17 Sentyabr 2019, Çərşənbə axşamı

Dünən Naxçıvan Dövlət Film Fondunda 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyev milli kinonun inkişafına, bu sahədə yüksək səviyyəli kadrların yetişməsinə və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına qayğı ilə yanaşıb. Təsadüfi deyil ki, 1970-1980-ci illərin birinci yarısından etibarən Azərbaycan kinosunda intibah dövrü başlanıb. Kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılıb, ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunub. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırıb.

Nazir qeyd edib ki, 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanunun qəbul edilməsi və bununla da dövlət kinematoqrafiyasının hüquqi bazasının yaradılması Azərbaycanda kino sənətinin inkişafına əsaslı töhfə verib. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılıb, kino tariximizi əks etdirən filmlərin qorunması təmin edilib.
Diqqətə çatdırılıb ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması təmin edilib. Ölkə Prezidentinin ötən il Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam bu istiqamətdə aparılan işlərin məntiqi ­davamıdır.
Naxçıvan Dövlət Film Fondunun fəaliyyətindən də bəhs edən Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 20 may tarixli Sərəncamına əsasən film fonduna da 15 min manat məbləğində vəsaitin ayrılması muxtar respublikada bu sahənin daim diqqət mərkəzində saxlanıldığının bariz göstəricisidir. Bu gün Naxçıvan Dövlət Film Fondunda 5 minə yaxın film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii və sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə edilir.
Sonra 1923-cü ildə ekranlaşdırılmış tammetrajlı “Qız qalası əfsanəsi” səssiz bədii filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR