17 Sentyabr 2019, Çərşənbə axşamı

Çinar ağacları nədənsə xüsusi diqqətimi çəkir. Bilmirəm, minlərlə il yaşamasına, hündür və əzəmətli olmasına, yoxsa özünəməxsus formada olan yarpaqlarına görəmi? Çinarı, adətən, dözüm, uzunömürlülük rəmzi kimi dəyərləndirirlər. Mən isə “xatirələr ağacı” adlandırıram çinarı. Qocaman çinar ağacı kölgəsi ilə, sadəcə, insana sərinlik və rahatlıq bəxş etmir. Bu kölgə məni həm də dərin xatirələrə qərq edir.
Elə xoşlayıram ki, çinar altında saat­larla oturub xəyala dalmağı. Bir azdan yarpaq tökümü başlayacaq, bu qoca çinarın yarpaqları da həzin-həzin süzülərək ana torpağın qoynuna pənah aparacaq. Həyat da belə deyilmi?! Ulu Yaradanın verdiyi ömür ağacımızdan neçə-neçə yarpaqlar qopub düşür, nələrisə itiririk. Amma ümidimizi itirmirik, saralan yarpaqların yerində yamyaşıl yeni ümidlər cücərir. Elə çinarın yarpaqları kimi. Onun da üzərindəki damarlarda sanki bir “ümid” axır – mənim yerimə yenisi gələcək deyə. Ötən payız qucaqlaşıb pıçıldaşan xəzəl səsini baharda yaşıl yarpaqlardan zövq alan quşların səsi əvəz etdiyi kimi.
Min illərin yorğunluğunu üzərində saxlayan qoca çinar nə qədər dözümlü olsa da, onun yarpaqları çox kövrəkdir. Bəlkə də, elə çinarın qocaldığını görüb bir azdan saralıb-solacaq, sonda sərt budaqlardan ayrılaraq quru xəzələ çevriləcək. Bəli, min illər boyunca qocaman çinar yerində qalır, dəyişən isə hər il təzələnən yarpaqlar və yaşlaşdıqca onun bağrına iz salan qırışlar olur. Hə, bir də çinarın canlı şahidi olduğu dövr və insanlar dəyişir. Xalq şairi Səməd Vurğunun təbirincə desək:

 

Bu qoca dünyanın şahidiyəm mən...
Kölgəmdə dincəlir hər gəlib-gedən.
Bağçalar gül açır yaş torpağımda,
Quşların adı var hər yarpağımda.

Elmi mənbələrdə “Platanus orientalis” kimi tanınan çinar muxtar respublikamızın bir çox bölgəsində yayılıb. Lakin uzunömürlü çinarlara daha çox Ordubad rayonu ərazisində rast gəlinir. Buna görə də çinarı Ordubadın rəmz­lərindən biri hesab edirlər. Bu ağacın gövdəsinin diametri 12 metrə qədər böyüyə bilir. Əzəmət və ucalıq rəmzi hesab edilən çinarların hündürlüyü isə 25-30, bəzi hallarda 50 metrə çatır.
Rayon mərkəzinə daxil olan kimi yolun üzərindəki çinarlar diqqəti cəlb edir. Ordubad şəhərində hansı səmtə, hansı küçəyə yolumuz düşdüsə, mütləq çinarlarla rastlaşdıq. İnsanların ilin isti aylarında kölgəsinə sığındığı bu çinarlar xüsusi mühafizə olunur. Hələ şəhər mərkəzindəki daha böyük çinar isə tamamilə başqa bir aləmdir. Kim bilir, onun kölgəsində neçə nəsillər dincəlib. Bu yurda gələn hər kəs qocaman çinarların kölgəsini mütləq ziyarət edir. Şəhərin mənzərəsi illərboyu dəyişib müasirləşsə də, çinar min il öncəki görkə­mini itirməyib, elə yerində qalıb...
Əslində, düşüncələr də dəyişməyib. Bu gün də şəhər camaatı və qonaqlar bu çinarın altında Ordubadın xoş ətirli çayının dadına baxır. Bu şəhərə gəldinsə, çinarın altında Ordubad limonu ilə pürrəngi çaydan mütləq içməlisən. Elə biz də Ordubad sakinlərinin xoş söhbəti əhatəsində pürrəngi çaya qonaq olub Ordubad limonunun xoş ətrindən, bir də çinarın kölgəsindən xüsusi zövq aldıq.
Sakinlərlə söhbətimiz zamanı şəhərin ağsaqqallarından Südeyif Hacıyev bildirdi ki, qədimdən bəri bu diyarda çinar ağacları dəyərli, mənəvi sərvət hesab olunub, bu gün də müqəddəs sayılır. Ata-babalarımızdan bizə mirasdır. Çinara toxunmazlar, onu kəsməzlər. Görünür ki, bu dünyagörmüş nurani tariximizi də yaxşı bilir. O, söhbət əsnasında XX əsrin əvvəllərində Naxçıvanı ziyarət etmiş Nefodov adlı səyyahın fikirlərini bizə olduğu kimi təqdim etdi: “Ordubad öz daş-qaşı ilə parıldayan gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.
Südeyif müəllim bildirdi ki, Ordubadda hər bir məhəllənin öz meydanı, məscidi, çarhovuzu, çeşməsi və hamamı ilə yanaşı, çinar ağacları da vardır. Bu gün də Azərbaycanın incisi Ordubadın qədim məhəllələrinə getdikdə eyni mənzərənin şahidi olursan.
Həmsöhbətimə çinar ömrü arzulayıb çox gözəl təəssürat aldığımız çay süfrəsinin ardınca qonağımla Azərbaycan incisinin qədim məhəllələrini gəzməyi qərara aldıq. Taqqılbablı və zəncirbablı qədim qapıları, möhrə palçıqdan ucaldılmış hasarları və qədim tikililəri ilə dar küçələr bizi həm də tarixi keçmişimizə aparırdı sanki. O keçmişə ki, çinarlar anbaan o dövrlərə şahidlik edib, xanların, bəylərin səltənətini, müharibələrin bu məhəllələrdə toz qaldıran gurhagurunu, atları şahə qalxan igidlərin nərəsini görüb.
Ordubad şəhərinin qədim məhəllələrindən biri olan məşhur Sərşəhərə çatdıq. Hər il bu qədim meydanda, bu çinarın kölgəsində el şənlikləri, bayram tədbirləri qeyd olunur. Əgər Sərşəhərdə olmusunuzsa, buradakı çinarın yanındakı gursulu kəhrizi də, yəqin ki, görmüsünüz. Ovcumu bir neçə dəfə doldurub onun saf suyundan içdim. Qoca çinar məni yenə də xəyala apardı...

...Başımda oynamış min boranlı qış,
Sanma ki, qüdrətim, gücüm qalmamış.
Bax, ayrılmamışam öz kötüyümdən!
Qəhrəman bir elin timsalıyam mən...

Neçə-neçə nəsilləri qarşılayıb yola salan bu qocaman ağacın gövdəsinin yarıqlarından hiss edirdim ki, sanki o, yorulub əldən düşüb. Bəlkə də, onun düz dibində çağlayan kəhrizin bumbuz suyu qocaman çinara həyat verir, ona hələ çox bayramlar qarşılayacaqsan, – deyir...
Buradakı çinar, kəhriz və qədim məscid binası bir-birini tamamlayan, ayrılmaz üçlük təşkil edir. Uzun illərin tarixinə şahidlik edən bu dəyərli incilərin biri yerində olmazsa, sanki bu məhəllə də dəyərini, əhəmiyyətini itirəcək.
Qoca çinar, kimlərin ömür yoluna, sevincinə, kədərinə şahidlik etməmisən ki? İkinci Dünya müharibəsində qazandığımız tarixi qələbəyə öz ixtirası ilə mühüm töhfə verən akademik Yusif Məmmədəliyevimi deyim? Yoxsa sənin kölgəndə maarifçilik ideyaları ilə mövhumata, cahilliyə sillə vuran, onlarla ziyalı yetirən Məhəmməd Tağı Sidqinimi? Sən öz kölgəndə Məmməd Səid Ordubadi kimi yüzlərlə ziyalı, ədib, alim, ictimai xadim yetirmisən. Bəli, bu diyarın insanları da çinarlarıtək uzun­ömürlüdür. Yüz illər keçsə belə, yaşayır, xatırlanır.
Əbəs yerə deyil ki, uzunömürlü insanları çinar ömürlü insan da adlandırırlar. Çünki qocaman çinar ağacı 1000-1500 il ömür sürür. Lakin çinar ömrü yaşamaq, sadəcə, uzunömürlülüklə hesablanmır. Bu ömrü mənalı yaşamaq, cəmiyyətə xeyir vermək, həyatda iz qoyub getmək əsl çinar ömrüdür. Məhz bu əməllər çinar taleyi ilə eyni deyilmi? Əsrlər boyunca insanları kölgəsində dincəldən, yarpaqları ilə şəfa, yaşıllığı ilə ekologiyaya tarazlıq bəxş edən qocaman çinarlar.
Deyirlər, bir ağac əksən, gələcəkdə onun barından nəvə-nəticələrin, səni tanımayanlar yeyər. Bar gətirməsə də, təbiətə gözəllik, insana sağlamlıq bəxş edən çinarları qorumaq, onların sayını artırmaq hər kəsin borcudur. Çünki bu ağac bir neçə on illiyin deyil, min illiyin tarixini özündə yaşatmaq qüdrətindədir. Bu gün əkdiyiniz bir ağac, növbəti min illiyə töhfədir.
Muxtar respublikada çinar əkini bir çox ərazidə aparılıb. Təkcə Naxçıvan-Batabat magistralına nəzər salmaq kifayətdir. O tərəfə yolunuz düşərsə, ətrafa diqqətlə tamaşa edin. Yolboyu bizi izləyən yeni çinar tinglərinin gözəlliyini seyr etməyə dəyər. İnsanın qəlbinə xoş bir hiss, çöhrəsinə təbəssüm bəxş edir. Bir düşünün, onların hər biri yüzlərlə, minlərlə il ömür yaşayacaq və qıvrıla-qıvrıla irəliləyən yolları, sanki mühafizə edirmişcəsinə qoynuna alacaq. İstər yaz aylarında yaşıl donu, istərsə də payızda xəzanı ilə tamam başqa aləm yaradacaq bu ərazilərdə. Bu fidanları əkən insanlar gələcək nəsillərə töhfə verirlər və yaşı min illərlə ölçülən bu ağaclar gələcəkdə onu əkən insanlara “Çinar ömrü” bəxş edəcəklər...
Qoca çinar... Salamat qal. Biz yenə də ayrılırıq. Bilirəm, çox ayrılıqlar görmüsən. Neçə-neçə nəsillər yola salmısan. Amma sən dözümlü, dəyanətlisən. Hələ neçə yüz illər də yaşayacaqsan! Yaşa və doğma diyarımızın necə dəyişib inkişaf etdiyinə şahidlik et... Bəli, mən indi getməliyəm. Amma yenə ziyarətinə gələcəyəm. Bu dəfə sənin hər anına bələd olduğun Ordubadın qədim məhəllələrindən bəhs etmək üçün...

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR