18 Oktyabr 2019, Cümə

Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərindən və Dövlət Ekologiya Komitəsindən olan nümayəndələr muxtar respublikanın içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi ilə tanış olmaq, bu sahədə qazanılan təcrübəni öyrənmək məqsədilə Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.

Səfər çərçivəsində əvvəlcə qonaqlar Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində olublar, burada görüş keçirilib.
Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi ilə tanış olan nümayəndə heyətinə məlumat verilib ki, kanalizasiya sularının təmizlənməsi üçün Araz çayının kənarında tikilən bu kompleks 2018-ci il may ayının 16-da istismara verilib. Təmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab su təmizləmə gücünə malikdir. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axını ilə 170, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur.
Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksində qonaqlara bildirilib ki, bu kompleks 2014-cü il aprel ayının 7-də istifadəyə verilib. Nanofiltrli membran tipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur. Suya xüsusi qurğu vasitəsilə havadan alınan ozon vurulur. Qurğunun gücü gün ərzində 40 min 800 kubmetr və ya saniyədə 472 litrdir. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına inzibati binada quraşdırılmış kompüterlə nəzarət olunur.
Nümayəndə heyəti Naxçıvançay yatağında tikilən kaptaja da baxıb. Məlumat verilib ki, kaptajın məhsuldarlığı orta hesabla saniyədə 472 litr, uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metrdir, kaptajın üzərində 52 ədəd baxış quyusu və bir ədəd suqəbuledici kamera quraşdırılıb. Kaptajdan təmizləyici qurğuya qədər 6,4 kilometr özüaxınlı şüşəlifli magistral boru xətti çəkilib, ətraf 3,3 kilometr uzunluğunda dəmir məhəccərlə hasarlanıb, kaptajın sel sularından qorunması üçün 1,5 kilometr uzunluğunda qoruyucu bənd tikilib.
Daha sonra qonaqlar Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksində olublar. Qeyd edilib ki, burada tikinti işlərini “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Almaniyanın “Bioworks” şirkəti həyata keçirib. Təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. Sistemin hovuzlarının tutumu 7200 kubmetrdir. Təmizləyici qurğuya daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. Həmin su mexaniki filtrlərdə 10 mikrona qədər təmizlənir və təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır.
Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksinin iş prinsipi ilə yaxından maraqlanan nümayəndə heyətinə bildirilib ki, 2017-ci il yanvarın 11-də istismara verilən sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edə biləcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr su­təmizləmə gücünə malikdir. Burada hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Bu anbarlardan təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin edilir. Əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.
“Comfort Engineering Group”un baş direktoru, nümayəndə heyətinin rəhbəri Muratxon Gurayev Kərimoviç “Şərq qapısı” qəzetinə müsahibəsində səfərlərinin məqsədi və mahiyyəti barədə danışıb:
– Naxçıvana səfərimizin məqsədi burada həyata keçirilən, beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri layihəsi ilə yaxından tanış olub bu sahədə əldə olunan təcrübəni öyrənməkdir. İstəyirik ki, Özbəkistan Respublikasında da Naxçıvanda istifadə olunan Almaniyanın “Bioworks” şirkətinin texnologiyalarını tətbiq edək. Bunun üçün də əvvəlcə həmin şirkətin Azərbaycan üzrə nümayəndələri ilə əlaqə saxladıq. Səfərin baş tutması üçün apardığımız danışıqlar öz müsbət nəticəsini verdi və biz Naxçıvana gələ bildik. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasında xüsusi qonaqpərvərliklə qarşılandığımız üçün minnətdarlıq edirəm. Qısa zaman çərçivəsində buradakı ayrı-ayrı ərazilərdə fəaliyyət göstərən sutəmizləyici texnologiyalarla tanış olduq, peşəkar mütəxəssislərin rəyləri bizim üçün böyük önəm daşıdı.
Əminliklə demək istəyirəm ki, nümayəndə heyətimizdə Naxçıvan təcrübəsi barədə yüksək fikirlər formalaşdı. Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasında öyrəndiklərimiz gələcək fəaliyyətimizdə böyük rol oynayacaq.

 Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR