18 Oktyabr 2019, Cümə

Həqiqətən də, Naxçıvanın son 25-30 ildə keçdiyi yolu təhlil edəndə açıq-aydın görünür ki, çox çətin və olduqca mürəkkəb bir dönəm bütün sahələrdə mütərəqqi yeniliklərin tətbiqi və qədim diyarın hərtərəfli inkişaf yoluna çıxması ilə başa çatıb. Ərzaq, enerji, müdafiə təhlükəsizliyi tam təmin olunmaqla gələcək inkişaf perspektivləri üçün də güclü əsaslar yaradılıb...

Diqqətdən yayınmayan ən önəmli amillərdən biri də, heç şübhəsiz, muxtar respublikanın informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdir. Xatırlayırıq ki, ötən əsrin 90-cı illərində ciddi blokada buxovları ilə üzləşən Naxçıvan həm də informasiya blokadasına düşmüş, Ermənistanın işğalçılığı nəticəsində bütün rabitə-kommunikasiya xətləri iflic olmuşdu. Üstəlik, ozamankı AXC-Müsavat hakimiyyəti dönəmində Naxçıvan televiziyasına hücum edilmiş, mətbəə və qəzetçilik fəaliyyəti də böhranlı dönəmə daxil olmuşdu. Lakin ulu öndər Heydər Əliyev Naxçıvandan başlanan müstəqillik missiyasını sonrakı mərhələdə bütün Azərbaycanboyu davam etdirmiş, müstəqilliyin əsas elementlərindən biri olan azad mətbuat və teleradionun inkişafı istiqamətində vahid konsepsiyaya əsaslanan ardıcıl tədbirlər həyata ­keçirilmişdir.
Fikrimcə, sadalanan çətin dönəmlərdən uğurla çıxaraq günümüzdə öz yeri və mövqeyi ilə seçilən Naxçıvan mediası bu gün nəinki ölkə, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Bu modelin qurucusu və yaradıcısı isə medianın yaxın dostu və qayğıkeşi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur. Son 20 ildə Naxçıvan mediasında müxtəlif məsul vəzifələrdə çalışmış biri olaraq qətiyyətlə deyə bilərəm ki, Ali Məclisin Sədri təkcə medianın güclü maddi-texniki bazasını yaratmamış, həm də gələcək onilliklərə hesablanmış mütərəqqi ideoloji əsaslarını işləyib hazırlamışdır. Ona görə də Naxçıvanın iqtisadiyyatı, ordusu, idarəetmə sistemi, ictimai-mədəni mühiti kimi onun mediası da bu gün nümunə kimi göstərilir. Ötən müddətdə jurnalistlərlə dəfələrlə görüşən, onları mükafatlandıran, qayğı və problemlərini həll edən, kütləvi informasiya orqanlarının inkişafı ilə əlaqədar müşavirələr keçirən, öz tapşırıq və tövsiyələrini verən Ali Məclisin Sədri həm də bu sahədə artıq yeni bir dəstxət yaradan yüzlərlə qələm sahibinin də yetişib formalaşmasının əsas səbəbkarıdır.
Təbii ki, hər bir ideya real, konkret işdə öz təsdiqini tapdığı kimi, Ali Məclis Sədrinin də Naxçıvan mediasının inkişafı istiqamətində həyata keçirdiyi sistemli tədbirlər də konkret faktlarda açıq-aydın görünür. Gəlin baxaq:
– Naxçıvan iqtisadiyyatının hələ zəif olduğu 1995-2000-ci illərdə belə, Ali Məclisin Sədri “Şərq qapısı”, rayon və şəhər qəzetlərinin maddi­-texniki vəziyyətinin yaxşılaşdırılması barədə xüsusi sərəncam vermiş, Naxçıvan tele­radiosuna o dövr üçün ən müasir olan avadanlıqlar alınmış, televiziya müstəqil kanalda yayımlanmağa başlamışdır;
– 2001-ci ildə “Naxçıvanın səsi” radiosu, 2004-cü ildə isə “Kanal-35” televiziyası ­yaradılmışdır;
– Sonrakı dönəmdə KİV fəaliyyətinin mühüm tənzimləmə və hüquqi əsasları yaradılmış, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası təşkil olunmuşdur;
– 2001-ci ildə Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası açılmış, tədrisyönümlü televiziya və radio fəaliyyətə başlamışdır;
– “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin tikilməsi və burada Almaniya istehsalı olan ən son çap texnologiyasının tətbiqi qəzet və digər nəşrlərin ən yüksək standartda buraxılmasını təmin etmiş, eləcə də “Şərq qapısı” qəzetinin əməkdaşları üçün ideal iş şəraiti yaradılmışdır;
– Naxçıvan teleradiosunun binası əsaslı yenidən qurulmuş, ən yüksəkkeyfiyyətli yayım və çəkiliş avadanlıqları alınmışdır.
– Naxçıvan teleradiosu ölkəmizdə ilk dəfə HD yayıma keçmiş, 2011-ci ildən etibarən isə muxtar respublikada rəqəmsal yayımın tətbiqinə başlanılmışdır;
– Naxçıvan televiziyasının efir vaxtı ­mər­hələ-mərhələ artırılaraq 3 saatdan 19 saata ­çatdırılmışdır;
– 2016-cı ildən Naxçıvan televiziyasının internet üzərindən yayımının təşkili, 2018-ci ildə isə 3 dildə xəbər yayan “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması muxtar respublikanın informasiya blokadasını tamamilə yarmışdır. Bu həm də düşmən qüvvələrlə informasiya savaşında öndə olmağa və onları bu mübarizədə udmağa hesablanmış çox strateji bir addım kimi tarixə yazılmışdır;
– Bütün dövlət orqanlarında mətbuat xidmətlərinin, muxtar respublikanın rayonlarında isə Naxçıvan televiziyasının müxbir postlarının yaradılması informasiya mübadiləsində və onun operativ yayılmasında müstəsna əhəmiyyət kəsb etmişdir;
– 2017-ci ildən Naxçıvan televiziyasında, eləcə də Naxçıvan Dövlət Radiosunda xəbərlərin ingilis və rus dillərində təqdimatına başlanmış, bununla da Naxçıvan həqiqətlərinin ölkəmizin hüdudlarından kənara çatdırılması üçün daha bir ciddi əsas yaradılmışdır;
– Naxçıvan televiziyasında son 5 ildə qədim diyarın tarix və mədəniyyətini, görkəmli ­şəxsiyyətlərini, müasir həyatını əks etdirən 103 sənədli və televiziya filmi çəkilmiş, verilişlərin məzmun və keyfiyyətinin yüksəldilməsi hesabına izləyici sayı xeyli artırılmışdır;
– “Şərq qapısı” qəzetinin yeni internet saytı yaradılmış, bununla da qəzet öz oxucuları ilə onlayn görüşmək imkanı əldə ­etmişdir...
– Onlayn medianın inkişafı və muxtar respublikanın 100 faiz internetlə təminatı sosial şəbəkələrdə aktivliyi də xeyli artırmışdır. Təkcə Naxçıvan televiziyasının sosial şəbəkə hesablarının ölkəmizdə və dünyada 200 mindən artıq izləyicisi vardır. Bunun nəticəsidir ki, indi dünyanın “Əl-Cəzirə”, “BBC”, “Yevronyus”, “TRT-Vorld” kimi mühüm media korporasiyaları Naxçıvana maraq göstərir, diyarımızla bağlı hazırladıqları film və informasiyaları öz izləyicilərinə çatdırır, Naxçıvanın yüksək turizm potensialını təbliğ edirlər;
– Naxçıvan televiziyası “Azərtac”, “Səs”, “AZTV”, “Lider” kimi ölkəmizin qabaqcıl media resursları ilə qarşılıqlı əməkdaşlıq edir, Naxçıvanda yaşayan jurnalistlər müntəzəm olaraq Bakıda nəşr edilən qəzetlərdə maraqlı məqalə və publisistik yazılarla gündəmə gəlirlər...
Təbii ki, bir qismini sadaladığım bu mühüm faktlar bir daha təsdiq edir ki, ötən müddətdə Naxçıvan mediasının inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilib. Etiraf etmək lazımdır ki, əvvəlki dövrlərdə zəif olan təbliğat maşınımız həyata keçirilən bu qətiyyətli tədbirlər nəticəsində öz gücünü xeyli artıraraq vacib bir ideoloji vasitəyə çevrilə bilib. İndi biz operativ və peşəkar­lıqda rəqiblərimizi, eləcə də xaricdəki düşmən qüvvələrini xeyli qabaqlayırıq. Yalanın və Naxçıvan əleyhinə illərdir, aparılan çirkin kampaniyaların qarşısını qətiyyətlə alırıq. Necə deyərlər, artıq döyüşə uzaq hədəflərə hesablanmış “ağır artilleriya” ilə girə bilirik. Dünyada dördüncü hakimiyyət, dördüncü güc hesab olunan medianın ön cərgəsində bu gün klassik ənənələri yaşadan və öz dəstxəti ilə seçilən Naxçıvan mediası da vardır!
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Ali Məclisin Sədri özünün iş prinsipi və idarəetmə fəlsəfəsində hər zaman davamlılığı, eləcə də gələcəkdə əldə olunacaq nəticələri əsas ­götürür. Bu mənada, cənab Sədrin 2019-cu il 19 sentyabr tarixdə imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Naxçıvan mediasının inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, kütləvi informasiya vasitələrinin davamlı inkişafı ilə şərtlənir. Bu fond həm də Naxçıvan mediasında daha məsul olan yeni bir mərhələnin başlamasına işarədir. Fondun Müşahidə Şurasına öz sahəsində kifayət qədər təcrübəyə malik olan həmkarlarımızın təsdiq edilməsi də deyilənlərin sübutudur.
Yuxarıda vurğuladığım kimi, bu vacib addım və verilən qərar həm də bir davamlılıqdır.
Uğurlarımız davamlı olsun!

Sahil Tahirli
jurnalist

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR