27 Oktyabr 2020, Çərşənbə axşamı

Sədərək döyüşlərinin “el qızı” oçerk

1988-ci ilin ortaları idi. Şərurun isti yay günləri bir-birini əvəzləyirdi. Qeybəliyevlərin ailəsində səhər süfrəsi ətrafında 6 övlad, Adil və Nəzifə xanım əyləşmişdilər. Az sonra Adil tapşırıq üzrə maşın təmiri üçün Bakıya yollanacaqdı. İki övladını da özü ilə aparacağına söz vermişdi. Nəzifə bu gün Adilin getməyinə razı deyildi. Eşitmişdi ki, yollar təhlükəlidir. “Bəlkə, başqa vaxt gedəsən, bu gün nəsə ürəyimə yaxşı şeylər gəlmir”,  – desə də, Adil onu toxtatmağa çalışırdı.

Nəzifə səhər yeməyindən sonra ailə üzvlərini bağrına basıb həsrət dolu baxışlarla onları yolun sonuna qədər gözləri ilə izlədi. “UAZ” markalı maşın gözdən itsə də, evə girməyə ona nələrsə maneə olurdu. Sanki əvvəlcədən pis xəbərlər alacağını hiss etmişdi. Ürəyinə qarışıq fikirlər gəlirdi. Qəribə hadisələr, səhnələr canlanırdı gözlərinin önündə. “Lənət şeytana”, – deyib, ağlına gələn pis fikirləri özündən uzaqlaşdırmağa çalışsa da, gözlərindən ixtiyarsız axan göz yaşlarına hakim ola bilmirdi. Başını ev işləri ilə qatmağa başladı. Çünki nə vaxt fikirli olsa, ev işləri görmək onu bir qədər fikirdən uzaqlaşdırırdı. Amma bir tərəfdən də gözü telefon aparatında qalmışdı. Sanki pis xəbər bu saat gələcəkdi. İki günü necə başa vurdu, özü də bilmədi.

Üçüncü günün axşamı idi. Günün bu vədəsinin ala-boz qaranlığı, ətrafın dözülməz sakitliyi onu lap həyəcanlandırırdı. Saatın əqrəbi 10-u göstərirdi. Qapı bərkdən döyüldü. Bu taqqıltı Adilin qapı döyməsinə oxşamırdı. O heç vaxt qapını belə möhkəm döyməzdi. Ona görə də yerində donub qalan Nəzifə qapıya getmək istəmirdi. Ancaq asta-asta yaxınlaşıb qapını açdı. Yoldaşının ağır yaralı vəziyyətdə gətirildiyini görəndə huşunu itirməkdən güclə saxladı. Ürəyinə gələn başına gəlmişdi. Sən demə, yolda mənfur düşmən erməni dəstələri maşına basqın edib Adili möhkəmcə döymüş, cibində olan-qalan pulunu da əlindən almışdılar... Qan içində olan Adilin gözləri Nəzifənin gözlərinin içinə zillənmişdi. Bu baxışlarda nələr yox idi? Uşaqlar sənə əmanət, onlara yaxşı bax! Sən onlara həm ana, həm də ata ol, Nəzifə. Qoru onları! Vətən təhlükədədir!
Böyrəyindən aldığı ağır yaralardan Adil çox yaşaya bilməzdi. Bunu tibb bacısı kimi Nəzifə çox yaxşı başa düşürdü. Özünə ümid verirdi ki, hər şey yaxşı olacaq, bir tərəfdən də həyat yoldaşının düşmən əliylə bu cür yaralanması onu çox sarsıdırdı... Uzun xəstəlikdən sonra Adil dünyasını dəyişdi.
Nəzifə yoldaşının son nəfəsində çəkdiyi əzabları göz önünə gətirir, ona verdiyi sözləri təkrarlayırdı: “Ömrümün sonuna, damarlarında axan son damla qanıma kimi mənfur ermənilərlə mübarizə aparacaq, Vətənim uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşəcək, yaralı Azərbaycan oğullarını döyüş meydanından xilas edəcək, düşməni yana-yana qoyacağam. Həm döyüşçü, həm də tibb bacısı kimi əlimdən gələni mərdcəsinə yerinə yetirəcəyəm. Nəzifə hər gecə yatanda bu sözləri kəlmeyi-şəhadətinə çevirmişdi. İçindəki Vətən sevgisi, mənfur düşməndən intiqam almaq hissi onu döyüşə, mübarizəyə səsləyirdi. Nəzifə üçün Vətən bütün məramlardan ülvi, bütün sevgilərdən ali idi.
Qarlı gecələrdən biri idi. Gözlərinə yuxu getmirdi. Uşaqlar çoxdan yatmışdılar. Bir anlıq yoldaşının ölümünü xatırlayıb Nəzifə son qərarını verdi. Bu qərar onu torpaq uğrunda gedən döyüşlərdə iştirak etməyə çağırırdı. Axı onun Vətənə borcu vardı, yoldaşına söz vermişdi. Onları tutmalı idi. Vətən onu çağırırdı. Hansı yolla olur-olsun getməli idi.
Səhərin açılmasını gözləməyə başladı. Cəmi 14 yaşı olan qızına hər şeyi izah edib, bacı-qardaşlarını ona tapşırıb, paltarlarını yol çantasına, tibbi ləvazimatlarını isə çantaya yerləşdirib evdən çıxdı. Birbaşa Sərhəd Dəstəsinə gəlib döyüşə getmək istədiyini bildirsə də, müsbət cavab ala bilmədi. Fikrində çox qərarlı olan Nəzifə döyüşə necə olur-olsun, getməli idi. Vətənə qarşı sevgisinin önündə heç nə dura bilməzdi. Çünki onun bir amalı vardı: həm döyüşəcək, həm də yaralılara tibb bacısı kimi kömək edəcəkdi. Vətənin dar günündə onların imdadına çatacaqdı. Yoldaşına tibbi yardımı vaxtında göstərə bilməsə də, indi neçə Vətən övladının həyatını xilas edib öz mənəvi borcunu, vətənpərvərlik missiyasını yerinə yetirəcəkdi. Nəzifə qonşuluqda yaşayan taksi sürücüsü Yusifə Sədərəyə getmək istədiyini söylədi. Yusif: “Ay qonşu, sənin nə işin var orada? Orada ki, qızğın müharibə gedir, yazığın gəlmir özünə? Balalarını anasız qoyma!” Nəzifə bu sözləri eşitmirdi, fikri döyüş yanında qalmışdı.

Sədərəyə çathaçatda müharibənin toz-dumanı, güllələrin ətrafı bürüyən səs-küyü buradakı vəziyyətdən xəbər verirdi. Maşının şüşələrini qaraldan tüstü yolda hərəkəti də çətinləşdirirdi. Sürücünün gözlərindəki həyəcan aşkar hiss olunurdu. Dili dolaşa-dolaşa Nəzifəni bu fikrindən nə qədər yayındırmağa çalışsa da, bacarmadı. Nəzifənin döyüşə getdiyi günün axşamı bərk qar yağırdı. Koroğlu bulağı tərəfdə qızğın atışma səsləri eşidilirdi. Güllələr yağış kimi səpələnirdi. Soyuğun adamı qılınc kimi kəsməsi, yağan qarın hərəkəti çətinləşdirməsi döyüşçülər üçün də çətinlik yaratmışdı. Nəzifə zamanında onların köməyinə gəlmişdi. O, bir ana qayğısı ilə onların yeməklərini vaxtında verir, silahların daşınmasına köməklik edir, paltarlarını nizamlayır, qarı əridib su halına gətirərək döyüşçülərin imdadına çatırdı. Nəzifə bu döyüşdə aldığı “el qızı” ləqəbi ilə müharibənin ilk qadın qəhrəmanlarından idi ki, qorxu nədir bilmirdi. O, güllə yağışı altında yaralılara vaxtında tibbi yardım göstərir, xəsarət almış oğullarımızı səngərə zamanında çatdırırdı. Şəhidlik zirvəsinə ucalanların son baxışlarını yaddaşına yazır, igid oğullarımızın döyüşlərini iftixarla izləyirdi.

Həmin gün çörək azalmışdı. Hər çətinlikdən çıxış yolu tapan Nəzifə butulka ilə xəmiri yayıb, ocaq qurub lavaş bişirirdi. Hər kəs “el qızı”nın bişirdiyi çörəyi səbirsizliklə gözləyirdi. Ardı-arası kəsilməyən top səsləri lap şiddətlənmişdi. Bunu eşidən Nəzifə əlindəki işini yarımçıq qoyub təlaşla səngərə tərəf qaçdı. Yerdə yaralı var idi. Güllələrin, açılan top atəşlərinin fərqinə varmayan tibb bacısı yerdə uzanmış cansız bədənə tərəf süründü. Əmisi oğlu Azər Seyidovun vurulmasına dözə bilməyib döyüşün düz ortasına atılan, güllə yağışına məhəl qoymadan düşmənləri məhv edən Məhərrəm Seyidov çox ağır yaralanmışdı. Nəzifə ilk tibbi yardım göstərərək onu Şərur rayon xəstəxanasına çatdırsa da, igid eloğlumuzu ölümün pəncəsindən xilas edə bilmədilər. “El qızı” səngərə yenicə çatıb elə yaralılara yardım edirdi ki, Məhərrəm Seyidovun qəhrəmancasına şəhid olması xəbəri gəldi. Ardınca neçə belə oğullarımız şəhidlik zirvəsinə ucaldılar. Abbasəli Nəzərəliyev də Nəzifənin yaralı kimi imdadına yetişdiyi, lakin şəhidlik zirvəsinə ucalanlar arasında vardı. Ürəyindən bir güllə yarası alan Abbasəlinin son sözü “Ay ana” kəlməsi, olmuşdu. Həmin ərəfədə Nəzifənin özü 8 yerdən güllə yarası almasına baxmayaraq, gözünün önündə şəhidlik zirvəsinə ucalanların mərdliyi ona öz yaralarını, ağrılarını unutdurmuşdu...
Hələ 1992-ci ildə ümummilli lider Heydər Əliyev döyüş bölgələrində olduğu zaman Nəzifənin igidliyindən danışaraq, onun bu qəhrəmanlığını yüksək qiymətləndirmişdi. 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərinin Əliabad qəsəbəsində müharibə veteranları üçün inşa olunmuş binadakı mənzillərdən birini ona vermiş, daha sonra bu igid “el qızı”na “OKA” markalı maşın da təqdim olunmuşdu. İndi həmin mənzilin pəncərəsindən hər gün Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli müqəddəs bayrağımıza baxır, 2016-cı ildə şəhidlik zirvəsinə ucalan və yaxınlıqdakı qəbiristanlıqda dəfn olunan Qabil Orucəliyevin qəbrini “seyr edir”. Yaycı, Günnüt, Koroğlu bulağı, Əjdərkanın müdafiəsində yaxından iştirak edən, qırmızılar dəstəsinin qəhrəman üzvü, Sədərəyin müdafiəsində misilsiz xidmətləri ilə döyüş iştirakçılarının, şahidlərin qəlbində ucalmış “el qızı” bu gün o hadisələri tez-tez xatırlayır, döyüş səhnələrini gözləri önünə gətirir. Sərhəd bölgələrimizin qüdrətli ordumuz tərfindən müdafiəsi nəticəsində əmin-amanlığın həmişəlik bərqərar olmasından fəxarətlə söhbət açır. İnanır ki, bu gün ona hərtərəfli qayğı göstərən, güclü hərbi strategiyaya malik dövlətimiz işğal altında olan torpaqlarımızı geri alacaq, ərazi bütövlüyümüz təmin olunacaq... Çünki Vətən sevgidir. Müqəddəslik andıdır.

Türkan HÜSEYNLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR