23 Sentyabr 2019, Bazar ertəsi

Muxtar respublikamızın digər bölgələri kimi, Şərur rayonunun da təkcə mərkəzi deyil, kəndləri də müasirliyə qovuşur, yeni binalar, körpülər tikilir, yollar əsaslı şəkildə yenidən qurulur. İnşa olunan kənd mərkəzləri, təhsil, mədəniyyət və səhiyyə ocaqları, ictimai və inzibati binalar əhalinin yaşayışının, həyat tərzinin yaxşılaşmasına müsbət təsir göstərir. Cari ildə də tikinti-quruculuq işləri bölgəni öz ağuşuna alıb. Belə ki, hazırda rayon mərkəzində və 6 kənddə geniş quruculuq işləri görülür.
“ARTAY” İnşaat LTD Şirkətinin Naxçıvan filialı Muğancıq Mehrab kəndində geniş­miqyaslı tikinti-quruculuq işləri aparır. Bu yaşayış məntəqəsində 4 obyekt tikilir, yaxud yenidən qurulur.
Şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyətə malik olduğunu nəzərə alaraq təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər bu kimi aktual məsələlər muxtar respublikamızda daim diqqət yetirilən sahələrdəndir. Bu hesaba bölgənin bütün yaşayış ünvanlarında məktəb tikintisi, yaxud əsaslı təmir sahəsində tədbirlərin həyata keçirilməsi artıq intensiv xarakter alıb.
Muğancıq Mehrab kəndindəki 224 şagird yerlik tam orta məktəb binası da bütünlüklə yenidən qurulur. İkimərtəbəli binada əsas işlər yekunlaşıb. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib, qapı-pəncərələr salınıb, daxildə və fasad hissədə divarların suvaq işlərinə başlanılıb. Hazırda dəhlizlərə və mərtəbələrarası pilləkənlərə travertin daşlar döşənir, otaqların döşəməsi vurulur.

Yerlərdə qurulan kənd mərkəzləri əhalinin bir iş üçün müxtəlif ünvanlara üz tutmaması, problemini bir binanın daxilində yerləşən müxtəlif təşkilatlarda asan və çevik həll etməsi baxımından çox sərfəlidir. Bu məqsədlə Muğancıq Mehrab kəndində tikilən iki­mərtəbəli kənd mərkəzində də hər cür şəraitin yaradılması nəzərdə tutulur. Yeni binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi üzrə ilk təşkilatı, kitabxana, iclas zalı, baytarlıq məntəqəsi, poçt, ATS, polisin sahə müvəkkili üçün otaqlar hazırlanır.
Eyni ünvanda inşa edilən daha bir obyekt isə birmərtəbəli xidmət mərkəzidir. Burada ərzaq və təsərrüfat malları mağazaları, ət dükanı, gözəllik salonu və bərbərxana fəaliyyət göstərəcəkdir.
Bütün bu tədbirlərin davamı kimi Qarxun kəndindən başlanan, Muğancıq Mehrab və Məmmədsabir kəndlərindən keçərək Şərur şəhərinə birləşən kəndlərarası yol da asfaltlanıb, yol kənarlarındakı suötürücü kanallar betonlanıb.
Beləcə yaxın günlərdə daha bir yaşayış məntəqəsi yeniləşən kəndlər siyahısına düşəcək, Muğancıq Mehrab kəndinin sakinləri də quruculuq ərməğanlarının sevincini ­yaşayacaqlar.

Elman MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR