17 Sentyabr 2019, Çərşənbə axşamı

Yaşadığım bu torpaq Vətənin bir parçasıdır. Vətən qibləgahımızdır, Vətən qoynunda böyüyüb boya-başa çatdığımız anamızın isti qucağıdır. İnsan anasız da, atasız da yaşaya bilər, lakin Vətənsiz yaşaya bilməz. Vətəninə sonsuz sevgi, bağlılıq vətənpərvərlikdir. Vətən sevgisi sevgilərin alisi, ən müqəddəsidir.
Mən bu gün ən xoşbəxt bir insanam. Çünki mənim doğulduğum torpaq dahilər yetirən, Naxçıvanın dilbər guşəsi, düşmənə sipər olan neçə-neçə oğulların doğulduğu bir torpaq, tarixi bir yer – Şərur şəhəridir. Orada doğulmuşam, orada boya-başa çatmışam. Kürçülü kənd tam orta məktəbini bitirib Naxçıvan Dövlət Universitetinə qəbul olunmuşam. Həftəsonları Şərura gedirəm. Deyə bilərəm ki, rayonun getmədiyim, görmədiyim kəndi yoxdur. Hər birinin özünəməxsus gözəllikləri var. Rəssam istəyir ki, kətana köçürə, bəstəkar istəyir ki, nəğmə qoşa. Şəninə şairlər yüzlərlə şeir yazıblar. Şair İbrahim Yusifoğlunun misraları yadıma düşür:

Dədə Qorqud gəzən oğuz elimdir,
Uludur torpağı, daşı Şərurun.
Dili türkün dili – ana dilimdir,
Qədimdən qədimdir yaşı Şərurun.

Şərur qədim yaşayış məntəqələrindən biridir. Azərbaycan folklor mədəniyyətinin beşiyi olan bu bölgədə xeyli abidə və görməli yerlər var. Yallıları dünyanı gəzib, insanları özünə məftun edib. Bunların hamısı mənim üçün çox əzizdir, bir tarixdir. Bu tarixi özündə yaşadan kəndlərdən biri Gümüşlü kəndidir. Dağlar qoynunda olan bu kənddə Gümüşgölü görmədən və onun gözəlliyinə heyran olmadan getmək mümkün deyil. Havasına, suyuna söz ola bilməz. İnsanları mehriban, qonaqpərvərdir. Vətənimin bu dilbər guşəsi haqqında 1984-cü ildə “Gümüşgöl əfsanəsi” adlı bədii film də çəkilib.

Rayonda Oğlanqala, Qalacıq, Govurqala, Qarasu qalası kimi tarix yadigarları var. Buradakı memarlıq abidələri sırasında orta əsrlərə aid Arpaçay üzərində körpü, bürclər, məscid və pirlər, karvansarayları xüsusi qeyd etmək istəyirəm. Rayon ərazisində xeyli arxeoloji abidələr bölgənin ulu tarixindən soraq verir. 1987-1990-cı illərdə Daş dövrünə aid Qazma mağaralarından maddi­-mədəniyyət qalıqları – çaxmaqdaşı, əmək alətləri aşkar edilib.
Şərur torpağı ziyalı insanlar yetişdirən dahilər yurdudur. Neçə-neçə alim bu bölgədən pərvazlanıb. İndi onların səsi-sorağı ölkəmizin elm və təhsil ocaqlarından gəlir.
Şərurumun buz bulaqlarından içməmiş keçmək olmaz. Axura kəndində Axura bulağı, Tənənəm kəndində İsa bulağı, Şahbulaq kəndində Şapur bulağı ilboyu çağlayır.
Qədim tarixin yeni möcüzəsi Şərur – mənim kimliyim, mərdliyim, vicdanım Şərur!
Son iyirmi ildən artıq bir dövrdə Şərur çox güclü inkişaf mərhələsi keçib. Bu gün isə inkişafının yeni mərhələsindədir. Öz qədimliyini qorumaqla müasirliyə gedən bir yoldur Şərurum. Belə ki, yeni-yeni abadlıq işləri göz oxşayır. Məktəb, səhiyyə, mədəniyyət müəssisələri üçün yeni binalar inşa olunur, kənd və xidmət mərkəzləri istifadəyə verilir, yollar yenilənir, ilbəil yaşıllıq sahələri genişləndirilir. Elə orta təhsilimi başa vurduğum Kürçülü kəndi bunun ən bariz nümunəsidir. Kənd və xidmət mərkəzləri, şagirdlərin bilik qazanmasında böyük rol oynayan yenitipli məktəb binası, rayonun bütün bölgələrində həyata keçirilən kompleks quruculuq tədbirləri Şərurun kənd­lərini müasirliyə qovuşdurub. Belə tədbirlər hazırda rayonun bir neçə kəndində davam etdirilir.

Min büsat qurulur hər bucağında,
Güllər ətir saçır tər qucağında.
Ömrünün gəncləşən səhər çağında
Qəlblər ovsunlayır halı Şərurun.

Qürur duyduğum Şərur hər keçən gün daha da gözəlləşməyə, göz­oxşayan yeniləşməyə doğru gedir.

Günay İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin
Təsviri incəsənət müəllimliyi
ixtisası üzrə II kurs tələbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR