11 Dekabr 2019, Çərşənbə

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş elektrik stansiyası tikiləcəkdir.
Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanmışdır.
Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Enenrgetika Xidmətinin rəisi Namiq Paşayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov aidiyyəti üzrə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumi gücü 3 meqavat olacaq Günəş elektrik stansiyası üçün Kəngərli rayonunun Qabıllı kəndində kənd təsərrüfatına yararlı olmayan ərazi seçilmişdir. Stansiya İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən qurulacaq və şirkətin istehsalı olan ən müasir günəş panellərindən istifadə olunacaqdır.
İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami yenidən Naxçıvanda olmaqdan, eləcə də Günəş elektrik stansiyasının qurulmasında muxtar respublika ilə əməkdaşlıqdan böyük məmnunluq duyduqlarını bildirmişdir. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılacağını və ən son texnologiyalardan istifadə olunacağını diqqətə çatdıran Mişel Kalerami təmsil etdiyi şirkətin kollektivi adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov elektrik enerjisinə olan tələbatın ilbəil artdığını bildirərək demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, yeni Günəş və su elektrik stansiyaları inşa olunur. Son illər Babək rayonunda 22 meqavat, Kəngərli rayonunda 2 meqavat gücündə Günəş elektrik stansiyaları tikilmişdir. Hazırda Araz çayı üzərində su elektrik stansiyasının inşası davam etdirilir. Bütün bunlar enerji təminatını yaxşılaşdırmaqla yanaşı, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırır və bu sahənin daha da müasirləşdirilməsinə imkan verir. 3 meqavatlıq Günəş elektrik stansiyası da Dövlət Energetika Xidmətinin gəlirləri hesabına inşa olunacaqdır. Bütün bunlar muxtar respublikanın inkişafının göstəricisidir.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 3 meqavatlıq yeni Günəş elektrik stansiyasının qurulması barədə müqavilə imzalanmış, xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR