23 Sentyabr 2019, Bazar ertəsi

Məlum olduğu kimi, cari ilin oktyabr ayında əhali haqqında demoqrafik, iqtisadi və sosialməzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma keçiriləcəkdir. Bu mühüm tədbir dövlət miqyasında əhəmiyyət daşımaqla onun mahiyyəti və məqsədilə bağlı məlumatların verilməsi də aktuallıq kəsb edir. 

Cəmiyyətin ən böyük sərvəti, şübhəsiz, insan kapitalıdır. Bu kapitalın kəmiyyət və keyfiyyət prizmasından düzgün qiymətləndirilməsi və ondan istifadə məsələləri istər regional, istərsə də milli səviyyədə dövlət idarə­etməsinin mühüm elementlərindən biridir. Dövlətin sahib olduğu insan resurslarının statistik məlumat bazasının hazırlanması üçün keçirilən əhalinin siyahıyaalınması da, bu mənada, hər hansı bir ərazinin keçdiyi tarixi inkişaf yoluna qiymət verilməsi üçün mühüm dövlət əhəmiyyətli kampaniyadır.
Demoqrafik məlumatlar cəmiyyət həyatının bütün sahələri ilə qarşılıqlı əlaqəli olub, son nəticədə, sosial-iqtisadi inkişafa da öz təsirini göstərən əhəmiyyətli amildir. Təsadüfi deyildir ki, gələcəyə doğru inkişaf konsepsiyaları hazırlanarkən ali məqsədlər arasında insan inkişafı, onun uzun­ömürlülüyü, təhsil və rifahlarla əhatə olunma səviyyəsi, habelə urbanizasiya proseslərinə olan meyillilik, məskunlaşma, xüsusən ucqar ərazilərdə geniştərkibli ailələrin həmişəlik kök salması kimi perspektivlər ön planda tutulur. Buna görə də hər bir ölkənin və onun ayrı-ayrı regionlarının gələcək inkişaf konsepsiyasını demoqrafik məlumatlarsız təsəvvür etmək qeyri-mümkündür.

Əhalinin siyahıyaalınması demoqrafik məlumatların alınması üçün klassik və hazırda da ən populyar tədbirlərdən biridir. Antik dövrdə də dünyanın müxtəlif ölkələrində yaşayan əhalinin siyahıyaalınması üçün müəyyən cəhdlər olub. Hələ qədim Misir, Yunanıstan, Hindistan, Çin və Yaponiya kimi dövlətlərdə və orta əsrlərdə Avropada aparılan epizodik siyahıyaalma işləri əhalinin sayı haqqında məlumatların alınması dövlətin ümumi gücü haqqında nəticəyə gəlinməsinə xidmət edirdi. Tarixdə ilk tammiqyaslı əhalinin siyahıyaalınması tədbiri 1790-cı ildə ABŞ-da aparılıb.
Şübhəsiz, belə tədbirlər hələ demoqrafik problemlərin olmadığı, yaxud çox az şəkildə hiss edildiyi bir dövrdə baş versə də, müasir dövr planetdə insan sayının artması, miqrasiya, məcburi köç kimi əhali məskunlaşmasına birbaşa təsir göstərən hadisələrin çoxalması, bunların da nəticəsində demoqrafik proseslərin idarə olunmasının çətinləşməsi ilə xarakterizə edilir. Dünyada ərazisinə və sahib olduğu təbii ehtiyatların həcminə görə əhali sayının az­lığından, yaxud, əksinə, ifrat dərəcədə çoxluğundan əziyyət çəkən, belə problemləri milli təhlükəsizlik səviyyəsində gündəmdə saxlayan ölkələr xeyli saydadır.
Əhalinin siyahıyaalınması müstəqil ölkəmizdə də dövlət siya­sətinin mühüm tərkib hissəsidir. Bu mühüm dövlət tədbiri BMT-nin tövsiyələrinə uyğun olaraq ölkə­mizdə hər 10 ildən bir keçirilir. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə, o cümlədən muxtar respublikada 1999 və 2009-cu illərdə əhalinin siyahıya­alınması keçirilib. Əhalinin növbəti siyahıyaalınması Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək aparılacaqdır.
Qeyd etmək lazımdır ki, 2009-cu ildə muxtar respublikada keçirilmiş siyahıyaalmada əhalinin sayı 398,3 min nəfər olub ki, bunun da 198,3 min nəfərini və ya 49,8 faizini kişilər, 200 min nəfərini və ya 50,2 faizini isə qadınlar təşkil edib. Əhalinin 115,5 min nəfəri və ya 29 faizi şəhərlərdə, 282,8 min nəfəri və ya 71 faizi kəndlərdə məskunlaşıb. 1 may 2019-cu il tarixə muxtar respublikada əhalinin sayı 457 min nəfərə yaxın olub ki, bu da 2009-cu ilin aprel ayında keçirilmiş siyahıyaalma dövründə qeydə alınmış əhali sayından 58,7 min nəfər çoxdur. Müqayisə üçün deyək ki, ikinci siyahıyaalmada əhalinin sayı birinci siyahıyaalma dövründən 44,2 min nəfər çox olub.
Şübhəsiz, ötən 10 il ərzində ölkəmiz və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası əvvəlki dövrlərlə müqayisədə azı yarıməsrlik bir inkişaf yolu keçib. Ölkəmizin sahib olduğu resursların xalqımızın rifahı naminə istifadəsi, insan inkişafı indeksinin dəfələrlə yüksəlməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artması kimi ümumi inkişaf göstəriciləri əhali sayının artmasına və insanların rifah halının daha da yüksəlməsinə öz təsirini göstərib. Müstəqilliyimizin bəhrəsi kimi əldə etdiyimiz bu nailiyyətlər bu gün sayı 10 milyondan çox olan Azərbaycan Respublikasının vətəndaşlarının gələcəyə doğru inamlarını artırıb və respublikamızın dünya ölkələri arasında yerini möhkəmlətmişdir. Ölkəmizdə və muxtar respublikamızda əhali sayının artması ilə yanaşı, əhalinin yaşayış standartlarının da yüksəlməsi statistika baxımından keyfiyyət göstəricisi kimi diqqəti cəlb edir. Başqa sözlə, əhalinin siyahıya­alınması zamanı əldə olunacaq məlumatlar ölkəmizin və eləcə də muxtar respublikamızın tarixi inkişafı ərzində keçdiyi yolun xronologiyası baxımından da əhəmiyyətlidir.
Əhalinin siyahıyaalınması iqtisadi qərarların verilməsi üçün zəruri informasiya mənbəyidir. Belə ki, dövlət milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı əhalinin coğrafi bölgələrə görə yerləşməsi, şəhər və ya kənd əhalisi olaraq paylaşması, ucqar və strateji yerləşmə məntəqələri üzrə məskunlaşması, qadın, kişi, yaşlı və gənc kimi sosial təbəqələrin nisbətini əsas tutur, bu zaman hər kəsin mənafeyinin qorunması və dövlətin ali məqsədlərinin həyata keçməsini təmin edir. Odur ki, əhali haqqında ən dəqiq məlumatların əldə olunması baxımından siyahıyaalınma iqtisadi cəhətdən əhəmiyyətlidir.
Əhali haqqında əldə olunan statistik nəticələr iqtisadi, sosial və humanitar məzmunlu elmi araşdırmaların aparılması baxımından çox qiymətli baza məlumatıdır. Belə ki, hər hansı bir ölkə və yaxud onun regionu haqqında danışarkən onun əhalisi, məşğuliyyəti və iqtisadi-mədəni inkişafından istinadlar gətirilir və bunlar tutarlı arqumentlər kimi həmişə dərin elmi dəyərə malikdir. Buna görə də elmi araşdırmalar zamanı qarşıya çıxan problemlərin obyektiv prizmadan dəyərləndirilməsi sahib olduğumuz insan resursları və yaxud iqtisadi fəal əhalinin mövcud və perspektiv potensialının təhlili olmadan mümkün deyil.
Və nəhayət, əhalinin siyahıya­alınması nəticəsində əldə olunan məlumatlar öz bitkinliyi ilə də diqqəti cəlb edir. Belə ki, bu dəfə keçiriləcək siyahıyaalma zamanı əvvəlkilərdən fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə daxil edilmiş əlilliyə dair suallar sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraiti, təhsili və məşğulluğu haqqında yeni məlumatların əldə edilməsinə şərait yaradacaq. Buna görə də deyə bilərik ki, belə və bu qəbildən olan digər demoqrafik məlumatların əldə olunması ölkə­mizdə həyata keçirilən sosial dövlət konsepsiyasının tam şəkildə real­laşdırılmasına, növbəti dövrdə cəmiyyətin davamlı və tarazlı inkişafına şərait yaradacaq.

 Əli CABBAROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR