belə əsrarəngiz mənzərələri heyranlıqla izlədiyimi görən sürücü deyir ki, Uca Yaradan bu yerlərə hər neməti bəxş edib. İlin bütün fəsillərində, günün hər çağında gözəldir, cazibədardır bu yerlər. Gilançay, Əyriçay boyunca sıralanan kəndlərdə uzaqdan boy göstərən yaraşıqlı binalar isə, heç şübhəsiz, gündən-günə inkişaf edən Naxçıvanın müasir mənzərəsidir. Görünən odur ki, muxtar respublikamızda aparılan geniş quruculuq, abadlıq işlərindən bütün kəndlərimizə pay düşüb. Günü-gündən yeniliyə qovuşan kəndlərdə mühüm infra­struktur layihələri həyata keçirilib. Bu yerlərdə aparılan quruculuq tədbirlərindən Nəsirvaz kəndi də öz payını alıb. Səfərimiz zamanı digər dağ kənd­ləri ilə yanaşı, bu kəndə də şəhər mədəniyyəti gətirildiyinin şahidi olduq. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, müasirtipli məktəb, mədəniyyət və səhiyyə ocaqları xidmətin səviyyəsini yüksəldib.

Bu kəndin təbiəti qədər sakinləri də gözəldir. Mehriban, qonaqpərvər, xoşçöhrəli olmaqla yanaşı, həm də sənəti, sənətkarı qiymətləndirən, adət-ənənələri yaşadandırlar. Kənddə xalçaçılıqla məşğul olan qadınlardan biri ilə söhbət zamanı bunun bir daha şahidi olduq. Həmsöhbətim Sabirə Zeynalova deyir ki, bu peşəni mənə anam öyrədib. Elə anama da öz anası. Bu sənəti yaşatmaqla həm vaxtımızı səmərəli keçirir, həm də adət-ənənələrimizi, dəyərlərimizi qoruyub saxlayırıq.
Burada olarkən kəndətrafı sahələrdə bir qələbəlik müşahidə etdik. Bostan-tərəvəz sahələrindən, meyvə bağlarından məhsul toplanırdı. Kənd sakinləri zəhmətkeş, torpağa, əməyə bağlı insanlardır. Kənd­ətrafı sahələrdəki bu xoş görüntülər bizi zəhmətkeş insanların yanına çəkib gətirdi, onlarla elə bərəkət ətirli tarlalarda, zəhmətin bəhrəsi duyulan ərazilərdə həmsöhbət olduq.
Kənd sakini Mərdan Rzayev deyir ki, kəndin münbit torpaqları sakinlərin məşğuliyyəti və gəlir mənbəyi olan bağçılıq, heyvandarlıq, arıçılıq və əkinçiliyin inkişafına rəvac verir. Dağlıq, əsasən də, yaylaq ərazilərin üstünlük təşkil etdiyi bu torpaqlardan kənd camaatı həm də biçənək və otlaq sahəsi kimi istifadə edir.
Müsahibimiz bir qədər əvvəldən də söhbət açır. Deyir ki, bir vaxtlar yolların tamamilə sıradan çıxması, xüsusən qarlı-yağışlı havalarda kənd sakinlərinin ən böyük problemlərindən idi. Üstəlik, iki saatdan bir yanan işıq, qışın oğlan çağında bir stəkan su qaynatmaq üçün ağaclardan ocaq qalamaq insanları lap bezdirmişdi. İndi daimi yanan işığımız, istənilən vaxt şölələnən təbii qazımız var. Bu gün kənddə camaatın rahatlığı üçün hər cür şərait yaradılıb, insanlar hərtərəfli qayğı ilə əhatə olunub, yeni sosial obyektlər tikilərək istifadəyə verilib.
Bəli, bir zamanlar köçürülmə təhlükəsi ilə üzləşdiyi halda, bu gün Nəsirvaz öz inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Kənddə abadlıq-quruculuq işlərinin aparılması, o cümlədən məktəb binasının yenidən qurulması, xidmət və kənd mərkəzləri, səhiyyə ocağı, kitabxana üçün yeni binaların tikilərək istifadəyə verilməsi sakinləri öz yurd yerlərinə daha sıx tellərlə bağlayıb.
Burada olarkən Nəsirvaz kənd tam orta məktəbinin direktoru Elməddin Rzayevlə də həmsöhbət olduq. Onun dediklərindən: – Bir vaxtlar taxtadan qurulmuş 4 otaqdan ibarət Geoloji Kəşfiyyat İdarəsi kimi fəaliyyət göstərən komanı kənd camaatı təhsil ocağı kimi istifadə edirdi. 2013-cü il dekabr ayının 21-də burada yeni məktəb binası inşa olunaraq müəllim və şagirdlərin istifadəsinə verildi.
Direktor qeyd etdi ki, bu gün təhsil sahəsində aparılan məqsəd­yönlü siyasət, bu sahəyə göstərilən qayğı məktəbdə orta təhsilin müasir tələblər səviyyəsində qurulmasına şərait yaradıb. Məktəbin pedaqoji kollektivi də bu qayğının qarşılığında səylə çalışır. Görülən işlərin nəticəsidir ki, son illər məktəbi bitirən məzunlardan ali təhsil ocaqlarına qəbul olunanların sayı artır. Kollektiv ötən tədris ilində də yüksək nəticə əldə edib. Belə ki məktəbi bitirən hər iki məzun ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb.
Kəndin yeni sosial obyektləri sırasında sakinlərə tibbi xidmət göstərən feldşer-mama məntəqəsi də var. Bu tibb ocağı ucqar kənddə əhalinin sağlamlığının diqqət mərkəzində saxlanılmasına imkan verməklə yanaşı, onların əvvəllər olduğu kimi, zəruri tibbi xidmət üçün rayon mərkəzinə və digər yerlərə üz tutmalarının da qarşısını alır.
Nəsirvaz kəndində aparılan quruculuq işləri zamanı əhalinin gündəlik məişət tələbatının ödənilməsi də diqqət mərkəzində saxlanılıb və burada yeni xidmət mərkəzi istifadəyə verilib. Eyni zamanda dövlət qurumlarının fəaliyyət göstərdiyi kənd mərkəzi sakinlərin müxtəlif müraciətlərinin həmin ünvanda həllini tapmasına imkan verir. Buna görə də sakinlər kənddə həyata keçirilən kompleks quruculuq və abadlıq işlərini ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə verilən qiymətin ifadəsi kimi dəyərləndirirlər.
Yaradılan yüksək şərait isə insanların qurub-yaratmaq əzmini daha da artırır. Doğrudan da, hər bir kənd sakini göstərilən dövlət qayğısını öz həyatında hiss edir. Kənd ağsaqqalı Möhsün Haşımov da Nəsirvazda yaradılan şəraitdən razılıqla danışır. Deyir ki, evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, telefon, internet xidmətindən istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı abad məktəbdə təhsil alan hər bir sakin doğma yurd-yuvasının müasir yaşayış məntəqəsinə çevrilməsindən qürur duyur.
Nəsirvazdan bəhs edərkən, təbii ki, Dünya tufanını yada salmamaq mümkün deyil. Bu yerlər Nuh Peyğəmbərin ilk ayaq basdığı torpaq, onun əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı olub. Nəsirvaz kəndinin adı “Bilqamıs” dastanında Nuh Peyğəmbərlə əlaqədar təsvir olunan Nisr dağını da xatırladır. Gəmiqayanın yüksək ətəyindəki Nəbi yurdu (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki Qaranquş yaylağı Nuh Peyğəmbər əsatirindəki dimdiyində dəfnə yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri qayıtmış qaranquş əhvalatının yadigarı hesab edilir.
Nəsirvaz kəndindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağı ərazisi Eneolit, Tunc və İlk Dəmir dövrlərində Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən olub. Elə həmin dövrlərdə burada iri qaya parçaları üzərində heyvan rəsmləri, ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar həkk olunub. Gəmiqayada aşkar edilən qədim təsviri sənət nümunələri eradan əvvəl VI-I minilliklərdə Azərbaycan ərazisində yaşamış qədim əhalinin həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini, dini-ideoloji və estetik təfəkkürünün inkişafını izləməyə imkan verir. Qaranquş yaylağında Naxçıvan tayfalarının qədim yurd yerləri, yaşayış məskənləri, nekropollar və ibadətgahlar da var ki, bunlar ulu xalqımızın sirli-soraqlı keçmişindən xəbər verən abidələrdir. Ümummilli liderimiz Heydər Əliyev bununla bağlı deyib: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”.
Söylənilən bu fikirlərin real nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalayıb, abidə ətraflı tədqiq olunub, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. Hazırda buradakı muzeydə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, foto­şəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanılıb. Bir sözlə, xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, ­siyasi görüşlərini özündə əks etdirən böyük bir mənbədir.
Gəmiqayanın ətəyinə sığınmış qədim yurd yeri Nəsirvazın gözəlliklərindən yazmaqla bitməz. Bu yerlərin yazı da, yayı da, payızı-qışı da insanın qəlbinə xoş hisslər bəxş edir. Bu yerlərə ilin hansı fəslində gəlirsənsə gəl, bu gözəllikləri görməyin ayrı zövqü var. Bizim də görüb qələmə ala, bir yazıya sığdıra bilmədiyimiz çox gözəlliklər qaldı yaddaşımızda. Ancaq bizi ən çox qürurlandıran o oldu ki, ulu əcdadlarımızın ayaq izlərinin yadigarına çevrilmiş bu qədim yurd yeri tarixin heç bir dövründə bu qədər abad, gözəl, yolları bu qədər rahat olmayıb. Azərbaycanın müasir kəndinin nümunəvi simasını özündə əks etdirən Nəsirvaz füsunkar təbiət mənzərələri, zəngin tarixi ilə yanaşı, öz inkişafı, müasirliyi ilə də insanı özünə heyran edir.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4462353
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2390
2919
5309
126394
4462353

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter