17 Sentyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında icbari və könüllü sığorta növlərindən ibarət olmaqla vətəndaşlara 25-dən artıq sığorta xidməti təklif olunur. Şübhəsiz, regionun iqtisadi-mədəni potensialının yüksəlməsi, sığorta işinin təkmilləşdirilməsinə yönəlmiş dövlət qayğısının artması və aparılan sığorta maarifləndirməsi tədbirlərinin genişlənməsi ilə sığorta növlərinə olan maraqlar da artır. İndi Naxçıvanda daha çox sakin həyatını, daşınmaz əmlakını, avtomobilini, qiymətli ev əşyalarını, əkinlərini, mal-qarasını və yaxud kənd təsərrüfatı texnikasını vaxtında sığortalamaq üçün sığorta agentliyinə müraciət edir, müqavilələr bağlayır. Təcrübə göstərir ki, sığorta xidmətlərinin keyfıyyətinin yüksəlməsi vətəndaşların sığortaya olan inamının artması və onların müraciətlərinə vaxt itkisi olmadan baxılması bu sahədə inkişafa aparan əsas amillərdəndir.
Sığorta xidmətlərində müştəri məmnuniyyəti işin təşkilinin ilk mərhələsində başlayır. Belə ki, bir çoxları aparılan maarifləndirici və inzibati tədbirlərə baxmayaraq, hələ də sığortalı olmağın əhəmiyyətini tam şəkildə dərk etməyərək, onun üçün qiymətli olanları itirmək təhlükəsi ilə qarşı-qarşıya qalır. Ələlxüsus, söhbət üçüncü şəxslər qarşısındakı mülki məsuliyyətdən, məsələn, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından gedirsə, insanlar gözlənilməz qəza halları zamanı onlar üçün ödənilməsi çox çətin olan maddi problemlərlə qarşılaşa bilərlər. Buna görə də sığortadan yayınan vətəndaşlara bunun əhəmiyyətinin aydın tərzdə izah olunması və nəticədə, müqavilə bağlanılması müştəri məmnuniyyətini formalaşdıran ilk uğurlu addım hesab oluna bilər. Bir çox hallarda belə insanların baş vermiş gözlənilməz, qəfil hadisələrdən sonra məruz qaldığı maddi zərərə görə aldığı ödənişlər zamanı minnətdarlıq etmələri bu sahədəki maarifləndirmə işinin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Sığorta öz mahiyyət etibarilə burada iştirak edən tərəflərin bir-birinə qarşı yüksək dərəcədə etibar etməsi ilə formalaşan bir maliyyə bazarı növüdür. Bu mənada, sığorta fəaliyyətində göstərilən etibarlı xidmət bu sahədə şəffaflığın təmin olunması, sığorta haqlarının toplanılması, sığorta ödənişlərinin verilməsində elektron ödəniş üsullarından istifadənin tətbiqi ilə mümkündür. Muxtar respublikamızda bu sahədə tətbiq edilən mütərəqqi üsullar sığorta müqaviləsi bağlanılması zamanı müştərilərin vaxtına qənaət olunması və ödənilən sığorta haqlarının banklar vasitəsilə mərkəzləşdirilmiş hesablara köçürülməsini təmin edir. Beləliklə, vətəndaşlar sığorta müqavilələri bağladıqları zaman hər hansı subyektiv faktorla üzləşməyəcəklərinə əmin olur və əldə etdikləri sığorta məhsulunun hər hansı fərdi qaydada deyil, onların institusional zəmanət altında olduğuna inanırlar.
Sığorta fəaliyyəti zamanı vətəndaşlarla sığortaçı arasında bağlanılan müqavilələr, əslində, korporativ əməkdaşlığın bir nümunəsidir. Bu baxımdan insanların işgüzar fəallığının, onların mobilliyinin artdığı bir dövrdə sığorta xidmətlərinin onların evinə, yaxud iş yerinə qədər gəlib çatması, səyyar xidmətlərin göstərilməsi də müştəri məmnuniyyətinin artmasına öz müsbət təsirini göstərir. Bu mənada, istər fiziki, istərsə də hüquqi şəxs olsun, hər hansı insanın vaxtının qızıldan qiymətli olduğunu yaxşı bilən sığortaçı təklif etdiyi səyyar xidmətlərlə bu sahədəki çətinliklərin aradan qaldırılmasına nail ola bilir. Buna görə də cari ilin əvvəlindən başlayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi nəzdində təşkil olunmuş səyyar xidmət də qısa zaman içərisində sığorta müqaviləsi bağlamaq istəyən vətəndaşlar tərəfindən məmnuniyyətlə qarşılanmışdır. Bu il martın 7-də Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobil təqdim edilməsi sığorta işinin təşkilinə dövlət qayğısının bariz ifadəsi olmaqla, bu prosesin daha mütəşəkkil şəkildə həyata keçirilməsinə şərait yaradır.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi əməkdaşlarının həftənin hər günü 24 saat müddətində telefon əlaqəsi vasitəsilə baş vermiş sığorta hadisələri barədə məlumat alaraq onlara baxış keçirməsi müştəri məmnuniyyətinin qazanılması baxımından müsbət hal kimi qeyd oluna bilər. Onu da qeyd edək ki, agent­liyin yenilənmiş vebsaytına daxil olan istənilən vətəndaş onu maraqlandıran suallara buradan cavab tapmaqla sığorta ilə bağlı informasiya tələbatını da ödəyə bilər. Bütün bunlar isə sığortanın hər zaman qəfil hadisə ilə üzləşmiş insanların yanında olduğunu göstərməklə müştəri məmnuniyyətini formalaşdıran şərtlər kimi müasir sığortaçının da iş prinsipi olmalıdır.

Şəfa ƏHMƏDLİ
Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR