Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki  Naxçıvan  tarixboyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və  bu şanlı missiya bu gün də davam etməkdədir. 

 Uzun əsrlərboyu bu yerdə müharibələr, qanlı qırğınlar olsa da, yurdumuz qısa zaman ərzində qəddini dikəldə bilib, abadlaşıb, yenidən güllük-gülüstana çevrilib. Müqəddəs Nuh məkanının dəyəri düşmənlərimizə də əyan olub. Bu səbəbdəndir ki, yüzillərboyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Doğma yurdumuz torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğurulub. Odur ki, yurdumuzun tarixinin hər səhifəsində min bir salnamə var. Bu salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: bura NƏQŞİCAHANDIR!

Muxtariyyət böyük tarixi nailiyyətdir

Hər bir xalq öz müstəqillik arzusunu, istiqlal duyğusunu həmişə ürəyində yaşadıb və nə vaxtsa onun reallığa çevrilməsi üçün əlverişli məqam gözləyir. Azərbaycanda belə bir məqam 1918-ci ildə yarandı. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə mənfur, məkrli qonşumuzun ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açdılar. Həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq Naxçıvana lazımi köməyi göstərə bilmirdi. Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların qəhrəmanlığı haqqında deyirdi: “İgid naxçıvanlılar, şərurlular bütün çətinliklərə özləri qalib gəldilər, onlar həyatlarını, ailələrinin şərəfini, var-dövlətlərini riskə qoyaraq doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar”.
Tarixi mənbələrdən də aydın olur ki, Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına qədər üç il vaxt lazım oldu. Hətta 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrildi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi. Ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Naxçıvanın çətinliklər, məhrumiyyətlər və işğal təhlükəsi dövrü

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı tarixboyu çox çətin yollardan keçib. Belə çətin sınaqlardan biri də ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində yaşandı. Bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaratmışdı. Həmin çətin günlərdə belə, müstəqillik arzusundan əl çəkməyən və “Zaman yetişib artıq müstəqil, azad olmaq vaxtı çatıb”, – deyən 20 mindən çox sakin Naxçıvan şəhərində muxtariyyət parlamentinin qarşısında muxtar respublika Ali Sovetinin toplanmasını tələb edirdi. Fövqəladə sessiya 19 yanvar 1990-cı il axşam saatlarında muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq SSRİ-nin tərkibindən ayrılmaq qərarı verdi. Naxçıvandan – kiçik bir bölgədən gələn bu qərar sovetlərin əcəl zəngi oldu. Bu, həm də o vaxt idi ki, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu çörək növbələrində keçirirdi.
Ulu Tanrı bu diyarın sakinlərinə dözüm, qətiyyət, səbir bəxş etdi, Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlu Heydər Əliyevi xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvanda olması sakinləri yurd-yuvalarından didərgin düşməyə qoymadı. Düşmənin atdığı “qradlar”, “alazanlar” torpağımıza yağış kimi yağsa da, doğma yurdunu, ev-eşiyini heç kim tərk etmədi. Ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, torpağa bağlı­lığı yurdumuzu qorudu. Bu, xalqımızın dəyanəti, vətənsevərliyi, yurd sevgisinin nəticəsi idi.
Dahi rəhbərin Naxçıvana gəlişi ilə qədim diyarda həm də möhtəşəm dəyişikliklərin, sözün həqiqi mənasında, intibahın əsası qoyuldu. Bugünkü növrağın təməli məhz o gün atıldı. Məmləkətimizin bu kiçik şəhərində yeni, azad, müstəqil Azərbaycan dövlətinin bünövrəsi qoyuldu. Onun baş memarı isə görkəmli dövlət xadimi Heydər Əliyev idi.

Naxçıvan bu gün: inkişafın lokomotivi – sabitlik

Zaman keçdi... İnsanlara doğru yol göstərildi. Cinayət hadisələrini doğuran səbəblər aradan qaldırıldı. Əhalinin məşğulluğu təmin edildi. Hər kəs gücü çatdığı, bacardığı işin, peşənin dalınca getdi. Digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə tətbiq olunan Naxçıvan modeli, yəni ­cinayət baş verəndən sonra yox, cinayət baş verməzdən əvvəl həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.
Bir vaxtlar səksəkəli günlərini yaşayan Naxçıvan indi təhlükəsiz, nizam-intizamlı, cinayətsiz regiona çevrilib. Bu gün Naxçıvan torpağında atalar demişkən: “Başına qızıl al, gəz” sabitliyi hökm sürür. Muxtar respublikanın sərhədləri düşməndən necə qorunursa, hüquq-mühafizə orqanları da müstəqil dövlətimizin qanunlarının keşiyində o cür ayıq-sayıq dayanır. Dahi Nizaminin “Xəmsə”sindəki mütəfəkkirin arzu­ladığı qıfılsız evləri, gözətçisiz sahələri olan sakitguşəli məmləkət bu gün Naxçıvan diyarının timsalında görünür. Sadə bir misal çəkməklə bunu bir cümlə ilə izah edək: bu gün binalardakı mənzillərin heç birində dəmir barmaqlıqlara rast gəlinmir. Bu, çox sadə görünsə də, əslində, onun arxasında böyük bir səbəb – sabitlik dayanır.
Reallıq budur ki, bu gün muxtar respublikada dayanıqlı ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Hərtərəfli biliyə malik gənc nəslin yetişdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə hər cür şərait yaradılıb. Müasir məktəblər, gənclik mərkəzləri, idman zalları, idman kompleksləri istifadəyə verilib. Gənc­lər dövlət qayğısı ilə həyatımızın bütün sahələrində quruculuq prosesinə, dövlət, qanunverici və icraedici orqanlarda rəhbər vəzifələrə cəlb olunublar. Bugünkü gəncliyimizin sorağı ölkəmizin və dünyanın təhsil ocaqlarından gəlir. Vaxtilə küçələrdə gəzən gənclər, yetənə yetən, yetməyənə bir daş atan yetkinlik yaşına çatmayan uşaqlar, yeni­yetmələr indi 500-700 bal toplayan məzunlar olub.


Sürətli inkişaf bütün sahələri əhatə edib

Bu gün bölgələrimizə yolumuz düşəndə ilk diqqəti çəkən binalar ali təhsil ocaqlarının binalarından heç də seçilməyən məktəblər olur. Geniş, işıqlı, elektron lövhəli sinif otaqları, laboratoriyalar, fənn kabinələri, kompüter sinifləri, müasir idman zalları olan bu məktəblər şagirdlərin ixtiyarına verilib, onların elm, bilik dünyasına aparan yolları sonuna qədər açılıb. Bu yolları ömür yolu seçənlərin sayı ilbəil artır. Yaşlı nəslin nümayəndəsi, Şərur rayon sakini Firudin Cavadovun dedikləri: – Sovet dönəmində kəndimizdəki məktəbdə oxuyurdum və digər ölkələr haqda kifayət qədər təsəvvürüm olmadığından elə bilirdim ki, təhsil aldığım məktəbin binası elə belə də olmalıdır. Çünki həmin dövrdə muxtar respublikamızın bütün bölgələrində məktəblərin hamısı bu cür idi. Ancaq indi vəziyyət başqadır. Bu gün, demək olar ki, bütün kəndlərimizdə müasir məktəb binaları var. Bu, bir sakin kimi məni çox sevindirir.
İqtisadi potensialımızın daha da yüksəlməsi, dayanıqlı və sabit iqtisadi sistemin formalaşması bugünkü davamlı inkişafı təmin edib. Bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın ­tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkə­mizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olması da Naxçıvanın ötən illər ərzində əldə etdiyi uğurların məntiqi nəticəsidir.

İnsan amili daim ön plandadır

İnsan sağlamlığı bəşər övladının ən ali arzularından biridir. Bu haqda söhbət gedəndə yada ilk olaraq xəstəxanalar düşür. Son illərdə muxtar respublikada istifadəyə verilən xəstəxana binaları, onların təcrübəli kadrlarla, ən müasir texnologiyalarla təmin edilməsi dövlətimizin insan amilinə diqqətindən və qayğısından xəbər verir. Dünyanın inkişaf etmiş ölkələrinin xəstəxanalarında tətbiq edilən texnologiyalara indi muxtar respublikamızın hər bir səhiyyə ocağında rast gəlmək mümkündür. Əvvəllər muxtar respublikamızdan kənarda şəfa axtaran sakinlər indi sağlamlıqlarını öz həkimlərimizə etibar edirlər. Nəticə isə göz qabağındadır: xaricə müalicə üçün üz tutanların sayı ilbəil azalır. Profilaktika, müayinə, diaqnoz və müalicənin düzgün təşkili, peşəkar yerli tibbi kadrların işə əsl vətəndaş həssaslığı ilə yanaşması bu azalmanın əsas səbəblərindəndir.
İndi təkcə Naxçıvan şəhərinin yox, bütün rayon və kəndlərin şüşə kimi hamar yolları, müasir inzibati binaları, abad məhəllələri, yaşayış massivləri, bərpadan sonra yeni görü­nüş alan tarixi abidələri, yaşıl libasa, gül-çiçəyə bürünən park və xiyabanları var. Bütün bu gözəlliklər qədim Nuh yurdunu qonaqlar üçün daha da cəlbedici, muxtar respublika sakinləri üçün isə asayişli və yaşanılacaq yer edir. Bir vaxtlar yolu-rizi olmayan dağ kəndlərinə geniş abad yollar salınıb, dünən qonşu kəndlə əlaqəsi olmayan, dağ, sərhəd kəndləri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yaradır. Naxçıvana hərbi xidmətə gələn övladının andiçmə mərasimində iştirak edən Ağcabədi rayon sakini Firəngiz Həsənovanın dediklərindən: – Bu qədim diyara ilk dəfə idi, gəlirdim. Culfa gömrük məntəqəsindən keçib Naxçıvan torpağına qədəm qoyandan, ilk baxışda sabitlik, əmin-amanlıq, güclü nizam-intizam diqqətimi çəkdi. Rahat, müasir yollarda şütüyən maşında ətrafın gözəl mənzərəsini seyr edə-edə Naxçıvan şəhərinə çatdıq. Hara, hansı səmtə baxdımsa, səliqə-sahman, təmizlik gördüm. Naxçıvan şəhərinin geniş mənzərəli küçələri insanı valeh edirdi... Gənc əsgərlərin andiçmə mərasimindən sonra “açıq qapı” günündə iştirak etdik, hərbi hissədə yaradılan şəraitlə tanış olduq, ərzaq və geyim nümunələri sərgisinə baxdıq, xidməti, inzibati binalara, əsgər yataqxanalarına baş çəkdik, əsgər yeməkxanası ilə tanış olduq. Hər biri çox gözəl idi. Özümü 30 ilə yaxındır, blokadada yaşayan bir yurdda yox, sanki Avropanın mərkəzində hiss etdim. Burada yaşamağa nə var ki? Sədərəkdən tutmuş ta Ordubada qədər abadlıq, gözəllik. Naxçıvandan gözəl hisslərlə, əsgər balamı Vətənin bu qədim, mərd guşəsinə əmanət edib arxayın ayrılıram. Çünki burada olduğum üç gün ərzində gördüm ki, alınmaz qala əmin əllərdədir, mərd əllərdədir. Vətənsevər rəhbərin, nizam-intizamlı insanların əlindədir. Burada xalq birliyini, Vətənə, millətə bağlılıq gördüm.
Firəngiz Həsənovanın fikirlərinə şərik olduqlarını vurğulayan Azərbaycanın digər bölgələrindən gələn valideynlərdən Bərdə rayonundan Fərhad Əliyev, Gəncə şəhərindən Səidə Məmmədova qeyd etdilər ki, tarixboyu qəhrəman bir diyar kimi tanınan Naxçıvan bu gün də zəfər tarixini yazmaqdadır. Ötən il qazanılan Günnüt zəfəri dünyaya səs salıb. Bu, Əlahiddə Ümumqoşun Ordunun gücünün, qüdrətinin göstəricisidir. Övladlarımızın belə bir qüdrətli orduda xidmət keçmələri hər birimizə fəxarət bəxş edir.

Bütün məsələlərin öz həllini tapdığı füsunkar diyar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının bəhrəsi olaraq bu gün bütün yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi, mavi yanacaq verilir, yollar abadlaşdırılır, ucqar dağ kəndlərində belə, şəhərdəki möhtəşəm binalardan heç də seçilməyən obyektlər inşa olunur. Yanacaq olmaması səbəbindən payız aylarında balta səsləri gələn bağlar yenidən dirçəldilir, əkin sahələrində ən müasir texnikaların səsləri eşidilir. İnsanlar indi vaxtını ərzaq, neft növbələrinə yox, Naxçıvanın daha da inkişafına, abadlaşıb, gözəlləşməyinə sərf edirlər. Hər kəs məhsuldar fəaliyyəti ilə ümumi işə öz töhfəsini verməyə çalışır.
Əhalinin məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, mütəmadi olaraq keçirilən əmək yarmarkaları bu məsələdə uğurlu nəticələrin əldə edilməsinə yol açıb. Yaradılan yeni emal və istehsal müəssisələri, mövcud istehsal sahələrinin fəaliyyətinin bərpa edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi məşğulluq problemlərinin həllində mühüm rol oynayıb. Bu yurdun, bərəkətli torpağın övladları bolluq həvəsi ilə çalışır, muxtar respublika iqtisadiyyatının yüksəlişinə töhfələr verir, halal zəhmətləri ilə özlərinin firavan həyatlarını, xoş güzəranlarını təmin edirlər. Nə gözəl ki, keçmişlə bu günün müqayisəsi sevindiricidir, qürurvericidir.
Təbiidir ki, şahidi olduğumuz bütün xoş mənzərələr öz-özlüyündə yaranmayıb. 1995-ci ildən başlanan yeni inkişaf dövrünü qədirbilən naxçıvanlılar böyük minnətdarlıq hissi ilə gözlər önünə gətirirlər. Çünki məhz həmin tarixdən etibarən Naxçıvan öz inkişafının yeni mərhələsinə qədəm qoyub, burada böyük quruculuq proqramları ­gerçəkləşdirilib.

Vətənini sevən bir vətəndaş üçün elinə-obasına, igidlərinə tərif ­deyilməsi, yurdunun bu qədər inkişaf etməsi, gözəlliklər məkanına çevrilməsi ən böyük xoşbəxtlikdir. İnsan çörəyi, suyu ilə böyüdüyü eli sevir, hər kəs Vətəninə xidmət etməyə çalışır. Bütün bu xidmətləri, Naxçıvanda əldə edilən uğurları bir yazıya sığdırmaq mümkün deyil. Çünki Naxçıvanın inkişafı, yüksəlişi böyük bir tarix və qəhrəmanlıq dastanıdır.

Ramiyyə ƏKBƏROVA
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.