17 Sentyabr 2019, Çərşənbə axşamı

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın proqram təminatında bir sıra təkmilləşdirilmələr aparılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilib.
Komitənin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2016-cı ildən komitədə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı istifadəyə verilib.
Qeyd olunub ki, məlumat bankının administratoru komitə, istifadəçiləri isə uşaq hüquqlarını qoruyan 17 təşkilatdır. Elektron məlumat bankı aidiyyəti dövlət orqanları tərəfindən daxil edilən məlumatlar əsasında formalaşır və məsul olan dövlət orqanlarının müvafiq olaraq istifadəsi üçün nəzərdə ­tutulub.

Ötən dövr ərzində elektron məlumat bankına istifadəçilər tərəfindən 26 mindən çox məlumat daxil edilib. Məlumatların daha operativ daxil edilməsi və statistik təhlil aparılması məqsədilə proqram təminatında yeni təkmilləşdirilmələr aparılıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində internet saytlarının hazırlanması və təhlükəsizliyinin qorunması məsələləri üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov elektron məlumat bankının proqram təminatında edilmiş yeniliklər barədə məlumat verib və istifadəçilərin suallarını cavablandırıb.
Tədbirin sonunda operatorlara elektron məlumat bankının administratoru tərəfindən istifadəçi adı, parol və digər bağlantı parametrləri verilib.

*  *  *

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turanə Məhərrəmli açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Muxtar respublikada ana və uşaqlara göstərilən qayğının və aparılan maarifləndirici tədbirlərin nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Şahbuz rayonu üzrə 9008 uşaq vardır ki, onlardan da 126-nın sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 1,40 faizini təşkil edir. Muxtar respublika üzrə 1945 sağlamlıq imkanları məhdud uşaq vardır ki, onların da 6,48 faizi Şahbuz rayonunun payına düşür. 126 (43 qız, 83 oğlan) sağlamlıq imkanları məhdud uşaqdan 91-i anadangəlmə, 35-i isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqdır.
Şahbuz rayonunun Aşağı Qışlaq kəndi üzrə 5 sağlamlıq imkanları məhdud uşaq vardır..
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şahbuz rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR