Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə nazir Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar 2019-cu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə nazirliyin də qarşısına bir sıra ­vəzifələr qoyulub.

Diqqətə çatdırılıb ki, bu gün nazirliyin tabeliyində 30 muzey və muzeytipli müəssisə, 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 1 Musiqi Kolleci, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 2 respublika əhəmiyyətli kitabxana, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, kitabxana filialları və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu müəssisələrin payız-qış mövsümünə lazımi səviyyədə hazırlığı daim diqqət mərkəzindədir.
Vurğulanıb ki, mədəniyyət müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar lazım olan yanacaq və mal-materiallardan, o cümlədən 21 min 850 litr dizel yanacağı, 54 kvadratmetr şüşə, 49 ədəd şifer, 420 kiloqram maye qaz, 312 metr polietilen, 31 neft sobası, 124 boru və 62 dirsəkdən ibarət siyahı hazır­lanaraq aidiyyəti üzrə təqdim edilib.
Bildirilib ki, 2019-cu ildə Şərur rayonu üzrə rayon mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi, İbadulla kənd mədəniyyət evi, Kosacan kənd klubu və kitabxanası, Babək rayonunun Aşağı və Yuxarı Buzqov kənd kitabxana filialları və klubları, Ordubad rayonunun Dəstə kənd mədəniyyət evi və kitabxanası, Culfa rayonunun Qazançı kənd kitabxanası və mədəniyyət evi, Sədərək rayonunda kitabxana və Şahbuz Rayon Mədəniyyət Sarayı üçün yeni binalar inşa olunub. Bu mədəniyyət müəssisələrinin hamısı ümumi istilik sistemi ilə təmin edilərək istifadəyə verilib.
Qeyd olunub ki, ötən qış mövsümü ərzində mədəniyyət müəssisələrində heç bir fövqəladə hal baş verməyib, fasiləsiz iş rejimi təmin edilib, qarşıya çıxan problemlər isə vaxtında aradan qaldırılıb. Nazirliyin sistemindəki bütün müəssisələr növbəti payız-qış mövsümünə hazır­lıqla əlaqədar işlərini düzgün qurmalı, bütün imkanlardan səmərəli istifadə edilməklə fasiləsiz iş rejimi təmin olunmalıdır.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən müşavirəni nazir Mais Əliyev açıb. Bildirib ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi aid idarə və müəssisələrlə birlikdə 2019-cu ilin payız mövsümündə həyata keçiriləcək yaşıllaşdırma və yeni meyvə bağlarının salınması, ötənilki əkinlərdə bərpa işlərinin planlı aparılması üçün sen­tyabr ayının sonunadək ərazilərin sxem-planlarını hazırlamalı, ting ehtiyatı müəyyənləşdirilməlidir. Bunun üçün texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməli, əkin işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rayonlaşdırma işləri həyata keçirilməli, torpaqların münbitliyinin artırılması tədbirləri diqqət mərkəzində saxlanılmalıdır.
Bildirilib ki, Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi ilə birlikdə toxum tədarükü ciddi nəzarətdə saxlanılmalı, dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük verilməli, yaşıllıq sahələrində qurumuş ağacların təmizlənməsi və hərbi hissələrə verilməsi işi davam etdirilməlidir.
Adıçəkilən şöbə və aidiyyəti idarələr, o cümlədən digər idarə və müəssisələr qış mövsümündə biotexniki tədbirlərin icra edilməsi üçün vaxtında qida ehtiyatı yaratmalı, lazım olan ərazilərdə anbarlaşdırılmalıdır. Biotexniki tədbirlərin xüsusi mühafizə olunan təbiət əraziləri ilə yanaşı, onlara həmsərhəd ərazilərdə, yeni salınmış yaşıllıq sahələrində keçirilməsinə də ciddi önəm verilməlidir.
Diqqətə çatdırılıb ki, Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi tərəfindən yay-qış otlaq sahələrində ekoloji monitorinqlər aparılmalı, ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun olaraq tədbirlər icra edilməlidir. Yaylaq mövsümü başa çatdıqdan sonra oba ərazilərində təmizlik yaradılması diqqətdə saxlanılmalı və qaşarlarda dezinfeksiya işləri təşkil edilməli, xüsusilə qış otlaq sahələrində təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
Müşavirə məruzə ətrafında çıxışlarla yekunlaşıb.

*   *   *

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agent­liyinin kollegiya iclasında ­çıxış edən agent­liyin direktoru Bəxti­yar İsmayılov bildirib ki, payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir.
Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən 120 təsərrüfat subyektində davamlı olaraq müşahidə xarakterli monitorinqlər aparılıb, təsərrüfat subyektlərinə təhlükəsizlik sistemi, keyfiyyətini təsdiqləyən müvafiq müşayiət­edici sənədləri mövcud olan elektrik, qaz cihazlarının satışının həyata keçirilməsi barədə bildirişlər və qazla işləyən məişət cihazları üçün təhlükəsiz istifadə üzrə təlimat təqdim olunub. Ümumilikdə, idxal olunan 7062 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 532 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
Vurğulanıb ki, müvafiq tapşırıqların yüksək səviyyədə icrası üçün qarşıdakı payız-qış mövsümündə agentlik tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi barədə istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, müvafiq bildirişlərin təsərrüfat subyektlərinə təqdim olunması təmin edilməlidir. Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün tədbirlər, xüsusilə də monitorinqlər davam ­etdirilməlidir.
Bildirilib ki, muxtar respublikaya idxal olunacaq qaz cihazları bir qayda olaraq Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Məişət qaz avadanlıqlarının sınaq laboratoriyasında yoxlamadan keçdikdən sonra idxalına, satışına və istismarına icazə verilə bilər.
Sonra çıxışlar olub.

*   *   *

 

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində keçirilən kollegiya iclasını agentliyin direktoru Bəhruz Əsgərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, qış aylarında ucqar kəndlərə hərəkətin fasiləsizliyinin təmin edilməsi, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların saz vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat, qum ehtiyatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.
Qeyd olunub ki, leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilməli, avtomaşınlar üçün zəncir, avtoqreyderlər üçün bıçaq tədarük olunmalı, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş geyimləri ilə təmin edilməlidirlər. Ümumilikdə, 11 avtoqreyder, 31 özüyükünüboşaldan avtomaşın, 2 qartəmizləyən avtomaşın, 1 qarsovuran avtomaşın, 9 buldozer, 1 qumsəpən avtomaşın, 9 ekskavator, 6 yükləyici ekskavator və 5 avtoyükləyici muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilməsi planlaşdırılıb. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılır. Ötən ildən 500 kubmetr ehtiyat yaradılıb və əlavə olaraq Şorsu massivindən xammal daşınaraq Naxçıvan və Şərur ­Asfalt-Beton zavodlarında qurulmuş qum-çınqıl karxanalarında üyüdülərək 1500 kubmetr ehtiyat yaradılması və digər tədbirlərin görülməsi nəzərdə ­tutulur.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi