18 Oktyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən müşavirəni nazir, general-leytenant Şamı Abdullayev açaraq qeyd edib ki, ötən müddət ərzində nazirlik tərəfindən muxtar respublikada qazla iş rejiminə keçirilmiş 751 qazanxanaya texniki baxış olub. 419 mövsümi işçi qazanxana maşinisti ixtisası üzrə peşə kurslarına cəlb olunaraq sertifikat alıb. Hazırda peşə məktəblərində 99 nəfər ocaqçı-maşinist ixtisası üzrə kurs keçir.

Bildirilib ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün 102 ticarət obyektinin sahibkarı və istehlakçılar ilə maarifləndirici söhbətlər aparılıb, onlara bildirişlər təqdim edilib. Təkrar baxış zamanı 16 ticarət obyektində kustar üsulla hazırlanmış qaz başlığının və 23 ədəd təhlükəsizlik qurğusu olmayan mətbəx qaz pilətəsinin satışı dayandırılıb.
Diqqətə çatdırılıb ki, nazirliyin yаşаyış və qеyri-yаşаyış sаhələrində, avtomobil parkları və tехniki qarajlarında, səfərbərlik ehtiyatı anbarında təmir işləri aparılıb. “MACK” və “MAN” markalı xüsusi təyinatlı avtomobillər kompüter diaqnostikasından keçirilib, yanğınsöndürmə avtomobilləri üçün 17 min litr köpükəmələgətirən maye ehtiyatı yaradılıb, 10 avtomobil şini alınıb. Həmçinin Mülki Müdafiə Alayında 3 aylıq ərzaq, əşya və yanacaq-sürtkü materialları tədarük edilib. Cari ilin ötən dövründə yanğın təhlükəsizliyi orqanları tərəfindən 1188 obyektdə əsaslı, 1305 obyektdə nəzəri, 264 obyektdə məqsədli yoxlama keçirilib. Fərdi yaşayış evlərində reydlər zamanı 293 əlavə çəkilmiş elektrik xəttinin, qeyri-standart elektrik qızdırıcısının, 351 şlanqla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz ­sobasının istismarı dayandırılıb.
Vurğulanıb ki, təbii qazdan istifadə zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 335 yaşayış binasının qaz xətlərinə baxış keçirilib, 183 yaşayış binasının qaztənzimləyici qurğularında, 115 yaşayış binasının pilləkən qəfəslərində və qaz sayğaclarında qaz sızmalarının qarşısı alınıb. Qışa hazırlıqla bağlı Naxçıvan şəhərində ictimai yaşayış binalarının zirzəmilərində yoxlama-nəzarət funksiyaları həyata keçirilir. Aparılan tədbirlər nəticəsində muxtar respublikada yanğınlаrın sаyı ötən illə müqаyisədə 60 faiz azalıb, dəm qazından ölüm halları qeydə alınmayıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən müşavirəni nazir Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə digər sahələrlə yanaşı, Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də mühüm tapşırıqlar verilib, fasiləsiz poçt və rabitə xidmətlərinin göstərilməsi üçün mal-material ehtiyatlarının yaradılması tapşırılıb.
Qeyd olunub ki, hazırda payız-qış mövsümü ilə bağlı nəzərdə tutulan işlərin icrası davam etdirilir. Nazirliyin anbarında hazırda 184,5 kilometr fiziki, 79,6 kilometr fiber-optik kabellər var. Bundan əlavə, anbarda qəza halları üçün müxtəlif diametrli kabellərin hər birindən 2 kilometr olmaqla, ehtiyat saxlanılır. Mövsümdən asılı olmayaraq, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin və bloklarının olmasına nəzarət edilir.
Vurğulanıb ki, avadanlıqların qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə olunur. Belə ki, birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan bütün avtomat telefon stansiyaları, radio və televiziya yayım avadanlıqları və digər qurğular xüsusi ayırıcı gərginlik releləri ilə təchiz olunub. Telefon kabellərinin abunəçilərə paylanma nöqtələrinə ildırım və elektrikdən qoruma sistemi olan abunəçi qutuları və paylama şkafları qoyulur.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə mövcud 198 avtomat telefon stansiyasından 26-sı açıq hava tipli, 166-sı əsaslı təmir edilmiş və ya yeni binalarda, 179 poçt məntəqəsindən 173-ü yeni, yaxud əsaslı təmir olunmuş istilik təminatı olan binalarda yerləşir. İstilik sistemi olmayan cəmi 14 iş yeri, o cümlədən 2 radio-televiziya verici stansiyası isə qışda standart elektrik qızdırıcıları ilə qızdırılır.
Bütün generator və akkumulyatorlara mərkəzləşmiş qaydada xidmət olunur, ok­tyabr ayının 25-dək enerjini az saxlayan istismar müddəti ötmüş akkumulyatorların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur.
Nazir deyib ki, yaradılmış imkanlardan istifadə edilməklə hər il olduğu kimi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2019-2020-ci illərin payız-qış mövsümünü də uğurla başa vuracaq, muxtar respublikanın telekommunikasiya, poçt, radio-televiziya yayımı və internet sahəsinin dayanıqlı və keyfiyyətli işi təmin ediləcəkdir.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.
Müzakirə olunan məsələ ilə bağlı Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov çıxış edərək bildirib ki, idarə tərəfindən mövsümə hazırlıqla əlaqədar mərkəzləşdirilmiş, eləcə də fərdi qazan­xanalara baxış keçirilib, cari və əsaslı təmirə ehtiyacı olan qazanxanalar müəyyənləşdirilib və bir sıra tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, bu payız-qış mövsümündə də 5 mərkəzləşmiş, 38 fərdi qazanxana vasitəsi ilə 173 yaşayış binası, 7634 mənzil, 30 inzibati bina istiliklə təmin olunacaq. Qazan­xanalarda çalışan ocaqçılar peşə kurslarına cəlb olunub, onlar üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır.
Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Mahmud Əbilsoy çıxışında qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə şəbəkədə istismar olunan 113 qaz quyusuna baxış keçirilib, diametri 50 millimetrlik 5 istismara yararsız qaz kranı yenisi ilə əvəz olunub, 85 qaz quyusu çöküntüdən təmizlənib.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru Ələkbər Kərimov bildirib ki, ötən 8 ay ərzində əhalinin elektrik enerjisi verilişi təchizatının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 96 elektrik hava xətti dirəyi quraşdırılıb, 2,9 kilometr uzunluğunda yeni xətt çəkilib. Qəzalı vəziyyətdə olan 100-dən artıq dirəyə beton altlıqlar vurulub, əsaslı təmir işləri aparılıb. Həmçinin 2019-cu ilin 8 ayı ərzində 446 smartkarttipli sayğac quraşdırılıb, Naxçıvan şəhərinə və inzibati ərazi dairələrinə quraşdırılan smartkarttipli elektrik sayğaclarının sayı 22 min 797-yə çatdırılıb.
Müşavirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri Təranə Cəfərova mövsümə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qeyd edib ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatları tərəfindən yüksək səviyyədə təmin edilməli, mövsümə hazırlıq işləri vaxtında aparılmalı, yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət ­artırılmalıdır.

*  *  *

 

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirəsini xidmətin rəisi Əli Hüseynəliyev açıb. Bildirib ki, qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək, eləcə də payız-qış mövsümünü qüsursuz başa vurmaq üçün hazırlıq işlərinə başlanılıb.
Xidmətin payız-qış mövsümünə hazırlıq komissiyası tərəfindən Sədərək rayonunun Sədərək kəndinə, Şərur rayonunun Havuş, Şahbulaq, Yuxarı Yaycı, Babək rayonunun Gərməçataq, Ordubad rayonunun Unus, Tivi, Parağa, Şahbuz rayonunun Ağbulaq və digər ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahiblərinə lazımi köməklik göstərilib. Sədərək rayonunun Heydər­abad qəsəbəsindən Naxçıvan şəhərinə yeni marşrut xətti açılıb.
Vurğulanıb ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi tərəfindən şəhərdaxili mövsümlə əlaqədar yarana biləcək problemlərin həll edilməsi məqsədilə mexanik və çilingərlərdən ibarət təmir briqadası yaradılıb, idarənin təmir sexləri hazır vəziyyətə gətirilib. Həmçinin payız-qış aylarında avto­nəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, avtobusların sürət həddinə və hərəkət cədvəlinə nəzarət olunması məqsədilə idarənin balansındakı 57 nəqliyyat vasitəsinə GPS monitorinq izləmə sistemi quraşdırılıb.
Bildirilib ki, beynəlxalq sərnişindaşıma xidmətinin fəaliyyəti də diqqətdə saxlanılıb, İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların mövsüm ərzində fasiləsiz fəaliyyət göstərməsini təmin etmək üçün texniki müayinə tədbirləri aparılıb, zəruri təmir işləri vaxtlı-vaxtında həyata keçirilib. Muxtar respublika rəhbərinin tapşırığı ilə bu xətdə işləyən avtobusların gömrük nəzarətindən keçməsinin daha da sadələşdirilməsi, monitorların Naxçıvan Avtovağzalında quraşdırılması qış aylarında sərnişinlərin bu marşrutdan rahat istifadəsinə şərait yaradacaqdır. Bundan başqa, avtovağzalların fəaliyyətinin daha da genişləndirilməsi, balanslarında olan tikililərin, yaşıllıq ərazilərinin yüksək səviyyədə saxlanılması və sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR