21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Və ya generallar nəslinin görkəmli nümayəndəsi

Yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, elə sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə Vətənimizin azadlığına, müstəqilliyinə mühüm töhfələr veriblər. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir.

O, 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində ehtiyatda olan zabit Cəfərqulu xan Naxçıvanskinin ailəsində dünyaya göz açıb. 12 yaşı olarkən hərbi təhsil alması üçün atası Cəmşidi Tiflis Kadet Məktəbinə gətirir. Cəmşid burada 7 il ilkin hərbi təhsil aldıqdan sonra 1914-cü ildə Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki Qvardiya Məktəbinə daxil olur. Amma I Dünya müharibəsinin başlaması ilə ölkədə vəziyyət dəyişir. Cəmşidə bu məktəbdə oxumaq cəmi 4 ay qismət olur. 1914-cü ilin dekabrında Cəmşid Naxçıvanskiyə proporşik hərbi rütbəsi verilərək çar Rusiyasının müsəlmanlardan təşkil etdiyi Qafqaz Süvari Diviziyasına xidmətə göndərilir. 1915-ci ilin qışında Cəmşid xan süvari alayı ilə birlikdə I Dünya müharibəsinin cənub-qərb cəbhəsində gedən qızğın döyüşlərə qatılır. Bu müharibə zamanı Brusilov cəbhəsinin yarılması, Kosovo, Novoselka kənd­ləri və Lutks şəhəri uğrunda, İnquş Süvari Alayının mühasirədən azad edilməsi əməliyyatında və onlarla digər döyüşlərdə Cəmşid Naxçıvanski qəhrəmanlıqla vuruşur. O, 4 il davam edən bu amansız döyüşlərdə 3 dəfə ağır yaralanır, hərbi hospitallarda müalicə alaraq təkrar döyüşlərə qatılır. Cəmşid Naxçıvanskinin döyüş meydanlarında göstərdiyi cəsarət və igidlik imperiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, rütbəsi ştabs-rotmistrə qədər yüksəldilir, qiymətli hədiyyələrlə mükafatlandırılır.

Cəmşid Naxçıvanskinin xidmət etdiyi Qafqaz Süvari Diviziyası geriyə – Qafqaza qayıdır. Onun da manqa komandiri olduğu Tatar (azərbaycanlı) Süvari Alayı Gəncə ətrafında yerləşdirilir. Cəmşid Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin yazından təşkil etdiyi milli ordu quruculuğunda fəal iştirak edir. Həmin ilin sentyabrında onun alayı Qafqaz İslam Ordusu ilə birlikdə Gəncədən Bakıya yürüş edərək Bakını daşnak-bolşevik hərbi birləşmələrindən azad edir. Bakı Kommunasının əsgərləri qovulandan sonra şəhərə ingilislər daxil olurlar. Növbəti döyüşü Cəmşid xan Sentrokaspi qüvvələri ilə aparmalı olur. Şəhər azad olunaraq paytaxt Gəncədən Bakıya köçürülür. Cəmşid Naxçıvanski bu tarixi döyüşlərdə Kəngərlilərin döyüş ənənələrini məharətlə tətbiq edərək 2 şotland rotasını büsbütün əsir götürür. Cəmşid Naxçıvanskinin hərbi istedadını görən Səməd bəy Mehmandarov hələ çox gənc olmasına baxmayaraq, onu Azərbaycan Xalq Cümhuriyyətinin I Süvari Alayına komandir köməkçisi təyin edir. İngilislər də Bakıdan çıxarılandan sonra paytaxta növbəti təhlükəni şimaldan Ağqvardiyaçılar gətirirlər. Denikinçilərin qarşısını ləyaqətlə ala biləcəyinə əmin olan komandanlıq Cəmşid xanı Dağıstan ilə sərhəddə mühafizə rəisi təyin edir. Cəmşid xan hərbi xidmətini burada da uğurla davam etdirir.
1918-1920-ci illərdə Cəmşid Naxçıvanski kimi milli hərbi kadrlara böyük tələbat var idi. Buna görə də Səməd bəy Mehmandarov ona podpolkovnik rütbəsi verərək 24 mart 1920-ci il tarixli 163 nömrəli əmrlə II Qarabağ Süvari Polkunun komandiri təyin edir. Bu, o vaxt idi ki, bolşe­viklərin təhriki ilə ermənilər Qarabağda üsyan qaldıraraq Azərbaycan torpaqlarını işğal etmişdi. Cəmşid xan təcili olaraq Qarabağa yollanır. Ermənilər daha çevik tərpənərək onun yolunu kəsmək üçün Əsgəran qalasını tutub Xankəndinə gedən yolu bağlayırlar. Daşnaklar yaxşı bilirdilər ki, Cəmşid xan Xankəndinə yetişib yenicə komandir təyin edildiyi II Qarabağ Süvari Polkunun başına keçsə, hadisələr onların əleyhinə sürətlə dəyişəcək. Cəmşid Naxçıvanski öz hərbi şücaəti və sərkərdəlik məharəti sayəsində qısa vaxt içərisində Ağdamı, Əsgəran qalasını, Xankəndini və Şuşanı erməni quldurlarından təmizləyərək Qarabağı 1919-1920-ci illər işğalından azad edir. Bu şərəfli tarixi döyüşlərdə o zaman polkovnik rütbəsində olan Həbib bəy Səlimov Cəmşidin kiçik qardaşı, Şəki polkunun komandiri III Ehsan xan və onlarla naxçıvanlı igid misilsiz qəhrəmanlıqlar göstəriblər. AXC Milli Ordusunun komandanı Səməd bəy Mehmandarov Xankəndinə gedərək Qarabağda döyüşən əsgər və zabitlər önündə təntənəli çıxış edib bu tarixi qələbə münasibətilə onları mükafatlandırıb.
Azərbaycanda Sovet hökuməti qurulanda Cəmşid Naxçıvanski Nəriman Nərimanovun dəvəti ilə Qarabağdan Bakıya qayıdır. Sovet Azərbaycanının Hərbi-Dəniz Xalq Komissarı Əliheydər Qarayevin əmri ilə Cəmşid Naxçıvanski əvvəlcə Azərbaycan Sovet Hərbi Məktəbinə təsərrüfat rəisi təyin edilir. Sonra Naxçıvanski Azərbaycan Birləşmiş Hərbi Məktəbin rəisinin birinci köməkçisi təyin edilir. Cəmşid xan əsas vaxtının böyük hissəsini milli müdavimlərlə keçirib, onların peşəkar hərbçi kimi yetişmələri üçün var gücü ilə çalışırdı.
Cəmşid Naxçıvanskinin təşəbbüskarlığı və təşkilatçılığı Zaqafqaziya Hərbi Dairəsi tərəfindən yüksək qiymətləndirilir. Onu 1921-ci il sentyabrın 10-da Azərbaycan Atıcı Briqadasına komandir təyin edirlər və briqadanın bazası əsasında Atıcı (dağatıcı) Diviziya yaratmağı tapşırırlar. Naxçıvanski taktiki və texniki göstəricilərinə, həmçinin sıra və döyüş hazırlığına görə Zaqafqaziyada öndə olan Azərbaycanın ilk Milli Atıcı Diviziyasını yaradır. Bu işinə görə Zaqafqaziya Hərbi Dairəsi ona təşəkkür bildirərək gümüş dəstəkli qılınc hədiyyə edir. Akademik təhsili olmadığı üçün Silahlı Qüvvələrin nizamnamə və əsasnaməsinə görə, Naxçıvanskinin diviziya komandiri olması qeyri-qanuni olsa da, SSRİ-nin hərbi elitası heç tərəddüd etmədən bu vəzifəni məhz onun özünə tapşırır.
Yeni yaradılmış diviziyanıın döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaq üçün Naxçıvanski yorulmaq bilmədən gecə-gündüz çalışır. Yalnız 1923-cü ildə Cəmşid Naxçıvanski akademik təhsil üçün vaxt ayıra bilir. Onu Mos­kva Hərbi Akademiyasının Ali Komanda kursuna göndərirlər. Kursu müvəffəqiyyətlə bitirərək doğma diviziyasına geri qayıdır. Sonrakı illərdə (1927-1928) daha iki dəfə Sərhəd İşinin Təşkili və İdarə Olunması və Hava Hücumundan Müdafiə kurslarına göndərilir. Cəmşid Naxçıvanski 10 sentyabr 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan milli diviziyasına komandirlik edir. O, bu on il ərzində Azərbaycan Silahlı Qüvvələri üçün əvəzsiz işlər görür. Cəmşid xanın diviziyası Azərbaycanın sərhədlərini havadan və qurudan qoruyaraq milli hərb sənətimizə yeni bir nəfəs gətirir. O, Cənubi Qafqazda ilk dəfə olaraq hava hücumundan kimyəvi vasitələrlə müdafiəni təşkil edir və bunu praktik olaraq diviziyanın təlimlərində komandanlığa nümayiş etdirir. Diviziya bu 10 il müddətində Zaqafqaziyada keçirilən bütün növ hərbi təlimlərin hər birində müxtəlif kateqoriyalar üzrə ilk yerlərdən birini qazanır. Sıra və döyüş hazırlığı ilə yanaşı, diviziyanın siyasi-ideoloji hazırlığının da möhkəmləndirilməsi üçün Naxçıvanski diviziyanın “Hərbi bilik” jurnalını təsis edir və onun redaktoru kimi ən aktual mövzularla çıxış edir. Yeri gəlmişkən, 100 il bundan əvvəl Cəmşid xanın qaldırdığı hərbi məsələlər bu günün özündə belə, öz aktuallığını qoruyub saxlamaqdadır. Bütün bunların məntiqi nəticəsi idi ki, Naxçıvanskinin yaratdığı həmin diviziya Böyük Vətən müharibəsi illərində Xəzər dənizindən Baltik dənizinədək şərəfli bir döyüş yolu keçir. 1930-cu ildə Cəmşid Naxçıvanski Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir.
1931-ci ildə İ.V.Stalinin tapşırığı ilə Cəmşid xan tam akademik təhsil alması üçün M.V.Frunze adına Mos­kva Hərbi Akademiyasına göndərilir. Akademiyanı müvəffəqiyyətlə bitirdikdən sonra 1934-cü ildən həmin akademiyada müəllim kimi saxlanılır. Əvvəlcə II kursun rəisi, daha sonra akademiyanın Ümumi taktika kafedrasının müdiri vəzifəsində çalışır. Cəmşid Naxçıvanski böyük sərkərdə olmaqla yanaşı, eyni zamanda gözəl pedaqoq və hərb işi üzrə ekspert-­novator idi. Naxçıvanski zamanın ən nüfuzlu akademiyasında müdavimlərə rus və fransız dillərində mühazirə oxuyurdu. O, döyüş zamanı cinahların koordinasiya və yerdəyişməsi konsepsiyasını yenidən işləyib hazırlamışdı. Cəmşid xan öz layihəsində o dövr üçün yeni sayılan fərqli bir taktika, fərqli bir metod irəli sürürdü. Generalın bütün incəliklərinə qədər işləyib-hazırladığı bu konsepsiyadan Sovet ordusu II Dünya müharibəsində ustalıqla istifadə etdi və yüksək nəticələr qazandı.
1935-ci ildə Cəmşid xana general-mayor ali hərbi rütbəsi verilməsinə baxmayaraq, Naxçıvanski düşmənləri olan şaumyanlar, mikoyanlar, beriyalar və digərləri tərəfindən daim izlənilərək təqiblərə məruz qalır. Buna görə də görkəmli Azərbaycan sərkərdəsi mürtəce qüvvələr tərəfindən üç dəfə həbs olunur. Bunun ikisində ölüm cəzasından son anda qurtulur, lakin sonuncu – üçüncü həbsi... Çox təəssüf ki, Azərbaycan xalqının düşmənləri xan nəvəsinin yüksək zəkasını, elmi potensialını həzm edə bilmirlər. Cəmşid Naxçıvanski də xalqımızın digər görkəmli şəxsiyyətləri kimi 30-cu illərin repressiyasına məruz qalaraq totalitarizmin qurbanına çevrilir. 20 may 1938-ci ildə generalın həbsi üçün 3191 nömrəli həbs orderi yazılır. Əslində, bu order sovet ölüm makinası tərəfindən Cəmşid xanın qətlinə verilmiş fərman idi. 26 avqust 1938-ci ildə Cəmşidin saxlandığı Lefertovo zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası saxta ittihamlarla səyyar məhkəmə qurur. Generala sifarişli ölüm hökmü çıxarılır və hökm məhkəmədən dərhal sonra icra olunur... Sərkərdə Moskvanın 26 kilometrliyində sonralar qardaşlıq qəbiristanlığına çevrilmiş Kommunarka adlı kütləvi qəbiristanlıqda dəfn olunur.
22 dekabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası rəsmi bəraət versə də, Cəmşid Naxçıvanskini faktiki olaraq 1969-cu ildə Azərbaycan SSR KP MK-ya Birinci Katib seçilən ümummilli liderimiz Heydər Əliyev xalqımıza yenidən qaytarır. Ulu öndər elə ilk günlərdən Azərbaycan SSR Elmlər Akademiyasının Partiya Tarixi İnstitutuna tapşırıq verir ki, haqsızlığa məruz qalaraq repressiya qurbanı olmuş Cəmşid Naxçıvanski haqqında obyektiv və dolğun araşdırmalar aparılsın. Bu siyasi dəstəkdən sonra müdrik rəhbərin tövsiyəsi ilə Naxçıvanski haqqında aparılan ilkin tədqiqat materialları mətbuat vasitəsilə ictimaiyyətə təqdim edilir. Dahi rəhbər 23 iyun 1971-ci ildə Azərbaycan KP MK-nın Büro iclasını çağırır və iclasa şəxsən özü rəhbərlik edir. Ulu öndər iclasda “SSRİ Silahlı Qüvvələrinin görkəmli nümayəndəsi Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi” məsələsini müzakirəyə çıxarır. Dahi rəhbərin imzası ilə təsdiqlənən, Azərbaycan tarixinin ən həssas və ağrılı “yükünü” daşıyan 4 bəndlik Qərar, əslində, Cəmşid Naxçıvanskinin simasında bütün Naxçıvanskilərin üzünə doğan günəş idi. Gördüyü hər bir işi zərgər dəqiqliyi ilə hesablayan müdrik siyasətçi Qərarın preampula hissəsində “SSRİ Silahlı Qüvvələrinin görkəmli nümayəndəsi” sözləri altında Cəmşid xanı, Cəmşid xanın simasında bütün Naxçıvanskiləri – Kəngərliləri Azərbaycan ictimaiyyətinə təqdim edirdi.
23 iyun 1971-ci il tarixdən etibarən Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsinə başlanılıb. Vaxtında atılmış cəsarətli bir imza bütöv bir nəslin taleyini dəyişdi. Bu gün Azərbaycan Respublikasında Cəmşid Naxçıvanskini və sələflərini tanımayan və sevməyən yoxdur. Böyük fədakarlıqla və əzmkarlıqla yaradılan, generalın adını daşıyan hərbi liseyin məzunları isə Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyan fədailərdir.
Ümummilli liderin milli-siyasi məktəbinin məzunları bu gün onun yolunu uğurla davam etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamın icrası ilə bağlı keçirilən silsilə tədbirlər Cəmşid Naxçıvanskini müasir Azərbaycan gəncliyinə yeni təqdimatı idi. Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə böyük qayğı və həssaslıqla yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi qayğısı sayəsində onlarla tarix-­mədəniyyət abidələri kimi, XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda Cəmşid Naxçıvanskinin ev-muzeyi də təmir və bərpa olunmaqdadır. Həmin binanın XIX əsr tarix-mədəniyyət abidəsi, Cəfərqulu xanın malikanəsi kimi də əsaslı şəkildə bərpa olunaraq xalqa yenidən qaytarılması əsl vətənpərvərlik nümunəsidir. Bu, Naxçıvanın dövlətçilik tarixinə, bu tarixi yazan və qoruyan şəxsiyyətlərə Ali Məclis Sədri tərəfindən ən böyük hədiyyədir.

Abasət Nuriyev
Cəmşid Naxçıvanskinin
ev-muzeyinin direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466441
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
917
5561
9397
130482
4466441

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter