10 Dekabr 2019, Çərşənbə axşamı

Son illərdə muxtar respublikamızda həyata keçirilən tədbirlər sırasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması mühüm yer tutur. Bunun ifadəsidir ki, diyarımızın bütün bölgələrində, hətta ucqar yaşayış məntəqələrində belə, yollar yenidən qurulub. Bu isə muxtar respublikamızın dinamik inkişafının göstəricisi olmaqla, həm də piyadalara, sürücülərə, nəticə etibarilə, insanlara göstərilən qayğının ifadəsidir. Danılmaz faktdır ki, inkişafda olan yerlərdə əhali artdıqca şəxsi avtomobillərin sayı da çoxalır və nəqliyyatda hərəkətin intensivliyi də artır. Ona görə də muxtar respublikamızın yollarında müxtəlif nişanlar qoyulub, piyada keçidləri müəyyənləşdirilib. Görülən bütün bu işlər sakinlərin rahat hərəkətinə xidmət etsə də, müəyyən olunmuş yol hərəkəti qaydaları gözlənilməsə, heç də rahat və təhlükəsiz şəkildə hərəkətimizi təmin edə bilmərik.
Yol hərəkəti qaydalarına əməl etmək üçün, ilk növbədə, onları bilmək vacibdir. Ancaq hələ də bu qaydaları pozanlar az deyil. Bəzi insanlar, həqiqətən də, yol hərəkəti qaydalarını bilmədiyi üçün, bəziləri isə bilərəkdən pozurlar. Bilərəkdən qaydaları pozan insanların dilində isə eyni bəhanə var: tələsirəm. Unutmaq olmaz ki, yol hərəkəti qaydasını pozmaqla təkcə öz həyatını deyil, həm də bir neçə insanın həyatını təhlükəyə atmış oluruq. Mənzilimizə bir neçə dəqiqə tez çatmaq üçün qaydaları pozmağımız bizi öz mənzilimizə yox, son mənzilimizə çatdıra bilər.
Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılovla həmsöhbət olduq.

Müsahibim diqqətə çatdırdı ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində piyadaların da vəzifələri nəzərdə tutulub. Qanunda yolda piyadanın istiqamətinin tənzimlənməsindən tutmuş hər hansı pozuntuya görə tətbiq edilən cəriməyədək hər şey öz əksini tapıb. Sözügedən qanun və qaydalara ümumi nəzər yetirək. Piyadalar səki ilə, piyada zolağı və ya yolun çiyni ilə hərəkət etməlidirlər. Yolu piyada keçidlərindən və piyada zolaqlarından istifadə etməklə keçmək lazımdır. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməliyik. Hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun, olmadığı halda isə nəqliyyat işıqforunun işarəsi əsas tutulmalıdır. Piyada yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır. Piyadalar sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidirlər. Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks-istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Onlar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və işıqforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.
Təmsil etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən Ayaz İsmayılov onu da diqqətə çatdırdı ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi olaraq yol polisi əməkdaşlarının hərəkətin təhlükəsizliyi tədbirlərinin təbliği sahəsində rolu və funksiyası, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlıqlarının qorunması, xüsusilə uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üzrə maarifləndirici söhbətlərə geniş yer verilir. Mütəmadi olaraq ümumtəhsil məktəblərində piyadaların vəzifələri, piyada keçidlərinin növləri və keçilmə qaydaları, yol ayrıclarının keçilmə qaydası onlara praktik şəkildə başa salınır. Naxçıvan şəhər 1, 17, 14, 8 nömrəli tam orta məktəblərdə üçüncü və dördüncü sinif şagirdləri arasında “Yol hərəkəti qaydaları və mən” adlı televiktorina keçirilib. Bundan əlavə, Naxçıvan şəhərinin küçə və yollarında Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondu ilə birlikdə “Diqqət, piyada!” adlı maarifləndirici aksiyalar keçirilir və əhaliyə idarə tərəfindən hazırlanmış yol hərəkəti qaydalarının əks olunduğu bukletlər paylanılır. Tədbirlər təkcə piyadalar arasında yox, sürücülər arasında da keçirilir ki, piyadaların hərəkəti zamanı sürücülər də yol hərəkəti qaydalarını pozmasınlar.
Müsahibim təəssüflə onu da bildirdi ki, aparılan təbliğat işlərinə baxmayaraq, hələ də yol hərəkəti qaydalarına əməl etməyən piyadalarımız var. Bu halların aradan qaldırılması üçün sakinlərin də diqqət və tələbkarlığı lazımdır ki, qaydanı pozan şəxs qınansın və səhvi başa salınsın. Əgər sürücü və piyadalar üzərlərinə düşən vəzifələri yerinə yetirsələr, həm piyadaların, həm də sürücülərin nəqliyyatda rahat hərəkəti təmin olunar və baş verə biləcək bədbəxt hadisələrin qarşısı alınar.

Pərviz HACILI

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR