18 Sentyabr 2019, Çərşənbə

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 24 sen­tyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunan Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin rəhbəri Katherine Marroya nişanın təqdimetmə mərasimi keçirilib.
Bölmənin sədri, akademik İsmayıl ­Hacıyev tədbirdə çıxış edərək ölkəmizdə tarixi abidələrimizin, maddi mədəni irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən işlərdən danışıb. Bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran akademik müvafiq sərəncamlara əsasən yaradılan tarixi qoruqlardan, maddi mədəni irsimizin tədqiqi üçün ayrılan maliyyə vəsaitindən, abidələrin mühafizəsi və elmi araşdırmalar üçün mövcud imkanlardan danışıb. Vurğulayıb ki, tarixi abidələrimizin mühafizəsi və onların elmi araşdırmalara cəlb edilməsi dövlətimizin bu gün diqqət mərkəzində saxladığı məsələlərdəndir.
“Xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisi olan maddi mədəni abidələrimizə qayğı Naxçıvanda da uğurla davam etdirilir və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa nəzarətindədir”, – deyən İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb.
Bildirib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları 2006-cı ildən xarici ölkələrdən olan həmkar­ları ilə birgə Naxçıvan tarixinin müxtəlif dövr və problemlərinə dair tədqiqatlar aparırlar. Arxeoloq alimlər tarixi dəlillərə söykənərək yekdilliklə Naxçıvan ərazisinin bəşər sivilizаsiyаsının ən qədim mərkəzlərindən və ilkin şəhər mədəniyyətinin təşəkkül tapdığı yerlərdən biri olduğunu bildirirlər. Onların fikirlərinə görə, tarixi yaşayış məskəni kimi daha qədim olan Naxçıvan şəhər kimi 5 min il bundan əvvəl formalaşıb.

Akademik İsmayıl Hacıyev Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən də bəhs edərək bildirib ki, ekspedisiyanın muxtar respublikanın bir neçə qədim yaşayış yerində apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit və Tunc dövrlərinə aid I və II Kültəpə, Ovçulartəpəsi, Oğlanqala, Duzdağ, Uçan ağıl, Şorsu və digər abidələrdən qədim, orta və bugünkü tariximizin yazılması üçün əhəmiyyətli tarixi materiallar əldə edilib. Araşdırmaların nəticələri ilə bağlı çoxlu sayda kitab, monoqrafiya, albom-kitab, jurnal, buklet və elmi məqalələr çap edilib, məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını Katherine Marroya təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Katherine Marro əməyinə göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Mərasimdə AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev və Fəxrəddin Səfərli çıxış edərək vurğulayıblar ki, bölmə əməkdaşları və arxeoloqlar daim öz üzərlərində dövlətin qayğısını hiss edirlər. Katherine Marronun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi bu qayğının növbəti təzahürüdür.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR